Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Anaxanım Hidayətova/
Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfərin yekunu ilə bağlı Trend BİA, "AzTV" telekanalı və AZƏRTAC-a müsahibə verib
- Azərbaycan Prezidenti İlham Əliyev və Siz qeyd etdiniz ki, Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsinin səviyyəsi sizi qane etmir. Ticarət dövriyyəsinin artırılması üçün hansı planlar var?
- Bakıya səfər Azərbaycan və Pakistan arasında əlaqələri genişləndirməyə kömək edəcək.
Biz Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir, Milli Məclisin spikeri və digər vəzifəli şəxslərlə çox məhsuldar danışıqlar apardıq. Mən çox faydalı danışıqlar apardım, səfərimin nəticəsi isə xalqlarımız və hökumətlərimiz arasında xüsusilə də iqtisadiyyat, ticarət, sənaye sahələrində əlaqələrin möhkəmlənməsi olacaq. Və biz yaxın gələcəkdə artımın şahidi olacağıq.
Hazırda Azərbaycan və Pakistan arasında ticarət döviyyəsi ildə cəmi 8 milyon dollar təşkil edir. Xarici ticarət əməliyyatlarının həcminin az olmasının əsas səbəbləri ikitərəfli səfərlərin və ölkələr arasında əlaqələrin istənilən səviyyədə olmaması ilə bağlıdır.
Əməkdaşlığın genişləndirilməsi ölkələr arasında hava əlaqəsinin qurulmasına yardım edir. Mən Türkiyənin Baş naziri ilə "Turkish Airlines"-ın Ankara və ya İstanbuldan Bakıya, sonra isə Pakistanın İslamabad və ya Kəraçi şəhərlərinə reys açması ilə bağlı danışmışam. Türkiyə Baş naziri isə, öz növbəsində, olduqca mehriban idi və dərhal "Turkish Airlines"-ə bu aviareysi işə salmağı tapşırdı. Bu isə ölkələr arasında əməkdaşlığın inkişafına və birgə iri layihələrin həyata keçirilməsinə öz töhfəsini verəcək.
Əminəm ki, iki ölkənin iş adamları arasında danışıqlar çox yaxşı nəticələr verəcək və tez bir zamanda ikitərəfli ticarətin həcmi artacaq. Biznesmenlərin Azərbaycana gəlməsi mənim məqsədim olub və Bakıda keçirilən danışıqlardan çox razıyam.
Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əməkdaşlığın inkişafına xidmət edir. Bakıya səfərim zamanı məni təqribən 25 iş adamından ibarət nümayəndə heyəti müşayiət edirdi və onlar azərbaycanlı həmkarları ilə danışıqlar apardılar. Heç bir şübhəm yoxdur ki, bu, Pakistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin artmasına kömək edəcək.
Biznesmenlərin Azərbaycana gəlməsi mənim məqsədim olub və Bakıda keçirilən danışıqlardan çox razıyam.
- Azərbaycan digər ölkələrə də investisiyalar yatırır. Pakistan azərbaycanlı sərmayədarlar üçün əlverişli şərait yaratmağa hazırdırmı?
- Pakistanda əcnəbi investorlar üçün müstəsna qanunlar qəbul edilib. Bizim qanunvericiliyimiz istənilən investora 100 faizlik səhm əldə etməyə və gəlirləri tamamilə öz vətəninə qaytarmağa imkan verir. Səfər zamanı Azərbaycan Prezidenti, nazirlər, eləcə də müxtəlif fəaliyyət sahələrindən olan iş adamları ilə investisiya qoyuluşu imkanları müzakirə olundu.
Mən əminəm ki, Azərbaycan tərəfi müxtəlif sferalara investisiya qoymaq istəyən sərmayədarların Pakistana səfərinin təşkili üçün bütün səyləri göstərəcək. Bu səfər vəsaitlərin yatırılması üçün imkanların və fəaliyyət sahələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
- Biz bilirik ki, Azərbaycanın müstəqilliyinin ilk günlərindən Pakistan ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsinə Sizin baxışınız necədir?
- Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Pakistan Azərbaycanı müstəqil dövlət qismində tanımış ilk ölkələrdən biridir. Əvvəldən Azərbaycan dövləti və xalqı ilə çox səmimi münasibətlərimiz olub. Biz Azərbaycanın ədalətli hesab etdiyimiz mövqeyini həmişə dəstəkləmişik. Pakistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyəcək. Cammu və Kəşmir məsələlərində bizi həmişə dəstəkləyən Azərbaycan xalqı və hökumətinə təşəkkür edirik və buna görə çox şadıq.
- Sizin fikrinizcə, Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda bir-birilərini kifayət qədər dəstəkləyirlərmi?
- Pakistan və Azərbaycanın əksər beynəlxalq məsələlər üzrə mövqeləri eynidir. BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi bir çox qurumlarda iki ölkə arasında əməkdaşlıq çox yüksək səviyyədədir, hər iki ölkə eyni ideya və məsələləri dəstəkləyir.
Düşünürəm ki, Azərbaycan və Pakistanın ortaq maraqları çoxdur və bu, bütün beynəlxalq tribunalarda özünü göstərir.
- Heydər Əliyev Fondu Pakistanda bir sıra humanitar layihələr həyata keçirir. Fond ilə əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?
- 2005-ci ildə Pakistanda baş verən zəlzələ, 2011-ci ildə daşqınlar zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun göstərdiyi böyük köməyə görə minnətdarıq. Fond tərəfindən Müzəffərabad və Azad Kəşmirdə təhsil müəssisələri tikilib. Hesab edirəm ki, Heydər Əliyev Fondu Pakistan xalqına, xüsusilə təbii fəlakətlərin qurbanlarına həmişə kömək etməyə hazırdır. Bu, hər zaman Pakistanı dəstəkləyən Azərbaycanın birinci xanımının milli ruhundan irəli gəlir. Zənnimcə, bu sahədə əməkdaşlıq gələcəkdə də davam edəcək və biz, inşallah, Heydər Əliyev Fondunun köməyi ilə Pakistanda daha çox layihələrin həyata keçirilməsinin şahidi olacağıq.
- Siz Sumqayıt Texnologiyalar Parkında oldunuz. Pakistan iqtisadiyyatı üçün parkın potensialından istifadə etmək olarmı? Parkla bağlı təəssüratlarınız necədir?
- Azərbaycanın neft-qaz yataqları iqtisadi planda ölkənin əhəmiyyətini artırıb və beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Azərbaycan neft və qaz yataqlarının işlənməsi sahəsində iş təcrübəsinə malikdir və biz də bundan faydalanmalıyıq. Azərbaycan yüksək gərginlikli kabellər, optik-lif rabitə xətləri və polad borular istehsalçısıdır. Pakistanda da belə texnologiyalar var və hər dəfə düşünürəm ki, bir-birimizə necə kömək edə bilərik. Azərbaycan rəhbərliyi ilə görüşlərdən sonra biz həmişə belə qənaətə gəlirik ki, Azərbaycan və Pakistan müxtəlif sahələrdə əməkdaşlıq etməlidir və bir-birimizin təcrübəsindən faydalanmalıyıq. Düşünürəm ki, bu, gələcəkdə nail olacağımız fantastik tərəqqi üçün əsas ola bilər. Biz gələcəkdə möcüzələr etməyə hazırlaşırıq.