...

Ərdoğan islamçıları tərksilah edir?

Siyasət Materials 25 Dekabr 2014 09:58 (UTC +04:00)
Prezident Ərdoğan islamçıları tərksilah edir?
Ərdoğan islamçıları tərksilah edir?

Ərəb xəbərlər xidmətinin rəhbəri
Rufiz Hafizoğlu - Trend

Mustafa Kamal Atatürkün dünyəvi dövlət düşüncəsi üzərində inşa edilən Türkiyədə bir zamanlar din amili arxa planda olsa da, səkkizinci prezident Turqut Özalın zamanından başlayaraq, siyasi İslam yenidən ölkə gündəminə qayıtdı. "Milli Görüş" hərəkatının banisi olan Baş nazir Nəcməddin Ərbakanın hakimiyyət illərində isə siyasi İslam Türkiyədə ciddi yüksəlişə qədəm qoydu.

Hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) 2002-ci ildəki siyasi triumfunun başlıca səbəbi hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın "Milli Görüş" hərəkatından ayrılmaqla Yaxın Şərqdəki bir çox İslam axınlarından olan "şeyx-mürid" düşüncəsindən uzaqlaşması oldu. Siyasi triumfun digər səbəblərindən biri isə Fətullah Gülən hərəkatının AKP-yə dəstək verməsi idi.

İslam partiyası olmayan AKP-nin 2002-ci ildə hakimiyyətə gəlməsindən sonra siyasi İslam və İslam düşüncəsi Türkiyənin siyasi həyatının ayrılmaz hissəsinə çevrildi. Hətta ölkənin ana müxalifəti hesab edilən Cümhuriyyət Xalq Partiyası (CHP) belə zaman-zaman ölkədəki dindar təbəqəyə yönəlmiş daxili islahatlar aparmaq məcburiyyətində qaldı.

Bu gün isə Türkiyədə hər şey daha fərqlidir. Belə ki, bir vaxtlar eyni amal və hədəf uğrunda çalışanlar artıq fərqli düşüncədədirlər. Dolayısı ilə, köhnə dostlar düşmənə çevrildilər. Hətta ölkənin təbii sərvətlər və energetika naziri Taner Yıldız "bir yerdə çörək kəsdiyimiz insanlar bizə xəyanət etdi" deyə açıqlama verdi.

Maraqlıdır, görəsən Türkiyə hakimiyyəti ilə Fətullah Gülən və ümumilikdə Gülən hərəkatı arasında uçurumun dərinləşməsinə səbəb nədir?

Təbii ki, ən başlıca səbəblərdən biri bir vaxtlar Baş nazir olan Ərdoğanın İranla yaxınlaşmaqla yanaşı, İsrail əleyhinə və daha müstəqil siyasət yürütməsi oldu. Bu isə İran əleyhdarı və İsrail dostu olan Gülən üçün gələcək hədəflərin reallaşması baxımından qəbuledilməzdir.

Təbii ki, Ərdoğanın bu "özbaşnalığı" cəzasız qalmadı və ölkəni siyasi xaosa sürükləyən bir çox hadisələr yaşandı. Bu xaosun əsas hədəfi maraqlı tərəflərin bütün vasitələrdən istifadə edərək Ərdoğan və komandasını istefaya məcbur etməsi idi. AKP-nin siyasi arenadan uzaqlaşmasından sonra isə ABŞ-da olan Gülənin İrandakı Ruhullah Musəvi Xomeyni kimi Türkiyəyə gətirilməsi ehtimallar arasında idi.

Baş verənlərin nəticəsi olaraq Türkiyə məhkəməsi hadisələri uzaqdan idarə etməklə kifayətlənən Gülənin həbsi üçün qərar verdi. Bu qərar Türkiyədə birmənalı qarşılanmadı. Bir çox siyasi analitiklər bunu Prezident Ərdoğanın ölkədəki bütün islamçıları "tərksilah" etməyə yönəlmiş addımı kimi qiymətləndirdilər.

Hadisələri diqqətlə izlədikdə isə məqsədin islamçıları ayıltmaq olduğunu görmək olar. Ən azından ona görə ki, məhz baş verən hadisələrdən sonra ölkədəki ənənəvi "Nurçular" (Səid Nursi davamçıları) Ərdoğana qarşı Gülənlə qəti fikirayrılığında olduqlarını açıqladılar.

Gülən hərəkatının simasında Türkiyəyə yönəlmiş planların ifşa olunmasında Baş nazirin müavini Bəşir Atalay və ölkə kəşfiyyatının (MİT) rəhbəri Hakan Fidanın xidmətləri danılmazdır.

Gülənin həbsi ilə bağlı qərardan sonra hakimiyyət üçün ən önəmli məsələlərdən biri postmodern "inqilab" liderinin ABŞ-dan ölkəyə ekstradisiyası məsələsidir. Türkiyə rəsmiləri Gülənin ekstradisiyası üçün hər cür addım atacaqlarını bildirsələr də, ABŞ bunun mümkün olmayacağını açıqlayıb.

ABŞ-ın himayəsində olan Gülən və tərəfdarlarının siyasi xaos yaratmaq "təcrübəsi" və Türkiyədə 2015-ci ilin iyununda gözlənilən parlament seçkiləri nəzərə alınsa, əminliklə söyləmək olar ki, yaxın vaxtlarda Gülənin ekstradisiyası gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti