...

Sevinc Fətəliyeva: Azərbaycan terrorizmin qarşısının alınması yönündə beynəlxalq səylərə fəal töhfəsini verir

Siyasət Materials 28 Yanvar 2016 13:50 (UTC +04:00)
Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdəndir və beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir. Terrorizm Ermənistanın işğalçı siyasətinin ayrılmaz tərkib hissəsidir.
Sevinc Fətəliyeva: Azərbaycan terrorizmin qarşısının alınması yönündə beynəlxalq səylərə fəal töhfəsini verir

Bakı. Trend:

Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdəndir və beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edir. Terrorizm Ermənistanın işğalçı siyasətinin ayrılmaz tərkib hissəsidir.

Trend-in məlumatına görə, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun terrorizmə qarşı mübarizəyə həsr edilmiş sessiyasındakı çıxışında səsləndirib.

S.Fətəliyeva bildirib ki, bu yaxınlarda Türkiyə, Fransa, Misir, İndoneziya və digər ölkələrdə baş verən dəhşətli hadisələr terrorizmin hər bir ölkə üçün ciddi təhlükə olduğunu və dünyada heç bir dövlətin ondan sığortalanmadığını göstərdi.

Millət vəkili qeyd edib ki, dözümsüzlük, radikalizm və ekstremizmə əsaslanan terrorizm hələ də müxtəlif regionlarda sülhə, təhlükəsizliyə, sabitliyə və inkişafa mənfi təsir göstərir: "Müasir dövrdə terrorçular insanları öz sıralarına cəlb etmək və təbliğat aparmaq, eləcə də planlaşdırma və maliyyələşdirmə məqsədilə yeni texnologiyalardan, internetdən istifadə edirlər".

Deputat terrorizmin bütün dövlətlərin və beynəlxalq təşkilatların beynəlxalq hüquqa və insan haqlarına söykənən əməkdaşlığı da daxil olmaqla ardıcıl və hərtərəfli yanaşma əsasında məğlub edilə biləcək bir şər olduğunu vurğulayıb: "Terrorizmə qarşı mübarizədə bu təhlükənin yayılmasına münbit şərait yaradan həll olunmamış münaqişələrin, insan haqlarının pozulması, mədəniyyətlərarası dialoqun olmaması, etnik və dini diskriminasiya kimi halların aradan qaldırılması vacibdir".

S.Fətəliyeva deyib ki, Ermənistan özünün hüquq-mühafizə orqanlarının və beynəlxalq terrorçu qruplaşmaların birbaşa iştirakı ilə Azərbaycana qarşı onlarla terror aktı törədib: "Hərbi təcavüzlə bərabər, etnik təmizləmə həyata keçirmək üçün mülki əhaliyə qarşı terror aktları təşkil olunub. Bu siyasət Azərbaycan ərazisinin 20 faizinin işğalına, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə gətirib çıxarıb. Ermənistan, həmçinin münaqişə zonasından uzaqda yerləşən bölgələrdə yaşayan mülki əhaliyə qarşı ictimai nəqliyyatda və bir sıra məkanlarda terror aktları törətməklə savaş aparıb".

Deputat sonra bildirib: "Terrorizmlə separatizm, ekstremizm və narkotik maddə qaçaqmalçılığı, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı da daxil olmaqla mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr baxımından Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət böyük narahatlıq doğurur. Ermənistanın terror hədələri ilə yanaşı, Azərbaycan beynəlxalq terror təşkilatlarının törətdiyi təhlükələrlə də üz-üzədir. Ölkəmizin həssas regionun yaxınlığında yerləşməsi hədələri daha da görünən edir. Bu səbəbdən də Azərbaycan terrorizmin qarşısının alınması yönündə beynəlxalq səylərə fəal töhfəsini verir".

S.Fətəliyeva sonra deyib ki, hazırkı dövrdə dini savadsızlıqdan etnik, dini və mədəni kökləri olan münaqişələrin alovlanmasında istifadə olunur: "Bu isə ekstremizm və terrorun yayılmasına səbəb olan radikalizmi, islamofobiyanı daha da gücləndirir. Bütün millətlərin və dini konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkə olaraq Azərbaycan sivilizasiyalararası dialoqa töhfə verməyə çalışır. Ölkəmiz müxtəlif dinlər arasında daha yaxşı anlaşmanın təmin olunmasına xidmət edən çoxsaylı işlər görür".

Deputat əlavə edib ki, terrorizm beynəlxalq sülh və təhlükəsizliyə, insan haqlarına, təməl azadlıqlara, demokratiyaya, dövlətlərin siyasi müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına ciddi təhdiddir: "Səbəbindən asılı olmayaraq heç bir terrorizm aktına haqq qazandırıla bilməz. Dövlətlər arasındakı hərbi münaqişələr, aqressiya, separatizm və ekstremizmin yayılması terrorizm üçün əlverişli şərait yaradır. Bütün bunlar Avropa Şurası üçün mübarizə hədəflərindən biri olmalıdır. Bu səbəbdən də münaqişələr beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri, o cümlədən Avropa Şurasının standartları və dəyərləri əsasında həllini tapmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti