...

Mübariz Əhmədoğlu: Cənubi Qafqazda insan hüquqlarına münasibətin siyasiləşdirilməsi ilk növbədə Ermənistan dövlətçiliyini çökdürür

Siyasət Materials 10 İyun 2015 10:18 (UTC +04:00)
Avropa və ABŞ insan hüquqları və demokratiya sahəsində ixtisaslaşan qurumlarının Azərbaycana qarşı hücumları təhlükəli həddədir.
Mübariz Əhmədoğlu: Cənubi Qafqazda insan hüquqlarına münasibətin siyasiləşdirilməsi ilk növbədə Ermənistan dövlətçiliyini çökdürür

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Avropa və ABŞ insan hüquqları və demokratiya sahəsində ixtisaslaşan qurumlarının Azərbaycana qarşı hücumları təhlükəli həddədir. ABŞ-ın Ermənistandakı yeni səfiri R.Mills Ermənistandakı Amerika Universitetinin məzunlarına etdiyi müraciətdə Ermənistanın demokratik inkişafını bəzi qonşu dövlətlə müqayisə etməsi iki istiqaməti aydın göstərdi: 1.Regionda demokratiyaya münasibətin siyasiləşməsinin müəllifi ABŞ-dır. 2. Regionda demokratiyaya münasibətin siyasiləşməsi hələ uzun müddət davam edəcək. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin direktoru qeyd edib ki, yeni səfir R.Millsin əvvəlki səfirlər M.Yovanoviç və C.Heffernin davamçısı olacağı indidən bəlli oldu: "Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri pisləşdirməkdə, müstəqilliyini Rusiyaya təhvil verməkdə davam edəcək. R.Millsin müraciəti ilə eyni vaxtda Ermənistanda saxtakarlıqlarla dolu və bəzi şəhərlərdə alternativsiz mer seçkiləri keçirildi. Amerikalı səfir bunu demoktatiya kimi Azərbaycana nümunə göstərdi. Davamlı iqtisadi inkişafa nail olmuş Azərbaycana iqtisadi metodlarla təzyiq etmək mümkün deyil. Demokratiya Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilir. ABŞ Ermənistanı bura qatmaqla Ermənistanla Azərbaycan arasında barışıq şanslarını daha da azaldır. Ermənistanla Azərbaycan arasında düşmənçiliyin artan xətlə davamı Qafqaz-Xəzər regionunda ABŞ-ın enerji planlarını heçə endirir. Görünür, ABŞ buna hazırlaşıb.
Azərbaycan iqtidarı bu təhlükələri neytrallaşdırmağa başlayıb. Zərurət yaranacağı təqdirdə bütöv Azərbaycan ictimaiyyəti hakimiyyətin bu yönümdəki siyasətinə daha aktiv və hərtərəfli dəstək verəcək. Bunlar səbəbsiz deyil".

Politoloq bildirib ki, beynəlxalq insan hüquqları təşkilatlarının Avropa və ABŞ-ın insan hüquqları sahəsində ixtisaslaşmış strukturlarının Cənubi Qafqaz regionunda demokratiya və insan hüquqlarına münasibəti Azərbaycanda anlaşıla bilmir: "Ermənistanda və Gürcüstanda insan hüquqlarının seçki hüquqlarının, demokratiyanın pozulması hər iki dövlətin dövlətçiliyinə təhlükə yaradan səviyyədədir.
Ermənistanda:
ı. 1999-cu ildə Ermənistan parlamentində gülləbaran baş verdi. Bu günədək həmin işin üstü açılmayıb.
ıı. 2002-ci il dekabrın 28-i şənbə günü axşam İctimai televiziyanın direktoru Tiqran Naqdalyan öldürüldü. O 1999-cu il parlament gülləbaranında ən əsas şahid idi. Həmin proses üzrə də cinayət işi formal olaraq açıldı, prosesin gedişində isə heç bir irəliləyiş yoxdur.
ııı. 13 il bundan öncə Ermənistan rəhbərliyi "A1+" televiziyasının fəaliyyətini qadağan etdi. Avropa insan hüquqları məhkəməsinin 10 il bundan əvvəl bununla bağlı müvafiq qərarı olsa da, Ermənistan hökuməti indiyədək bu televiziyanın fəaliyyətinə icazə verməyib.
ıv. 2008-ci ildə prezident seçkiləri 10 Ermənistan vətəndaşının ölümü ilə yekunlaşdı. Bu proses haqqında da açılmış cinayət işində heç bir dinamika yoxdur.
v. 2013-cü ilin prezident seçkiləri barədə ATƏT DTHİB-in tam yekun rəyi bu günədək yoxdur. ATƏT DTHİB prezident seçkilərindəki reallığı ilə ABŞ-ın Ermənistanda o zamankı səfiri C.Heffernin tələbi arasında ortaq məxrəc tapa bilmədi. Bu prezident seçkiləri ilə bağlı ATƏT DTHİB-in açıqlamalarının tədqiqi siyasi tragikomediya janrında roman yazmağa mənbə ola bilər.
vı. Ermənistanda seçici siyahılarının dərc olunması qanunla qadağandır.
vıı. Səsvermə günü seçki məntəqəsində kameraların və ya çəkiliş aparatlarının olması qadağandır.
vııı. Ermənistanda siyasi partiyalara təzyiqlərin arası kəsilməyib. 3 partiya lideri hazırda həbsdədir. Biri barədə cinayət işi var. "Çiçəklənən Ermənistan" partiyasının sədri haqqında istənilən vaxtda cinayət işi açıla bilər.
ıx. Redaksiyalara, jurnalistlərə orta hesabla ayda 2-3 dəfə təzyiqlər edilir. Hətta jurnalistin mətbuat konfransı zalına daxil olmasına maneçilik edilir.

Mərkəz direktoru hesab edir ki, Ermənistanda və Gürcüstanda insan hüquqlarının pozulmasının vəziyyəti dövlət idarəçiliyinə təsir edir: "Nəticədə Gürcüstan Qərb tərəfdən lazımi qədər dəstəyə nail ola bilmir. Rusiya tərəfə meyillənir. Ermənistan isə tamamilə müstəqilliyini itirir. Qərb Ermənistanın hakim elitasının davranışına göz yummasaydı, Ermənistanı regional iqtisadi layihələrə qoşmaqla onun müstəqilliyinin itirilməsinin qarşısını müəyyən qədər ala bilərdi. Əksinə, Qərb Ermənistanın rəhbərliyinin antidemokratik davranışlarına demokratik don geydirdilər. Əyani misal "Freedom House" təşkilatının hazırladığı ənənəvi illik hesabatlardır. Bu hesabatlarda Ermənistanın vəziyyətinin dinamikası ilə tanışlıq qəribə mənzərə ortaya qoyur: Ermənistan dövlət müstəqilliyini itirdikcə siyasi, demokratik, insan hüquqları baxımından irəliləyirmiş. Əgər Ermənistan dövlət olaraq Rusiyadan asılıdırsa, onun demokratiyası da Rusiyanın icazə verdiyi miqdardadır".

M.Əhmədoğlu deyib ki, Qərbin regionda başladığı, Azərbaycanın əleyhinə nəzərdə tutduğu demokratiya uğrunda yarışma Ermənistan və Gürcüstanın dövlətçiliyini sıradan çıxarır: "Azərbaycan isə irəliləyir. Biz Ermənistanda və Gürcüstanda baş verənləri Qərbin demokratiya və insan hüquqlarının pozulması kimi dəyərləndirməməsinin səbəbini bilmək istəyirik. Məqsədimiz Qərbin demokratik dəyərlərinin mahiyyətini düzgün dərk etməkdir. Əgər müasir dövrdə Qərbin ortaya qoyduğu demokratik dəyərlər dövlətçiliyimizə təhlükə yaratmayacaqsa, biz bu dəyərləri müzakirə etməyə hazırıq. Biz başa düşmək istəyirik ki, Qərbin anlamında demokratiya və təhlükəsizlik məsələləri necə uzlaşdırılır".

M.Əhmədoğlu sonra bildirib ki, cavab axtardığımız suallardan biri də Qərb siyasətçilərinin Azərbaycanda və Ermənistanda dostları seçmək kriteriyası ilə bağlıdır: "Qərb siyasətçilərinin Azərbaycanda dost hesab etdiyi şəxslərin bir qrupu Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıtmağa yönələn fəaliyyətlə məşğul olan, qonşu dövlətlərin destruktiv maraqlarına xidmət edən şəxslərdir. Böyük bir qrupu isə Azərbaycanda heç kəsin tanımadığı şəxslərdir. Amma Ermənistanda isə həmin bu Qərb siyasətçiləri insan hüquq müdafiəçiləri ilə vətəndaş cəmiyyətinin həqiqi təmsilçiləri ilə dostluq etmirlər. Onların Ermənistandakı dostları prezident S.Sərkisyan və müdafiə naziri S.Ohanyandır. Digər şəxslərlə də əlaqələri bu iki şəxsin məsləhəti ilə koordinasiya olunur".

Mərkəz rəhbəri sonra qeyd edib ki, başa düşmək istədiyimiz suallardan biri ATƏT-in Azərbaycandakı keçmiş layihə əlaqələndiricisi A.Şahtaxtinski ilə bağlıdır: "Milliyyətcə azərbaycanlı olsa da, A.Şahtaxtinski Fransa vətəndaşıdır. ATƏT onunla müqavilə müddətini uzatmadı. Səbəb kimi etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edərkən Prezidentlə şəkil çəkdirməsidir. Bu Azərbaycanda protokoldur və ya prosedurdur. ABŞ-ın Azərbaycana təyin olunan bütün, o cümlədən yeni səfiri də bu protokola uyğun Azərbaycan Prezidenti ilə şəkil çəkdirib. O cümlədən Fransanın Azərbaycana təyin olunmuş səfirləri də bu protokola əməl ediblər. Belə alınır ki, Qərb təşkilatları təkcə Azərbaycan Respublikasına deyil, bütün azərbaycanlılara qarşı fəaliyyətə başlayıblar. A.Şahtaxtinskinin "əsas günahı" Bakıda keçirilən beynəlxalq forumların birində ATƏT-in Minsk Qrupunun fəaliyyətini yüngülcə tənqid etməsidir. Bu ATƏT-in amerikalı baş bilənlərini qəzəbləndirib. Ondan bir az öncə isə Avroparlamentin sədri Martin Şults İspaniyanın Kataloniya regionunun Avropa Parlamentinin sənədlərində müstəqil dövlət kimi təqdim edilməsinə icazə vermişdi. Dağlıq Qarabağın separatçılarına ən böyük dəstək verən qrup da Kataloniyadan olan Avropa parlamentariləridir. Alman Martin Şults vəzifəsindən sui-istifadə edib Avropa məkanındakı separatçılarla Dağlıq Qarabağ separatçıları arasında koordinatorluq edirsə, Fransa vətəndaşı olan azərbaycanlı diplomat niyə görə ATƏT-i Dağlıq Qarabağ tənzimləməsində aktivliyə səsləməməlidir?!
Azərbaycan xalqının seçimi Avropadır. Bunu Azərbaycan gənclərinin təhsil seçimi aydın göstərir. Türkiyədə, İranda, Rusiyada və Qərbdə təhsil almaq imkanı olan Azərbaycan gəncliyi çox böyük üstünlüklə Avropanı seçib. Bu təsadüfi deyil. İqtidarın strateji seçiminin göstəricisidir".

Politoloq bildirib ki, avropalılar, o cümlədən ABŞ-dakılar Cənubi Qafqaz regionunu diqqətlə tanımalıdırlar: "Bu regiondakı dövlətlər üçün siyasi normaları, balansı pozmamalıdırlar. Demokratiyanın olması üçün dövlətin mövcudluğu əsas şərtdir. Dövlətin mövcudluğu isə onun təhlükəsizliyinin təminatındən asılıdır. Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri prioritet, demokratiyaya aid məsələlər isə onun davamıdır. Qərb Ermənistana demokratiya sahəsində etdiyi güzəştin indiki nəticəsini başa düşsə, özü üçün ciddi nəticə çıxara bilər. Azərbaycan dövlət olaraq mövcud olacaq. Çünki Cənubi Qafqazda təhlükəsizliyini təmin etmək iqtidarındadır. Ardınca demokratiya insan hüquqları da adekvat qaydada artan xətlə inkişaf edəcək. Azərbaycanın müstəqil siyasəti mürəkkəb geosiyasi, geoiqtisadi şəraitdə onun inkişafının davamlı olmasına şərait yaratdı. Amma Qərbin demokratik don geydirdiyi Ermənistan dövlətçiliyinin mövcudluğu ciddi şübhə altındadır. Zaman getdikcə bu dövlətin mövcudluğuna olan şübhələr artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti