...

Azərbaycan hərbçilərinin olduğu təyyarənin Türkiyədə təlim uçuşu zamanı qəzaya uğraması barədə məlumatlara aydınlıq gətirilib

Siyasət Materials 5 Mart 2015 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbçilərinin də olduğu təyyarənin Türkiyədə təlim uçuşu zamanı qəzaya uğraması barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbçiləri təlimlərdə tam heyətlə iştirak edir və hər hansı itki yoxdur.

Müdafiə Nazirliyindən Türkiyə təyyarəsinin məhz təlim zamanı qəzaya uğraması barədə onlarda məlumat olmadığını deyiblər.

Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, hadisə Türkiyə və Azərbaycan Hava Qüvvələrinin birgə keçirdikləri "TurAz Şahini 2015" təlimləri zamanı baş verib. Qəza nəticəsində 2 pilot dünyasını dəyişib. Döyüş təyyarəsi Türkiyə Hava Qüvvələrinə aiddir.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini 2015" təlimləri başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.

Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti