...

Tahir Rzayev: Ermənistan dövləti, hakimiyyəti satılıb

Siyasət Materials 19 Oktyabr 2015 18:10 (UTC +04:00)
“Ermənistanda hakimiyyətsizlik hökm sürür, xalq əzilir, xunta rejiminin əlindədir”.
Tahir Rzayev: Ermənistan dövləti, hakimiyyəti satılıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Ermənistanda hakimiyyətsizlik hökm sürür, xalq əzilir, xunta rejiminin əlindədir". Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistandakı acınacaqlı durumu çox dəqiq ifadə etməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Tahir Rzayev Trend-ə deyib.

T.Rzayev bildirib ki, Ermənistanı bir qrup cinayətkar idarə edir: "Bu həqiqətdir. Çünki Ermənistanda hakimiyyətdə olanların hamısının əli azərbaycanlıların qanına batıb. Eyni zamanda onlar öz xalqına xəyanət edən adamlardır. Onlar vəzifə üçün hakimiyyətə gəliblər və bu gün hakimiyyətdədirlər, lakin hakimiyyəti idarə edə bilmirlər və buna görə də xalq narazıdır".

Onun sözlərinə görə, uzun müddətdir ki, Ermənistanda nümayişlər, tətillər keçirilir, qarşıdurmalar baş verir: "Ermənistan xalqı artıq bezib və hətta sığınacaq üçün Azərbaycana üz tuturlar. Ermənistan bizə düşməndir, buna baxmayaraq, görün insanlar nə qədər cana yığılıb ki, bizə üz tuturlar".

Millət vəkili deyib ki, Azərbaycana üz tutan ermənilər öz müsahibələrində Ermənistanda olan vəziyyətlə bağlı geniş şərh veriblər: "Bu şərhlərin hamısı həqiqətdir. Bu gün Ermənistanda insanlar acdır, yoxsulluq içində yaşayırlar. Artıq Ermənistan dövləti, hakimiyyəti satılıb, onları başqa ölkələr idarə edir. Ona görə də ermənilərin Azərbaycana üz tutması ümumilikdə Ermənistandakı vəziyyəti əks etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti