...

Azərbaycan Prezidenti: Dünyada və xüsusilə bizim regionumuzda yeni təhlükə ocaqları yaranıb

Siyasət Materials 11 Yanvar 2016 22:51 (UTC +04:00)
“2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur”.
Azərbaycan Prezidenti: Dünyada və xüsusilə bizim regionumuzda yeni təhlükə ocaqları yaranıb

Bakı. Trend:

"2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi. Bizim regionumuzda isə iqtisadi böhranla yanaşı, siyasi və hərbi böhran müşahidə olunur".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

İlham Əliyev bildirib ki, əfsuslar ki, mövcud olan münaqişələr 2015-ci ildə öz həllini tapmadı:

"Əksinə, dünyada və xüsusilə bizim regionumuzda yeni təhlükə ocaqları yaranmışdır. Əlbəttə ki, bu hadisələr regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir. Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada münaqişələr, qanlı toqquşmalar, müharibələr davam edir.

Əlbəttə, bu, bizi ciddi narahat edir. Çünki biz də bu regionda yaşayırıq və regionda baş verən hadisələr istər-istəməz bizə də öz təsirini göstərir. Xarici müdaxilə nəticəsində Yaxın Şərqdən artıq qaçqın, köçkün vəziyyətinə düşmüş yüz minlərlə insan Avropaya pənah gətirir. Yüz minlərlə insan həlak olmuşdur. Milyonlarla insan qaçqın, köçkün vəziyyətində yaşayır.

Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Biz yaxşı bilirik ki, bu, nə deməkdir. O vaxt Azərbaycan bu humanitar fəlakətlə təkbaşına üz-üzə qalmışdı".

Dövlət başçısı bildirib ki, adambaşına ən yüksək köçkün, qaçqın səviyyəsi Azərbaycanda olmuşdur. Ancaq buna baxmayaraq, biz lazımi tədbirlər görərək, öz daxili resurslarımıza əsaslanaraq bu vəziyyətdən çıxa bildik. Biz köçkünlərin, qaçqınların yaşayış səviyyəsini böyük dərəcədə yaxşılaşdıra bilmişik.

Ancaq bu gün Avropada buna miqrant böhranı deyirlər. Mən dəfələrlə demişəm ki, bu, ilk növbədə, vətənini, əmlakını, doğmalarını itirmiş insanlar üçün böhrandır. Onlar indi Avropaya sığınacaq tapmaq, canlarını qurtarmaq üçün pənah gətirirlər. Orada da onları nələr gözləyir, hamımız yaxşı görürük. Bununla bərabər, yaranmış bu vəziyyət istər-istəməz Avropada radikal qüvvələrin, İslamafobiya meyillərinin güclənməsinə gətirib çıxarır. Bu da çox təhlükəli meyildir.

Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Eyni zamanda, bizi Avropa ölkələri ilə dərin əlaqələr bağlayır. Biz siyasi, iqtisadi, enerji sahələrində, başqa sahələrdə uğurla əməkdaşlıq edirik. Biz həmişə çalışırıq ki, dinlərarası, sivilizasiyalararası dialoq daha da güclənsin. Biz bu işə öz töhfəmizi vermişik və öz nümunəmizi ortaya qoymuşuq. Ona görə bu gün dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq bizi narahat edir. Bu, çox təhlükəli meyillərdir. Azərbaycan öz tərəfindən çalışacaq ki, bu meyillərin yumşaldılması və müsbət məcraya yönəldilməsi üçün öz səylərini göstərsin".

Xəbər lenti

Xəbər lenti