...

Pakistan mətbuatında 20 Yanvar hadisələrinə dair məqalə dərc edilib

Siyasət Materials 19 Yanvar 2015 09:30 (UTC +04:00)
Pakistanın diplomatik çevrələrində nüfuz sahibi olan ingilisdilli “Diplomatik Star” jurnalında tanınmış jurnalist Möhsin Əlinin 20 Yanvar hadisələrinə həsr edilmiş “20 Yanvar: Müstəqilliyə aparan qanlı yol” adlı məqaləsi dərc olunub.
Pakistan mətbuatında 20 Yanvar hadisələrinə dair məqalə dərc edilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Pakistanın diplomatik çevrələrində nüfuz sahibi olan ingilisdilli "Diplomatik Star" jurnalında tanınmış jurnalist Möhsin Əlinin 20 Yanvar hadisələrinə həsr edilmiş "20 Yanvar: Müstəqilliyə aparan qanlı yol" adlı məqaləsi dərc olunub.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə bildiriblər ki, məqalədə Azərbaycan xalqının hər ilin 20 Yanvar tarixində həmin gün 1990-ci ildə baş vermiş hadisələri yad etdiyi bildirilmişdir. Jurnalist öz yazısında 20 Yanvar hadisəsindən öncə cərəyan edən hadisələri nəzərdən keçirib. 80-ci illərin ikinci yarısında Sovet İttifaqında yaranmış vəziyyətdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycanın Dağlığ Qarabağ əyalətini Ermənistana birləşdirmək niyyətinin olduqları və bu məkrli istəklərini həyata keçirtmək üçün SSRİ rəhbəri M.Qorbaçovun dəstəyini aldıqları vurğulanmışdır. Daha sonra Ermənistanda keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1988-ci il ərzində oradan yüz minlərlə azərbaycanlının zorla sürgün edildiyi, onların bəzilərinin xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanmış, buna etiraz əlaməti olaraq azərbaycanlıların Bakı və digər şəhərlərin meydanlarına axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi və müstəgil Azərbaycan şüarları ilə çıxış etmələri məqalədə qeyd edilmişdir.

Məqalədə 1990-cı il yanvarın 20-də Sovet ordusunun böyük kontingentinin Bakıya daxil edildiyi və silahsız insanlara atəş açdığı və törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilmişdir. Bu aksiyanın SSRİ və Azərbaycan SSR konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəaları ilə ziddiyyət təşkil edildiyi vurğulanmışdır. M.Əli əməliyyatdan öncə Azərbaycan TV-nin enerji blokunun partladılması nəticəsində insanların informasiyadan təcrid olduqlarını, fövqəladə vəziyyətin ordunun atəş açmasından 7 saat sonra elan edildiyini bildirmiş və əməliyyatın əsl məqsədinin müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək niyyəti olduğunu qeyd etmişdir.

Pakistanlı jurnalistin məqaləsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, həyatına olan təhlükəyə baxmayaraq, nitq ilə çıxış edərək bu amansız aksiyanı qəti tənqid etməsi, Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasını yarması və azərbaycanlıların ürəyində inam hissini daha da gücləndirməsi və nəticə etibarilə mərkəzi Sovet rəhbərliyinin planlarını alt-üst etdiyi vurğulanmışdır. Yazıda şəhidlərin dəfn mərasimində bir milyondan çox insanın iştirak etməsi və bütün Azərbaycanın 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərməsi faktları buna sübut kimi göstərilmişdir.

Yazar yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olduğunu bildirmiş, 18 oktyabr 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etdiyini vurğulamışdır. M.Əli Azərbaycan Prezidenti Heydər Əliyevin 16 dekabr 1999 il tarixli fərmanı ilə 20 Yanvar qurbanlarına "20 Yanvar şəhidləri" statusunun verildiyini qeyd etmişdir.

Məqalənin sonunda Pakistanın Pəncab əyalətinin Qucurxan bölgəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə su təchizatı layihəsinin icra edildiyi qeyd olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti