...

Türkiyə-Ermənistan münasibətləri: ehtimallar və reallıq

Siyasət Materials 21 Yanvar 2015 22:00 (UTC +04:00)
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan münasibətlərinə dair növbəti bəyanatını verərək 1915-ci il hadisələrinin vurğulanmasının Ankara-Yerevan danışıqlarına ciddi xələl gətirdiyini bildirdi.
Türkiyə-Ermənistan münasibətləri: ehtimallar və reallıq

Ərəb xəbərlər xidmətinin rəhbəri
Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan münasibətlərinə dair növbəti bəyanatını verərək 1915-ci il hadisələrinin vurğulanmasının Ankara-Yerevan danışıqlarına ciddi xələl gətirdiyini bildirdi.

Davudoğlu qeyd etdi ki, Ankara Yerevanla münasibətlərin inkişaf etdirilməsində maraqlıdır, lakin buna mane olan amillərdən başlıcası Ermənistanın 1915-ci il hadisələri ilə tabulanmış yaddaşıdır.

Qeyd etmək lazımdır ki, bundan əvvəl Türkiyə hakimiyyəti dəfələrlə münasibətlərin yoluna qoyulması istiqamətində Ermənistana jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın erməni xalqına müraciətini bunlardan biri hesab etmək olar. Həmin müraciətdə bildirilib ki, 1915-ci il yalnız ermənilər üçün deyil, həm də ərəblər, kürdlər və ölkədə yaşamış başqa millətlərin nümayəndələri üçün ağır dövr idi. Lakin Ankaranın ciddi cəhdlərinə baxmayaraq, Ermənistan hələ də "soyqırım" iddiasında israrlıdır.

Bəlli olan isə budur ki, Ankaranın bütün ciddi cəhdlərinə baxmayaraq, tarixin yaddaş girdabında boğulan Ermənistan rəsmilərinin və erməni lobbisinin bu bataqlıqdan çıxması əsla mümkün deyil. Bu isə onu söyləməyə əsas verir ki, "soyqırım" iddiası ilə yaşayan Ermənistanın Türkiyə ilə münasibətlərinin gələcəyi yoxdur və Ankara-Yerevan münasibətlərinə hər dəfə yeni süni nəfəs verilsə də, bu əlaqə ölü doğulmuş uşaq olaraq qalacaq.

Maraqlıdır, görəsən, Ankara-Yerevan münasibətlərinə mane olan amil Türkiyədən pul qoparmağı xəyal edən Ermənistanın "soyqırım" iddiasında israrlı olmasıdırmı?

Hadisələri diqqətlə izlədikdə görmək olar ki, əslində tərəflər arasında münasibətlərin bərpasını mümkünsüz edən amillərdən biri də Ermənistanın regiondakı işğalçı siyasətidir.

Bu gün Ermənistan rəsmiləri Ankara-Yerevan münasibətlərinin bərpasını Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllindən ayrı tutmağa çalışsalar da, bu, əsla mümkün deyil. Bunun isə bir neçə səbəbi var. Ən başlıcası odur ki, Dağlıq Qarabağ probleminin həll olunmaması region üçün ciddi təhlükədir.

Ermənistan rəsmiləri bunu dərk etməkdə aciz olsalar da, Türkiyə rəsmiləri bunu dəfələrlə qəti şəkildə bəyan ediblər. Son olaraq yanvarın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bunu bir daha vurğuladı.

Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan kimi Türkiyənin də milli problemidir. Milli problemin nə olduğunu isə sadəcə tarix yazan millətlər bilir.

Xüsusi vurğulanmalı məqamlardan biri də budur ki, Dağlıq Qarabağ problemi həll olunmadan Ermənistan-Türkiyə sərhədlərinin açılması, işğalçı rejimlə işbirliyində olmaq Türkiyə hakimiyyətini kimin təmsil etməsindən asılı olmayaraq, siyasi elita üçün intihar ola bilər.

Türkiyə-Ermənistan münasibətlərindən danışarkən bir çox ermənipərəst qüvvələr əlaqələrin bərpa edilməsinin yeni bazarlar axtarışında olan Türkiyə üçün qaçılmaz olduğunu iddia edirlər. Bu fikir isə cəfəngiyyatdan başqa bir şey deyil. Ən azından ona görə ki, iqtisadi cəhətdən səfil vəziyyətdə olan Ermənistan Türkiyə üçün yeni bazar ola bilməz.

Diqqət yetirilməli məqamlardan biri də Bakının siyasi və iqtisadi baxımdan Ankara üçün əhəmiyyətidir. İnandırıcı deyil ki, Ankara Bakı ilə siyasi və iqtisadi münasibətlərini, eyni zamanda, dünya üçün əhəmiyyət kəsb edən enerji layihələrini Yerevanla münasibətlərdən üstün tutsun. Lakin Türkiyə-Ermənistan münasibətlərinə maneə sadəcə bunlar deyil.

Nəzərə alınmalıdır ki, bu gün Ermənistanın hakim partiyası heç bir zaman öz ideologiyasını gizlətməyib və məhz hakim partiyanın ideologiyası Qaregin Njdenin (1886-1955) siyasi düşüncəsinə əsaslanır. 1918-1920-ci illərdə hazırkı Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin banisi Qareginin faşist Almaniyası ilə sıx əlaqələri sirr deyil. Məhz Qaregin İkinci Dünya müharibəsində nasist uniformasını geyinmək üçün Almaniyaya gedib və Adolf Hitlerin şərq bölgəsi üzrə naziri Alfred Rozenberqin təsdiqi ilə 1942-ci ilin dekabrında təsis edilən Erməni Milli Şurasının üzvü olub. Bu isə onu söyləməyə əsas verir ki, Ermənistanın siyasi elitası insanlığın utancı olan faşist ideologiyasını mənimsəməklə yanaşı, bu ideologiyanı həyatda tətbiq etməkdən xüsusi zövq alır.

Bütün bunlarla yanaşı, dünyanın bir çox ölkələrində terrorçu hesab edilən şəxslərin Ermənistanda milli qəhrəman kimi qəbul edildiyi də sirr deyil.

Bu gün Türkiyə-Ermənistan münasibətlərinin bərpası üçün nə qədər addımlar atılsa da, bugünkü reallıqla münasibətlərin normallaşması qeyri-mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti