...

Kəmaləddin Heydərov: Dağlıq Qarabağ münaqişəsi Avro-Atlantik təhlükəsizliyə ciddi təhdiddir (FOTO)

Siyasət Materials 24 Aprel 2015 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndə heyəti 22-23 aprel 2015-ci il tarixlərində Niderland və Belçikada rəsmi səfərdə olub.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin ilk günü Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen ilə görüş olub.

Görüşdə iki nazirlik arasında müvafiq sahələr üzrə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq bildirilib, 6 noyabr 2014-cü il tarixində Qəbələ şəhərində imzalanmış "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nda nəzərdə tutulan müddəaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

K.Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Hagesteyn şəhəri yaxınlığındakı şlüz və sədd kompleksi, sonra Lelistad şəhərində Hollandiya su sistemi üzrə informasiya mərkəzi olan Niderland Su İdarəedilməsi Mərkəzi ilə tanış olub.

Nazir K.Heydərovun rəhbərlik etdiyi FHN nümayəndə heyəti Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) mənzil-qərargahına rəsmi səfər edib.

NATO-ya səfəri çərçivəsində fövqəladə hallar naziri K.Heydərov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, təşkilatın baş katibinin əməliyyatlar üzrə müavini Stefen Evans və baş katibin birinci müavini Aleksandr Verşbou ilə görüşlər keçirib.

Nazir Kəmaləddin Heydərov Azərbaycanın NATO-nun güclü və etibarlı tərəfdaşı olduğunu və Alyansın əsas sənədlərində qeyd olunan prinsip və dəyərləri bölüşdüyünü bildirib. O, qeyd edib ki, Cənubi Qafqazda həlli uzadılmış münaqişələr, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərin hərbi işğalı regional və Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid və maneə olaraq qalır. NATO-nun Uels Zirvə Toplantısında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ifadə edilən siyasi dəstəyi yüksək dəyərləndirdiyini vurğulayıb.

Nazir Mülki-Fövqəladə Planlama (MFP) strukturları çərçivəsində NATO ilə əməkdaşlığın FHN Fövqəladə Hallar Nazirliyi üçün prioritet olaraq qaldığını, bu əməkdaşlıqdan qazanılmış təcrübənin Azərbaycanın milli qabiliyyətlərinin artırılmasına töhfə verdiyini diqqətə çatdırıb.

O, bildirib ki, Fövqəladə Hallar Nazirliyi beynəlxalq əməliyyatlar üçün axtarış və xilasetmə birliyinin yaradılmasını başa çatdırıb, bu birlik qonşu ölkələrdə uğurlu əməliyyatlar həyata keçirib və hazırda Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu tərəfindən sertifikatlaşmadan keçməyə hazırlaşır. Eyni zamanda FHN-in təbii və texnogen fövqəladə halların qarşısının alınması və onların nəticələri ilə mübarizə aparmaq üçün NATO-dan məsləhətin təmin olunması, ən yaxşı təcrübələrin öyrənilməsi, qanunvericiliyin və treninq imkanlarının təkmilləşdirilməsi sahəsində əməkdaşlıq perspektivləri olduğunu qeyd edib.

Nazir Azərbaycanın NATO əməliyyatlarına, o cümlədən Əfqanıstanda sülh və sabitliyin əldə olunmasına töhfələrini qeyd edib, Azərbaycanda təlim və təhsil keçmək imkanları təqdim etməklə fövqəladə hallara hazırlıq və böhranların nəticələrinin aradan qaldırılması sahəsində Əfqanıstanın imkanlarının artırılmasına dəstək verməyə hazır olduğunu xüsusi olaraq vurğulayıb. Bu məqsədlə Əfqanıstan vətəndaşlarının FHN-nin Akademiyasında 4 illik təhsil almaları üçün Anlaşma Memorandumu təklif edildiyini bildirib.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti