...

Əsassız və qərəzli yanaşmalar

Siyasət Materials 30 Oktyabr 2015 12:50 (UTC +04:00)

Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor

Müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsi hesab edilən insan və vətəndaş hüquq və azadlıqları hər bir cəmiyyətin ümumi inkişaf səviyyəsini müəyyən edən vacib amillərdən biri kimi çıxış edir. Müstəqilliyinin 25-ci ilini yaşayan və ötən müddətdə dövlətçiliyini güclü siyasi-ideoloji, iqtisadi-sosial təməllər üzərində möhkəmləndirən, milli iqtisadiyyatın dinamik və uzunmüddətli inkişafını stimullaşdıran Azərbaycan da müasir, demokratik və dünyəvi dövlət quruculuğuna xas şəkildə özünün mütərəqqi beynəlxalq norma və yanaşmalara, sivil əsaslara söykənən insan hüquq və azadlıqları sistemini, o cümlədən sosial ədalət prinsipinin üstünlüyünə istinad edən dolğun və daim təkmilləşən əmək və sosial hüquqlar platformasını yaratmağa nail olub.

Prezident İlham Əliyev tərəfindən aparılan düzgün düşünülmüş və müstəqil siyasət nəticəsində Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərə, xüsusən də Cənubi Qafqazın o qədər də böyük olmayan bir ölkəsinin qısa müddətdə xeyli güclənməsinə, regional və qlobal siyasi-iqtisadi proseslərdə fəallığının və siyasi nüfuzunun yüksəlməsinə, dünyəvi önəm kəsb edən nəhəng layihələrə müəlliflik etməsinə dünyanın ayrı-ayrı siyasi qruplarında yaranan qısqanc nəzərlər və bunun ölkəmizdə insan hüquqlarının təmin olunmasına münasibətdə də qeyri-adekvat və əsassız iddialara, qərəzli və ədalətsiz yanaşmalara yol açdığı aydın sezilməkdədir.

ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatında Azərbaycanla bağlı əksini tapan və heç bir reallığı əks etdirməyən fikirlər də insan hüquq və azadlıqları mövzusunun bu və ya digər dövlətə qarşı sanki təzyiq vasitəsi olduğunun beynəlxalq münasibətlər sistemində artıq problemə çevrildiyini düşünməyə əsas verir. Bu, ilk hal deyil və bundan öncə xüsusən Azərbaycanın beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərə uğurla evsahibliyi etdiyi, habelə 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi, bu ilin yayında ilk Avropa Oyunları kimi irimiqyaslı tədbirlərin Bakıda keçirildiyi dönəmlərdə ölkəmizə qarşı ayrı-ayrı beynəlxalq siyasi dairələrin sifarişi ilə hazırlanan qarayaxma və böhtan kampaniyaları yaddan çıxmayıb. Halbuki guya insan hüquq və azadlıqları adı altında başqa bir ölkədə problem axtarışına çıxan, beynəlxalq hüquqa və siyasi etikaya zidd şəkildə digər ölkələrin daxili işlərinə qarışmaq üçün uğursuz cəhdlər göstərən dövlətlərin özlərinin daxilində həmin hüquq və azadlıqların, eləcə də sosial hüquqların pozulmasının, polis tərəfindən dinc nümayişçilərə divan tutulmasının və kütləvi həbslərin adi hala çevrildiyi sirr deyil.

Departamentin qeyri-düzgün metodologiya və yanlış məlumatlar əsasında hazırladığı bu hesabatda insan hüquqlarından bəhs olunduğu halda, Ermənistanın BMT-nin məlum qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazisinin 20 faiz hissəsini hələ də işğal altında saxlaması nəticəsində bir milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin salınaraq ən ümdə insan hüquqlarından məhrum edilməsi barədə heç bir qeydin olmaması onun həqiqətdən uzaq və müəyyən dairələrin siyasi ambisiyaları üçün təzyiq aləti olduğunu bir daha təsdiqləyir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul olunan, ümumbəşəri dəyərləri və demokratik prinsipləri tam əhatə edən Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquqları, azadlıqları, o cümlədən əmək və sosial hüquqlar geniş şəkildə əksini tapıb. Sonralar Əsas Qanuna edilən əlavə və dəyişikliklər də mahiyyət etibarilə bu hüquq və azadlıqların daha səmərəli müdafiəsi, hər bir şəxsin layiqli həyat səviyyəsinin təmin olunması, demokratik cəmiyyət quruculuğunun genişlənməsi məqsədinə xidmət edib. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi bəyan edilir. Ötən dövrdə bu məqsədə uyğun olaraq mükəmməl qanunvericilik bazasının, hüquqi mexanizmlərin formalaşdırılması təmin olunub.

ABŞ Dövlət Departamentinin məlum hesabatında Azərbaycanda əmək və digər bir sıra sosial hüquqların təmini ilə bağlı əsassız fikirlərin də yer alması ölkəmizdə bu sahədə aparılan fəal siyasətə və onun müsbət nəticələrinə məhəl qoyulmaması səbəbindən qeyri-obyektiv və qərəzli yanaşmalardan başqa bir şey deyil. Qeyd edək ki, ölkəmiz əmək və sosial hüquqlar sahəsində mötəbər beynəlxalq qurumlarla (Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin İnkişaf Proqramı (BMT İP), Dünya Bankı (DB), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (UNICEF), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Avropa İttifaqının TACIS Proqramı və s.) əməkdaşlığa xüsusi önəm verir, bu əməkdaşlıq şəraitində və mühüm beynəlxalq sənədlərin prinsipləri əsasında əmək və sosial müdafiə sahəsində hüquqlar sistemini mütərəqqi dünya təcrübəsinə əsasən daim təkmilləşdirir. Azərbaycanın ratifikasiya etdiyi, Avropa məkanında insanların əmək və sosial hüquqlarının inkişafına yönələn Dəyişdirilmiş Avropa Sosial Xartiyasının müddəalarının icrası istiqamətində də ölkəmizdə konkret addımlar atılır.

Hesabatda ölkəmizdə məşğulluq və peşə sahəsində ayrı-seçkiliyin olması barədə yer alan yanaşma həqiqətdən uzaq olmaqla, Azərbaycanda hər bir cəmiyyət üzvünün əmək potensialından dolğun və bərabər əsaslarla istifadəsinə yönələn dövlət məşğulluq siyasətinin qeyri-obyektiv qiymətləndirilməsidir. Məlum olduğu kimi, Prezident cənab İlham Əliyevin respublikanın sürətli sosial-iqtisadi inkişafını təmin edən islahatlar kursu iqtisadi şaxələndirməyə və qeyri-neft sektorunun genişlənərək ümumdaxili məhsulda 70 faizə çatmasına, regionların inkişafı nəticəsində son 12 ildə ölkədə 1,4 milyona yaxın, habelə cari ilin 9 ayında 87 min yeni iş yerinin açılmasına, Avropa İttifaqında 9,6 faiz səviyyəsində özünü göstərən işsizliyin Azərbaycanda 5 faizə enməsinə imkan verib.

Müvafiq dövlət proqramlarının uğurlu icrası gənclərin də təhsil səviyyəsinin və məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərə şərait yaradıb və bu tədbirlərin nəticəsi olaraq son 5 il ərzində respublikada 15-29 yaşda gənclər arasında işsizliyin səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb. Halbuki dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş dövlətlərindən ibarət G20 qrupu ölkələrində 15-24 yaşda gənclər arasında işsizlik səviyyəsinin orta göstəricisi 20% (o cümlədən İspaniyada 53%, Cənubi Afrikada 52%, İtaliyada 43%, Səudiyyə Ərəbistanında 31% və s.) təşkil edir. Bu uğurlara görə Azərbaycan BƏT tərəfindən gənclərin məşğulluq problemlərinin həllində dünyada 10 lider ölkə sırasına daxil edilib. Eyni zamanda, ötən ildən etibarən BƏT-in rəsmi saytındakı "Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi" bölməsində 41 ölkə sırasında Azərbaycanın da gənclərin səmərəli məşğulluğunun təminatı sahəsində dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi barədə məlumatları təqdim olunur.

Məşğulluq orqanları ötən il və cari ilin 9 ayında ümumilikdə 52 min nəfərə yaxın işsiz və işaxtaran şəxsi münasib işlə, 2,8 min nəfərdən çox şəxsi ödənişli ictimai işlərlə, 7,4 minədək şəxsi əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərlə təmin edib. Aktiv məşğulluq tədbirlərindən olan əmək yarmarkalarında bu dövrdə 9,6 min nəfərə boş (vakant) iş yerlərinə göndəriş verilib ki, onlardan 85 faizə yaxını həmin göndərişlər üzrə münasib iş yeri ilə təmin olunub. İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün qeyd edilən dövrdə 6,6 minə yaxın şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Azərbaycan dövlət müstəqilliyi dövründə qadın hüquqlarının müdafiəsi üzrə bütün əsas beynəlxalq sənədləri ratifikasiya edib və BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi", BƏT-in "Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında", "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında", "Analığın mühafizəsi haqqında" konvensiyalarına tərəfdar çıxıb. Habelə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" 2006-cı il 10 oktyabr tarixli qanunun 7-ci maddəsində əmək fəaliyyətində kişi və qadınların bərabərliyinin təmin edilməsi, işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşılması və bərabər imkanlar yaradılması işəgötürənin vəzifələrindən biri kimi müəyyən edilir.

Bütün bunlar ölkədə əmək münasibətlərində iştirak sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyin hər hansı təzahürlərinə yol verilməməsini, gender bərabərliyini şərtləndirir. Rəsmi statistik məlumatlara əsasən, 2014-cü ildə Azərbaycanda iqtisadi fəal əhalidə qadınların xüsusi çəkisi 48,9% (2365 min nəfər), kişilərin xüsusi çəkisi 51,1% (2475,7 min nəfər), qadınların məşğul əhalinin sayında xüsusi çəkisi 48,4% (2226,8 min nəfər), kişilərinki isə 51,6% (2376,1 min nəfər) təşkil edib. Qadınlar kişilərə nisbətən daha çox təhsil (72,2%), səhiyyə və sosial xidmətlər (79,4%) sahələrində əmək fəaliyyəti göstəriblər. Cari ilin əvvəlinə olan məlumata əsasən isə, ölkəmizdə dövlət qulluğunun ali - 3-cü təsnifatlar üzrə inzibati vəzifələrini tutan qadınların sayı 325 nəfər (30%) təşkil edir ki, onların əsas hissəsi (yekuna görə 58,8%) 35-54 yaşlarda olanlardır.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara heç bir ayrı-seçkilik olmadan əmək bazarında iştirak imkanlarının yaradılması, belə insanların məşğulluğunun hərtərəfli dəstəklənməsi ölkəmizdə dövlət məşğulluq siyasətinin mühüm komponentlərindən biridir. Hətta "Məşğulluq haqqında" qanunun 9-cu maddəsində dövlət tərəfindən əlavə iş yerlərinin, ixtisaslaşdırılmış müəssisələrin, təşkilatların, o cümlədən əlilliyi olan şəxslərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyi üçün müəssisə və təşkilatların yaradılması yolu ilə, xüsusi proqramlar üzrə təlim təşkil edilməsi və digər tədbirlər görülməsi vasitəsilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına əlavə təminatlar verilməsi nəzərdə tutulur. Belə vətəndaşların kateqoriyalarına 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlilliyi olan şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları və şəhid ailələri aid edilib. Onlar üçün ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq, müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə kvotanın müəyyən olunması da qanunvericilikdə əksini tapır.

Eyni zamanda, qeyd olunan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onların əmək bazarının tələblərinə uyğun iş bacarıqlarına malik olmaları üçün peşə hazırlığına cəlb olunması prioritet fəaliyyət sahələrindəndir. Bu tədbirlərdən biri kimi məşğulluq orqanları tərəfindən əlilliyi olan şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi diqqətdə saxlanılır. Prezident cənab İlham Əliyevin iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu sahədə güclü maddi-texniki potensialın yaranmasına və mühüm addımların atılmasına imkan verib.

ABŞ Dövlət Departamentinin hesabatının "Ayrı-seçkilik, cəmiyyətdə zorakılıq və insan alveri" fəslində bu sahə ilə bağlı ölkəmizə münasibətdə də ədalətsiz yanaşma özünü göstərir. Qeyd olunduğu kimi, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyin təzahürləri mövcud deyil və bu, əlilliyi olan şəxslərə münasibətdə də qətiyyən yolverilməzdir. Əksinə, bu gün Azərbaycan əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların səmərəli reabilitasiya sistemi ilə əhatə olunması, cəmiyyətə inteqrasiyası, onların azad və hərtərəfli inkişafı yönündə fəal və məqsədyönlü siyasət aparan bir ölkədir.

Əlilliyi olan şəxslərə aylıq sosial müavinətlər, qanunvericilikdə nəzərdə tutulan qədər sığorta stajlarına malik olduqları halda aylıq əmək pensiyaları ödənilir. Hazırda ölkədə 53,5 mindən çox şəxs Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunur ki, onların böyük bir hissəsi müharibə əlilləri və onlara bərabər tutulanlar, əmək pensiyası almaq hüququ olmayan və yalnız aylıq sosial müavinət alan birinci qrup əlillərdir. Təkcə ötən il Prezident cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Prezident təqaüdünün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Ümumiyyətlə, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə yüksəlib. Sosial sahəyə xüsusi diqqət və qayğının daha bir nəticəsi kimi, təkcə 2014-cü ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib.

Azərbaycanda artıq neçə illərdir ki, müvafiq kateqoriyalara aid olan əlil şəxslər dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təmin edilirlər. İndiyədək bu kateqoriyadan olan 4,6 mindən çox şəxsə mənzillər verilib və yaxın bir neçə ildə daha 5 mindən çox belə şəxsə mənzil verilməsi üçün müvafiq işlər aparılır. Bu vaxta qədər 5650 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan insan minik avtomobili ilə təmin edilib. Butun bunlar həmin şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir.

İnsan alveri qurbanlarının və insan alverinin potensial qurbanı ola biləcək şəxslərin sosial müdafiəsi və sosial reabilitasiyası ölkədə aparılan sosial siyasətdə mühüm yer tutur. Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli sərəncamı ilə ölkədə insan alverinə qarşı mübarizəyə dair yeni, yəni 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib ki, bu sənəddə digər tədbirlərlə yanaşı, insan alverinə şərait yaradan sosial problemlərin həlli, sosial cəhətdən həssas qruplardan olan şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması üçün çoxşaxəli tədbirlər əhatə edilib. Həmin tədbirlər sırasına qeyd edilən şəxslərin əmək bazarına inteqrasiyasına yönələn işlərin görülməsi, onların peşə reabilitasiyası, məşğulluq probleminin həlli, dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması üçün onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlərin, sosial-məsləhət yardımlarının göstərilməsi, yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası, bu sahədə aidiyyəti qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və s. daxildir. Bütün bu istiqamətlərdə fəal işlər aparılır.

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan alveri qurbanlarına və insan alverinin qurbanına çevrilmək riski olan şəxslərə maddi, tibbi, hüquqi, psixoloji və digər yardımlar göstərilir. Təkcə ötən il və cari ilin 9 ayında bu mərkəz insan alveri qurbanı və insan alverinin qurbanına çevrilmək riski olan ümumilikdə 160 nəfərədək insana müvafiq yardımların göstərilməsini təmin edib.

Hesabatın işçi hüquqlarına dair fəslində ölkəmizlə bağlı əksini tapan əsassız iddialardan bir qismi işçilərin birləşmək azadlığı və kollektiv sövdələşmə hüququnun təmini, eləcə də məcburi və yaxud icbari əməyin qadağan edilməsi, uşaq əməyinin qadağan edilməsi və minimal məşğulluq yaşı məsələlərini əhatə edir. Bu gün ölkəmizin əmək qanunvericiliyində bu məsələlərin dolğun şəkildə hüquqi tənzimlənməsi təmin olunur. Belə ki, Əmək Məcəlləsinə əsasən, işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında müəssisədə həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilərə əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilmək hüququ verilib. Həmkarlar ittifaqlarının hüquq və vəzifələri, səlahiyyətləri "Həmkarlar ittifaqları haqqında" qanunla, həmçinin onların nizamnamələri ilə müəyyən olunur.

Ötən dövrdə BMT-nin "Uşaq hüquqları haqqında", Beynəlxalq Əmək Təşkilatının "İşə qəbul etmək üçün minimum yaş həddi haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" konvensiyalarını ratifikasiya edən Azərbaycanda uşaqlarla bağlı aparılan siyasət, o cümlədən uşaq əməyinin, xüsusilə onun ən pis formalarının aradan qaldırılması ilə bağlı fəaliyyət mexanizmi həmin konvensiyalar əsasında təkmilləşdirilib. Milli əmək qanunvericiliyində 15 yaşına çatmamış şəxslərin işə qəbulu, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağan edilməklə, bu tələbi pozan işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilməsi, habelə 18 yaşadək olan işçilər üçün əmək şəraiti, iş vaxtının, əmək məzuniyyətinin vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər nəzərdə tutulub.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən son illərdə bu sahəyə dövlət nəzarəti, uşaq əməyinin istismarına qarşı mübarizə xeyli gücləndirilib. Uşaq əməyinin istismarı hallarına qarşı mübarizə sahəsində əmək müfəttişlərinin bilik və peşəkarlıqlarının artırılması üçün onların aidiyyəti üzrə müxtəlif təlim və treninqlərdə mütəmadi iştirakı təmin edilir. Ümumilikdə son illərdə aidiyyəti qurumlarla birgə görülən işlərin müsbət nəticəsi kimi ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimuma enib.

Hesabatda ölkəmizdə məqbul iş şəraiti ilə bağlı qeyd olunan fikirlər də qeyri-obyektivdir və reallıqdan uzaqdır. Çünki bu gün Azərbaycan əməyin mühafizəsi sahəsində məqsədyönlü və ilbəil güclənən siyasətə malik olmaqla, bu sahədə regional və beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulan, BƏT və digər mötəbər beynəlxalq qurumlarla əməkdaşlığını daim genişləndirən bir ölkədir və bunun daha bir ifadəsi kimi ölkəmizdə BƏT-lə əməkdaşlıq çərçivəsində Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı icra olunub.

Respublikada hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ konstitusion səviyyədə təsbit olunub və Əmək Məcəlləsində, müvafiq normativ hüquqi aktlarda vətəndaşların bu sahədə hüquqlarına dair vacib prinsiplər əksini taparaq, iş yerlərində əməyin mühafizəsi ilə bağlı işəgötürənlər qarşısında konkret vəzifələr müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış 2014-2015-ci illər üçün Baş Kollektiv Sazişin 5-ci, yəni "Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik" bölməsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması əsas öhdəliklər sırasındadır.

İş yerlərində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, istehsalatda baş verə biləcək qəza hallarının qarşısının alınmasına bu gün ciddi nəzarət həyata keçirilir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı ötən il və cari ilin 9 ayında aşkar edilən hüquq pozuntularının 743-ü məhz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi ilə bağlı olub və bu hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. Dövlət nəzarəti zamanı əməyin mühafizəsi normalarının pozulması faktları ilə bağlı müvafiq inzibati tədbirlər görülməklə yanaşı, institusional xarakterli işlər də aparılır, işəgötürənlərə hüquqi izahatlar, məlumatlar verilir, onların bu sahədə maarifləndirilməsi təmin olunur. Son illərdə "Təhlükəsiz iş həftəsi", "Təhlükəsiz iş ongünlüyü" və "Təhlükəsiz iş aylığı" tədbirləri çərçivəsində də əsasən istehsalat qəzası riski yüksək olan müəssisələrdə qəzaların qarşısının alınması üçün görülməli olan profilaktik işlər barədə işəgötürənlərin, əməyin mühafizəsi üzrə mütəxəssislərin geniş məlumatlandırılması həyata keçirilib.

Azərbaycanda əməyin mühafizəsi sahəsində qarşıdakı dövrdə də sistemli işlər aparılacaq. Dövlət başçısının 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının icrası üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın hazırlanması nəzərdə tutulub. Artıq son illərdə aidiyyəti dövlət orqanlarının və sosial partnyorların iştirakı ilə strategiyanın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bu layihədə respublikada Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması, əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə onların icbari tibbi sığorta olunmalarına dövlət və ictimai nəzarətin gücləndirilməsi və s. önəmli tədbirlər əhatə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində insan amili, ölkə vətəndaşlarının sosial firavanlığının təminatı prinsipinin dayanması əmək və sosial təminat sisteminin gücləndirilməsi, bu sahələrdə hər bir cəmiyyət üzvünün bərabər əsaslarla yararlana biləcəyi iş mexanizmlərinin təkmilləşdirilməsi üçün qarşıdakı dövrdə də mühüm addımların atılmasına əsaslı təminat yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti