Azərbaycan, Bakı, 13 iyul /Trend/
Nə qədər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) hərbi blok olmadığını söyləsələr də, yenə də onun əsas məqsədi təhlükəsizlik, həmçinin üzv ölkələrin terrorizm, separatizm, ekstremizm və narkotrafik ilə mübarizədə birləşməkdir. Bu barədə Rusiyanın "Vestnik Kavkaza" qəzetinə müsahibəsində Trend BİA-nın baş direktorunun müavini, siyasi icmalçı Arzu Nağıyev Azərbaycanın ŞƏT dialoqu üzrə tərəfdaş statusu almaqla bağlı faktı şərh edərkən deyib.
A.Nağıyev qeyd edib ki, ŞƏT əvvəldən Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və xüsusi statuslu Özbəkistan arasında hərbi sahədə inamın möhkəmləndirilməsi üçün yaradılmışdı: "Nə qədər ŞƏT-in hərbi blok olmadığını söyləsələr də, yenə də onun əsas məqsədi təhlükəsizlik, həmçinin üzv ölkələrin terrorizm, separatizm, ekstremizm və narkotrafik ilə mübarizədə birləşməkdir. Görünən odur ki, bəzi ölkələr ŞƏT-i Amerikanın Mərkəzi Asiyada hərbi iştirakına qarşı qoyur və burada Rusiya ilə Çinin siyasi və iqtisadi maraqlarının zidd olması ilə əlaqədar fikir ayrılığı var. Çin bu ölkələri perspektiv satış bazarı kimi görür, Rusiyanı isə hər şeydən öncə hərbi əməkdaşlıq maraqlandırır".
Ekspert hesab edir ki, belə olan halda, Azərbaycanın bu təşkilatdakı xeyrini müəyyənləşdirmək çətindir: "Tərəfdaş və ya müşahidəçi statusunda olsa, onda ölkəmiz bu təşkilatda terrorizm, ekstremizm, narkotrafiklə mübarizədə tərəfdaş kimi çıxış edə, iqtisadi baxımdan isə öz ehtiyatlarının satış bazarını genişləndirmək və ya yaranmış problemlərin birgə həll edilməsi ilə məşğul ola bilər. Xatırladım ki, Çin vahid iqtisadi məkanı yaxın gələcəkdə yaratmaq istəyir, Azərbaycanın isə tamam başqa planları və perspektivləri var".
A.Nağıyevin fikrincə, yaxın gələcəkdə Azərbaycan ŞƏT dialoqu üzrə tərəfdaş statusunu saxlamağa üstünlük verəcək, amma təşkilata inteqrasiya istiqamətində irəliləmək istəməyəcək: "Hazırda bu təşkilat yalnız "maraqlar klubu" kimi mövcuddur, hələlik heç bir real nəticə göstərməyib. Qərb və ABŞ-ın ŞƏT-i antiamerika təşkilatı hesab etdiyinə görə, Azərbaycanın bu təşkilata inteqrasiyası çətin və faydasız olacaq. Bununla belə, Rusiya da daxil olmaqla, bəzi ŞƏT üzvləri respublikamızın təşkilata inteqrasiyasında maraqlıdır. Buna səbəb enerji, habelə nəqliyyat dəhlizləri məsələsinin hazırda böyük əhəmiyyət kəsb etməsidir".