...

"Azərbaycan və İran arasında ticarət dövriyyəsinin 10 milyard dollara qədər artacağına inanıram"

Siyasət Materials 7 Noyabr 2014 13:54 (UTC +04:00)
"İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 10 milyard dollara qədər artırılması üçün hər iki ölkədə geniş potensial var və buna nail olacağımıza inanıram".
"Azərbaycan və İran arasında ticarət dövriyyəsinin 10 milyard dollara qədər artacağına inanıram"

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

"İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 10 milyard dollara qədər artırılması üçün hər iki ölkədə geniş potensial var və buna nail olacağımıza inanıram". Bunu Trend-ə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi deyib.

M.Vaezi bildirib: "İki ölkə arasında əlaqələrin gələcəyini yaxşı görürəm və bu əlaqələrin inkişaf edəcəyinə inanıram, lakin əlaqələrin arzuolunan inkişafına çatmaq üçün bir sıra işlər görülməlidir".

İran rəsmisi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün İran və Azərbaycanın bank və gömrük sahələrində əlaqələrinin tənzimlənməsini, yükdaşımalar üçün əlverişli şərait yaradılmasını, hər iki ölkənin özəl sektorunun əməkdaşlığının artırılmasını zəruri hesab edib.

M.Vaezi Azərbaycan və İranın neft, qaz, elektrik enerjisi sahəsində də əməkdaşlığının artırılmasından danışıb və deyib ki, Azərbaycan və İranda qarşılıqlı investisiyaların həcmi artırılmalıdır: "İki ölkə arasında qarşılıqlı investiyaların yatırılması sahəsində öncədən imzalanmış sənəd var və bu sənəd hələdə qüvvədədir."

Onun sözlərinə görə, noyabrın 12-də İran Prezidenti Həsən Ruhani Azərbaycana ikigünlük səfər edəcək. "Bizim səfərimiz zamanı məhz prezidentin səfəri zamanı imzalanacaq sənədlərin müzakirəsi və bəzi məsələlərin razılaşdırılması nəzərdə tutulub. Bu sənədlər siyasi, mədəniyyət, turizm, ticarət, sığorta, iqtisadi əməkdaşlıq, Azərbaycandan elektrik enerjisinin alışı, gömrük prosedurlarının sadələşdirilməsi kimi sahələrdədir. Bunlardan bəziləri memorandum, bəziləri də müqavilədir".

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 10 sənəd imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti