Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Azər Niftiyev/
Prezident İlham Əliyevin gömrük sahəsində bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərman ölkə vətəndaşları qarşısında geniş imkanlar açacaq. Bunu Trend-ə Milli Məclisin deputatı Astan Şahverdiyev deyib.
A.Şahverdiyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar əhalinin rifah halının yüksəlməsinə xidmət edir: "Bu, son günlərdə cənab Prezident tərəfindən əhalinin maddi təminatını yüksəltmək məqsədilə atılan ikinci addımdır. Bundan öncə dövlət başçısının Milli Məclisə təqdim etdiyi qanun layihəsinə uyğun olaraq, Azərbaycanda sahibkarlar üzərində yoxlamalar iki il müddətinə dayandırılır. Ardınca isə gömrük sahəsində yoxlamaların sadələşdirilməsi ilə bağlı fərman verildi. Bütün bunlar ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir".
Millət vəkili vurğulayıb ki, bu qərarlar ölkəmizin daha da inkişafına təkan verəcək.
Xatırladaq ki, dünən Prezident İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.
Oktyabrın 19-da isə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.