...

Nazim İbrahimov: Problemlərdən kənara qaçmağı yox, onların üzərinə getməyi üstün tuturuq (MÜSAHİBƏ)

Siyasət Materials 26 Dekabr 2014 10:19 (UTC +04:00)
Əvvəlcə təşəkkür edirəm ki, komitənin fəaliyyətinin təbliğinə diqqət göstərirsiniz və diasporlarımızın gücləndirilməsi istiqamətində KİV olaraq bizə dəstək veririsiniz.
Nazim İbrahimov: Problemlərdən kənara qaçmağı yox, onların üzərinə getməyi üstün tuturuq (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Trend-ə müsahibəsi

Əsas məqsədlərdən birinə - azərbaycanlıların təşkilatlanmasına nail olunub

- Dövlət Komitəsinin yaradılmasından artıq 12 ildən də çox müddət keçib. Komitənin bu illər ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz? Qarşıya qoyulan məqsəd və vəzifələrə nə dərəcədə nail olunub?

- Əvvəlcə təşəkkür edirəm ki, komitənin fəaliyyətinin təbliğinə diqqət göstərirsiniz və diasporlarımızın gücləndirilməsi istiqamətində KİV olaraq bizə dəstək veririsiniz. Ümumiyyətlə isə, Azərbaycan diasporunun fəaliyyətini, təşkilatlanma səviyyəsini, əldə olunmuş uğurları təhlil edərkən az vaxtda xeyli işlər görüldüyü aydın olur.

Bilirsiniz ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması azərbaycançılıq ideyasının təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, təşkilatlanması məqsədinə xidmət edirdi. Ümummillli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra xaricdəki azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Hesab edirəm ki, bu illər ərzində əsas məqsədlərdən birinə - azərbaycanlıların təşkilatlanmasına nail olunub. Bu istiqamətdə dünya azərbaycanlılarının qurultaylarının keçirilməsini, onların əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirən "Dünya azərbaycanlılarının həmrəylik xartiyası"nın qəbul olunmasını, türkdilli xalqların diaspor təşkilatları ilə əlaqələrin qurulmasını, birgə fəaliyyət strategiyasının qəbul edilməsini xüsusi vurğulamaq istərdim. Diaspor quruculuğu üçün qısa müddət hesab edilən ötən dövr ərzində biz dünyadakı azərbaycanlıların birliyini təmin edə bilmişik və qarşımıza qoyulan ilkin məqsədlərə çatmışıq. Üstəlik, dediyim ki, Azərbaycan diasporunun təşkilatlanması işini başa vurmaqla bərabər türkdilli xalqlarının diasporları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına nail ola bilmişik.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarına müraciətində diaspor sahəsində aparılan işlərin öz bəhrəsini verdiyi vurğulanır, xaricdəki soydaşlarımızın məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini möhkəmləndirməsi, ölkəmizin dünyaya tanıdılması, zəngin mədəniyyətimizin təbliği sahəsində, bəzi qüvvələrin dövlətimiz və xalqımızın əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlərin görüldüyü qeyd olunur. Azərbaycan Prezidentinin tövsiyələri diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət mexanizmlərinin yaradılması üçün qarşımızda yeni vəzifələr qoyur.

Problemlərdən kənara qaçmağı yox, onların üzərinə getməyi üstün tuturuq

- Bəs özünüz öz işinizə tənqidi yanaşsanız, ilk növbədə, nələri qeyd edərdiniz?

- Əksər normal fəaliyyət təcrübəsində işə tənqidi yanaşmaq qəti bir prinsipdir. Əks halda, hesab edirəm ki, nəyəsə nail olmaq mümkünsüzdür. Biz daimi Dövlət Komitəsinin, eləcə də diaspor təşkilatlarımızın fəzliyyətinin müxtəlif istiqamətlərinə dair təhlillər aparırırq, zəif nöqtələrin harada olduğunu müəyyənləşdirməyə çalışırıq və gəldiyimiz nəticələr əsasında da işimizi qururuq. Təbii ki, bəzi problemləri həll etmək mümkün olur, bəzən isə elə məsələlər ortaya çıxır ki, onların həlli bizdən, yaxud diapor təşkilatlarından asılı olmur. Ancaq istənilən halda biz problemlərdən kənara qaçmağı yox, onların üzərinə getməyi üstün tuturuq.

Erməni uydurmalarını ciddi qəbul edəcək dairələrin sayı olduqca azdır

- Ermənistan dövləti, dünya erməniləri və lobbisi uydurma "erməni soyqırımı"nın yüzüncü ildönümünü qeyd etməyə hazırlaşır. Bu yalanın ifşa edilməsi, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı dünya ictimaiyyətinin məlumatlandırılması və bu hadisələrin soyqırım kimi qəbul etdirilməsi istiqamətində Dövlət Komitəsi və Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları konkret hansı işləri görür?

- Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi ilk növbədə Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb. Hədəflərimizə çatmaq üçün isə ardıcıl olaraq ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız ildən-ilə təbliğat işini daha da genişləndirir. Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayının artması, ABŞ-ın 13 ştatının Xocalıda baş verənləri soyqırım kimi qəbul etməsi Azərbaycan diasporunun fəaliyyətinin nəticəsi idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" kampaniyası da bu sahədə görülən işlərin səmərəsini artırıb. Bundan başqa, diaspor təşkilatlarımız hər il dünyanın bir çox ölkəsində Xocalı soyqrımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəltməyə çalışırlar.

Əlbəttə ki, bu proses davamlıdır və hesab edirəm ki, indiyə qədər bu sahədə görülmüş işlər, erməni təbliğatının təsirini xeyli dərəcədə azaldıb. Biz ermənilərlə təbliğat mübarizəsinin elə bir həddinə gəlib çatmışıq ki, mənim fikrimcə, beynəlxalq ictimai rəydə erməni uydurmalarını qəbul edəcək və ya səmimi olaraq ciddi qəbul edəcək dairələrin sayı əvvəlki illərlə müqayisədə olduqca azdır. Düzdür, hansısa siyasi konyuktura çərçivəsində baş tuta biləcək həmlələr istisna olunmur. Amma biz də, bu cür istisnaların real səbəblərini və ümumi vəziyyəti öyrənirik, əldə etdiyimiz məlumatlara, proseslərin mümkün inkişaf istiqamətlərinə dair proqnozlara uyğun olaraq fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq. 2015-ci illə bağlı Ermənistan hökuməti, eyni zamanda erməni diasporu və lobbisinin çox genişmiqyaslı kampaniya həyata keçirəcəyi gözlənilir. Hesab edirik ki, bu istiqamətdə Azərbaycan və türk diaspor təşkilatları birgə tədbirlər həyata keçirməlidir və keçirəcək də. Müəyyən təkliflər, ideyalar var ki, onların həyata keçirilməsi planlaşdırılır.

Özümüzü dünyaya tariximizlə, zəngin mədəniyyətimizlə, nailiyyətlərimizlə tanıtmalıyıq

- Təəssüf ki, çoxları elə hesab edir ki, Dövlət Komitəsi və diaspor təşkilatlarının əsas işi yalnız Ermənistan dövlətinin işğalçı siyasətini dünyada tanıtmaq, erməni diasporu və lobbisinin uydurma "erməni soyqırımı" ilə maskalanmış "yazıqlıq" sifətini yırtıb əsl həqiqətləri üzə çıxarmaqdan ibarətdir. Axı nə Komitənin, nə də diaspor təşkilatlarının işi təkcə "erməni məsələsi" ilə məşğul olmaq deyil...

- Təbii ki, erməni məsələsi, daha doğrusu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ermənilərin qondarma soyqırım təbliğatına qarşı mübarizə bu gün bizim fəaliyyətimizin prioritet istiqamətidir. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 450-dan çox Azərbaycan diaspor təşkilatının hər biri Azərbaycan həqiqətlərinin təbliğinə öz töhfəsini verir. Bu təşkilatlar hər il dünyanın bir sıra ölkələrində 20 yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart-Azərbaycanlıların soyqırımı günü, ümumiyyətlə Ermənistanın təcavüzkar siyasətinə etiraz olaraq yüzlərlə nümayiş, konfrans, dəyirmi masa, sərgi və digər tədbirlər keçirir, Azərbaycanın haqq səsini dünyaya duyurmağa çalışırlar. İldən-ilə bu tədbirlərin keyfiyyəti artır və miqyası genişlənir ki, bu da Azərbaycan həqiqətlərinin get-gedə dünyada tanınması, qəbul edilməsinə xidmət edir. Yenə də təkrar edirəm, bu bizim fəaliyyətimizin indiki vaxtda əsas və birbaşa hədəfidir. Amma biz bir xalq və dövlət olaraq özümüzü dünyaya tariximizlə, zəngin mədəniyyətimizlə, müasir dövlət quruculuğu prosesində əldə etdiyimiz nailiyyətlərlə tanıtmalıyıq. Fəaliyyətimizin təməl prinsipi bununla bağlıdır. Azərbaycan gənc və müstəqil bir dövlət olaraq çox böyük uğurlara imza atıb. Diaspor təşkilatlarımız da bu imkanlardan geniş istifadə etməyə çalışırlar. Bizim tariximiz, mədəniyyətimiz, beynəlxalq aləmdə qazandığımız uğurlar bizi dünyada daha yaxşı tanıdır. İlk Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsi də məhz bu uğurların nəticəsidir. Avropa bizim tariximizi, mədəniyyətimizi tanıyır, cəmiyyətimizin düzgün istiqamətdə, demokratik dəyərlər üzərində inkişaf etdiyinə əmindir.

Tədbirlər koordinasiya olunur

- Mövcud qanunvericiliyə görə, diaspor təşkilatlarının fəaliyyətini koordinasiya etmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirliklərində diaspor təşkilatları ilə iş üzrə ştat vahidi ayrılmalıdır. Lakin bu günədək belə bir ştat vahidinin yaradılmamasının bir çox hallarda həmin ölkələrdəki diaspor təşkilartlarının fəaliyyətinin koordinasiyasında müəyyən problemlər yaratdığını qeyd edirlər. Bu məsələnin həlli üçün hansı addımların atılması nəzərdə tutulur?

- Bütün sahələrdə Azərbaycanın dövlət orqanları arasında məsləhətləşmələr aparılır, mövcud olan ümumi fəaliyyət proqramı çərçivəsində keçirilən tədbirlər koordinasiya olunur. Biz xarici ölkələrdəki diaspor təşkilatları ilə münasibətlərin qurulmasında, onların işinə dəstək verilməsində səfirliklərlə sıx təmasda işləyirik.

- Bəzi mütəxəssislər hesab edir ki, diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti yetərli deyil. Bu məsələnin həlli üçün Dövlət Komitəsi müvafiq dövlət qurumları ilə birgə hansı işlər görür?

- Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin, mədəniyyətimizin təbliği, lobbiçiliyin gücləndirilməsi istiqamətində Azərbaycan dövlətinin büdcəsindən kifayət qədər vəsait ayrılır. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə Azərbaycanın təbliğatı fəaliyyəti ilə də məşğul olan dövlət qurumlarımız, ictimai birliklər, qeyri-hökumət təşkilatları, KİV-lə əməkdaşlıq edir, Azərbaycanın dövlət orqanları arasında məsləhətləşmələr aparır, mövcud olan ümumi fəaliyyət proqramı çərçivəsində keçirilən tədbirləri koordinasiya edir.

İrandakı azərbaycanlılar diaspor sayılmır

- Daha öncə qeyd etmişdiniz ki, Dövlət Komitəsi yaranandan bəri bizim İranda heç bir fəaliyyətimiz yoxdur. Lakin İran tərəfindən bu ölkəyə səfərlə bağlı dəvət almısınız. Həm İranda yaşayan soydaşlarımız, həm də Avropadakı cənubi azərbaycanlılarla olan əlaqələrin gücləndirilməsi baxımından belə bir fəaliyyətə başlamaq haqqında nə düşünürsüz?

- İrandakı azərbaycanlılar öz tarixi torpaqlarında yaşadığı üçün onlar diaspor sayılmır. Ona görə də Dövlət Komitəsi olaraq İranda yaşayan azərbaycanlılarla işləməmişik. Amma İrandan və digər ölkələrdən olub öz torpaqlarında yaşamayan bütün azərbaycanlıların birləşdiyi təşkilatlarla əməkdaşlıq edirik, onların Azərbaycanın, Azərbaycan mədəniyyətinin təbliğindəki fəaliyyətini dəstəkləyirik, bundan sonra da dəstəkləyəcəyik.

Gürcüstandakı problemlər 1-2 il ərzində həll olunası deyil

- Gürcüstandakı azərbaycanlıların rahat yaşayışı, cəmiyyətə inteqrasiyasının təmin edilməsi, o cümlədən onların təşkilatlanması işlərinin gücləndirilməsi istiqamətində zaman-zaman addımlar atılsa da, problemlər hələ də tam həll olunmamış qalır. Bununla bağlı Dövlət Komitəsi səviyyəsində hansı tədbirlər görülür?

- Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələ hər zaman ölkə rəhbərliyinin və komitənin diqqətindədir. Gürcüstan hökuməti də bu problemlərin həlli istiqamətində addımlar atıb. Ancaq təbii ki, bu problemlərin bir qismi uzun illər ərzində yığılıb qalmış, SSRİ-nin süqutundan sonra yaranmış situasiyanın doğurduğu fəsadlardır. Soydaşlarımızın orada torpaqla təmin olunmasından tutmuş təhsil sahəsinə qədər çox problemləri var və bunlar 1-2 il ərzində həll olunası problemlər deyil, ağır problemlərdir. İnanırıq ki, Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq şəraitində bu problemlər həllini tapacaq.

Dövlət Komitəsi azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasına dəstək vermək məqsədilə 2007-ci ildən başlayaraq çox böyük bir layihə həyata keçirir. Gürcüstanın azərbaycanlılar yaşayan regionlarında məhz bizim soydaşlarımız üçün dil kursları açılıb, onlar dərs vəsaiti, zəruri materiallarla təmin olunub. Sevindirici haldır ki, müəyyən müddət sonra layihənin müsbət nəticələrini müşahidə etdik. Gürcüstanın ali məktəblərinə qəbul olunan azərbaycanlıların sayında ciddi artım oldu. Biz bu problemin xeyli dərəcədə həllinə nail olduq. Diqqət yetirdiyimiz əsas məsələ Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Hesab edirəm ki, yalnız yerli cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər.

- Bir müddət əvvəl Gürcüstanda məsciddə baş verən təhqiramiz hadisə, gürcü azarkeşlərin Bakıda separatçı hərəkətləri nəyə hesablanıb? Bunların arxasında hansı niyyətlər durur?

-
Bildiyim qədər müvafiq təşkilatların bu barədə rəsmi açıqlaması oldu. Eyni zamanda Gürcüstan tərəfinin müvafiq qurumları da bu hadisəni pislədilər. Azərbaycanla Gürcüstan regionda bir sıra məsələlərdə strateji tərəfdaş kimi çıxış edir. Bu əlbəttə ki, bəzi qüvvələrin xoşuna gəlmir və vaxtaşırı bu cür təxribat cəhdləri olur. Lakin dövlətlərimiz arasındakı münasibətlərin indiki səviyyəsi imkan veriri ki, istənilən bu cür təxribat təşəbbüslərinin əlaqələrə xələl gətirməsinin qarşısı alınsın.

Təəssüf ki, Ukraynada başqa addımlar atmaq imkanı yoxdur

- Ukraynada baş verən silahlı toqquşmalar orada yaşayan yarım milyona yaxın azərbaycanlının taleyi ilə bağlı ciddi narahatlıq doğurur. Xüsusən də Donetsk və Luqansk regionlarında həyatı təhlükə altında olan azərbaycanlıların təhlükəsizliyinin, sosial təminatının yaxşılaşdırılması məqsədilə Komitə bu ölkənin rəsmi orqanları ilə birgə hansı işlər görür və ya görməyi planlaşdırır?

- Ukraynada yaranmış qeyri-sabit vəziyyət başlayandan bəri biz oradakı bütün diaspor təşkilatlarına xəbərdarlıq edirik. Ukraynadakı Azərbaycan Səfirliyi də azərbaycanlılara müraciət edərək bildirib ki, öz təhlükəsizlikləri naminə münaqişələrin, toqquşmaların olduğu yerlərdən mümkün qədər kənarda olsunlar. Dövlət Komitəsinin səlahiyyət və imkanı ona çatır ki, bununla bağlı çağırış etsin, ehtiyatlı olmağa səsləsin. Təəssüf ki, indiki mürəkkəb situasiyada Ukraynada azərbaycanlıların hüquqlarının müdafiəsi üçün başqa addımlar atmaq imkanı yoxdur. Biz daim dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının problemlərini, qarşılaşdığı çətinlikləri diqqətdə saxlamağa çalışırıq.

Diaspor təşkilatları Azərbaycanın milli və dövlət maraqlarından çıxış etməlidirlər

- Bir müddət əvvəl Rusiyadakı Azərbaycan diaspor təşkilatları arasında yaranmış ciddi fikir ayrılığının aradan qaldırılmasına və onların birliyinə nə dərəcə nail olunub?

- Bu məsələ ilə bağlı mövqeyimizi bir neçə dəfə çox aydın və dəqiq şəkildə ifadə etmişik. Diaspor təşkilatları arasındakı fikir ayrılıqlarının olması təbiidir. Çünki hər bir təşkilatda yüzlərlə, minlərlə insan təmsil olunur və onların hamısının eyni cür düşünməsi mümkün deyil. Biz hər bir diaspor təşkilatı ilə işləməyə hazırıq. Yeganə prinsipimiz bundan ibarətdir ki, Azərbaycan diaspor təşkilatları hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycanın milli maraqlarından, dövlət maraqlarından çıxış etməlidirlər.

- Bu yaxınlarda belə bir fikir bildirmisiniz: "Biz öz fəaliyyətimizdə daim Azərbaycan dövlətinin maraqlarını əsas tuturuq. Bu bizim üçün qırmızı xətdir və kimsə onu keçməyə cəhd edirsə, biz öz mövqeyimizi çox açıq şəkildə ifadə edirik". Bu qırmızı xətti keçən azərbaycanlılar və ya təşkilatlar çox olur?

- Dediyim kimi diaspora onlarla, yüzlərlə, minlərlə insanı birləşdirən məfhumdur. Bu insanların fərqli düşüncəsi, dünyagörüşü, hadisələrə baxışı var. Bizim onlara heç bir məsələdə təsir etmək niyyətimiz və məqsədimiz yoxdur. Sadəcə, məsələ milli və dövlətçilik maraqlarına gəlincə, biz öz mövqeyimizi ortaya qoyuruq.

Əldə etdiyimiz uğurlar bizi tam qane etmir

- Bir müddət əvvəl qeyd etmişdiniz ki, indiki məqamda ölkəmiz həm beynəlxalq siyasətdə, həm də diaspor quruculuğu sahəsində qarşıya qoyulan strateji məqsədlərə nail olub. 200 illik erməni diasporu və güclü lobbisinin qarşısında cəmi 23 ildir ki, yenidən müstəqillik əldə etmiş dövlət buna necə nail ola bilib?

- Azərbaycan diasporu gənc olmasına baxmayaraq, kifayət qədər tarixi olan diasporlarla müqayisədə olduqca səmərəli işləyib və uğurlu nəticələrə nail olub. Bu isə bu istiqamətdə konkret məqsəd və hədəflərə ünvanlanmış vahid strateji xətti olan Azərbaycan dövlətinin uğurudur. Ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi siyasi kursu Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində diaspor quruculuğu işi keyfiyyətcə yeni müstəviyə qaldırılıb. Cənab Prezidentin qeyd etdiyi kimi "Güclü dövlət - güclü diaspor" prinsipinə söykənən siyasətin nəticəsi olaraq ermənilərin əsrlərdir apardığı təbliğat iflasa uğramaqdadır. 200 illik tarixi, təcrübəsi olan erməni diasporu və lobbisi özlərinin də etiraf etdiyi kimi Azərbaycan diasporunun məqsədyönlü fəaliyyətindən narahat olmağa başlayıb. Bu, bir daha vurğulamaq istəyirəm ki, təkcə diasporumuz deyil, bütövlükdə Azərbaycan dövlətinin uğurudur. Çünki Azərbaycanın bu sahədə konkret məqsədlərə və hədəflərə ünvanlanmış vahid strateji xətti var və ən əsası da elə budur. Bütün dövlət qurumlarımız, ictimai birliklər, qeyri-hökumət təşkilatları, KİV və şübhəsiz ki, diaspor təşkilatlarımız hər biri öz fəaliyyətini bu strateji xəttə uyğun olaraq qurub. Amma əlbəttə ki, əldə etdiyimiz uğurlar bizi tam qane etmir. Çünki cəmiyyətin bir parçası olan diaspor da ətrafdakı dəyişikliklərin təsirindən kənarda qalmamalı, zaman-zaman inkişaf etməli, dəyişməli və təkmilləşməlidir. Bu baxımdan Azərbaycan diasporunun qarşısında hələ görüləsi çox işlər var.

Daha böyük nailiyyətlərə imza atacağıq

- Qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Sizin üçün bu tarix nə deməkdir? Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hansı yeni ideya və təklifləriniz var?

- Bu tarix bütün azərbaycanlılar üçün mühüm əhəmiyyətə malikdir. Həmin vaxt baş verənlər bütün azərbaycanlıları vahid bir amal ətrafında birləşdirən milli birlik ideyası - azərbaycançılıq ideyasının yaranmasına gətirib çıxardı, bu gün güclü dövlətə çevrilməyimizi təmin edəcək milli inkişaf yolumuzu müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyev 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsindən sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsi prosesi başlandı. Diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, azərbaycançılıq ideyası ətrafında sıx birləşdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, soydaşlarımızın məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin edilməsi sahəsində atılmış addımlar Azərbaycan diasporunun mütəşəkkil qüvvəyə çevrilməsinə stimul verdi.

Bu münasibətlə bütün soydaşlarımızı təbrik edirəm, diaspor fəaliyyətində onlara daha böyük uğurlar arzulayıram. İnanıram ki, qarşılıqlı əməkdaşlıq şəraitində bu sahədə daha böyük nailiyyətlərə imza atacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti