...

Prezident İlham Əliyev: Sosial infrastruktur layihələri davam etdirilməlidir

Siyasət Materials 26 Yanvar 2016 14:23 (UTC +04:00)
Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş icra ediləcək.
Prezident İlham Əliyev: Sosial infrastruktur layihələri davam etdirilməlidir

Bakı. Trend:

Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş icra ediləcək. Regionlarda bu il nəzərdə tutulan infrastruktur layihələri icra edilməlidir. Bir çox layihələr artıq icra edilib. Ancaq hələ ki elektrik enerjisi və qazlaşma ilə bağlı görüləsi işlər də çoxdur.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, xüsusilə kənd yollarının tikintisi ilə bağlı bu il əlavə böyük vəsait ayrılmalıdır: "Çünki ilk növbədə buna ehtiyac var. Yerlərdən təkliflər irəli sürülür. Eyni zamanda, bu, bölgələrdə insanları bu işlərə cəlb edəcək və işsizliyi də aradan götürəcək. İşsizliyə qarşı biz son illər ərzində çox fəal işlər görmüşük. Bunun nəticəsidir ki, Azərbaycanda işsizlik son illər ərzində 5 faizə düşüb. Bu doğrudan da bizim tarixi nailiyyətimizdir. Yoxsulluq da həmçinin işsizliklə bərabər 5 faizə düşüb. Amma indiki şəraitdə işsizlik qalxa bilər. Düzdür, artıq yeni iş yerləri açılır və iş yerləri bağlanır. Keçən il ölkədə 80 mindən çox daimi iş yeri açılmışdı, 40 min iş yeri bağlanmışdı. Bu il biz bu statistikanı düzgün aparmalıyıq. O yerlərdə, o bölgələrdə ki, iş yerləri bağlanıb, orada daha böyük işlər görülməlidir. Həm dövlət qurumları, həm də özəl sektorlar bu məsələni diqqətdə saxlamalıdırlar".

Prezident İlham Əliyev bildirib ki, kənd yollarının tikintisi isə bu istiqamətdə önəmli addımdır: "Bu, iki məqsəd güdür. Həm infrastruktur yaxşılaşır, həm də insanlar işə cəlb olunur. Kənd yollarının tikintisində bizim xarici kompanentə ehtiyacımız yoxdur. Bütün lazım olan materiallar Azərbaycanda istehsal olunur və kənd yollarının tikintisində valyuta kompanenti yoxdur. Bu da indiki şəraitdə çox önəmlidir. İçməli su layihələri də icra edilməlidir. Bu layihələr insanları içməli su ilə təmin edəcək və edir, yeni iş yerləri yaradacaq. İçməli su layihələrinin icrasında da daxili istehsal bu işləri təmin edir. Son illər ərzində daxili istehsala verdiyimiz diqqət, qoyduğumuz sərmayə bu reallığı indi təmin edir. Əgər bunu etməsəydik, biz indi idxaldan daha çox asılı vəziyyətdə olacaqdıq. Ona görə infrastruktur layihələri icra edilməlidir. Bəziləri hesab edir ki, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlı biz daha da ixtisar etməliyik. Təbii bu belədir, ancaq güman edirəm ki, biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha da böyük dinamizm verə bilərik və bunu biz edəcəyik".

Dövlət başçısı sonra deyib ki, son illər ərzində 1500-ə yaxın subartezyan quyusu qazılıb: "Keçən ilin sonunda bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan 10 milyon manat ayrılıb. Ola bilər ki, il ərzində əlavə vəsaitlər ayrılacaq və subartezyan quyularının qazılması prosesi davam etdiriləcək. Sosial infrastruktur layihələri davam etdirilməlidir. Həm Bakıda, həm böyük, həm də kiçik şəhərlərdə məktəb, tibb məntəqələri, xüsusilə uşaq bağçalarının tikintisinə böyük ehtiyac var. Yeni iş yerlərinin yaradılması bu il xüsusi əhəmiyyət kəsb edir. Çünki bəzi iş yerləri bağlanıb. Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Amma bu illər ərzində Azərbaycan əhalisi artıb. 2003-cü ildə əhalinin sayı 8,4 milyon idisə, bu il Azərbaycanın əhalisi 9,7 milyon nəfərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti