...

Azərbaycan və Türkiyə - əsl dostluq nümunəsi

Siyasət Materials 16 Mart 2016 12:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə baş tutmuş səfəri iki ölkə arasında əlaqələri qardaşlığın və qarşılıqlı dəstəyin daha yüksək səviyyəsinə çıxardı.
Azərbaycan və Türkiyə -  əsl dostluq nümunəsi

Rufiz Hafizoğlu - Trend-in Yaxın şərq xəbərlər xidmətinin rəhbəri

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə baş tutmuş səfəri iki ölkə arasında əlaqələri qardaşlığın və qarşılıqlı dəstəyin daha yüksək səviyyəsinə çıxardı.

Azərbaycan-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının V iclasında iştirak etməli olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ikinci dəfədir təxirə salınırdı. Hər iki halda da buna səbəb Ankarada törədilmiş terror aktları olub. Ənənəyə əsasən Azərbaycanda keçirilməli olan Şuranın iclası növbəti hadisələr olmasaydı, ola bilsin ki, növbəti dəfə təxirə salınardı.

Prezident İlham Əliyev Şuranın iclasında iştirak etmək üçün Türkiyəyə yollandı. Dövlət başçısı ilə birlikdə Ankaraya geniş tərkibli Azərbaycan nümayəndə heyəti getmişdi. Görüş zamanı siyasət və iqtisadiyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, xeyli sayda sənəd imzalanıb. Lakin hər şeydən əvvəl, bu səfər Türkiyə üçün ağır dövrdə dəstək nümayişi idi.

Prezident İlham Əliyev bildirib: "Biz bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün Türkiyə xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Və biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz, Türkiyə xalqının iradəsinə təsir edə bilməz, Türkiyəni haqq yolundan döndərə bilməz".

Heç kəs erməni terroru ilə üzləşən Azərbaycan qədər Türkiyəni başa düşə bilməz. Məhz Türkiyə Azərbaycan üçün ən ağır dövrdə ölkənin yanında olub.

Prezident İlham Əliyev deyib: "Bizim gücümüz birliyimizdədir. Bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq. Türkiyə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarı olub və bu dəstək bu gün də göstərilir".

Prezident İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasında həqiqətən qardaşlıq əlaqələrinin növbəti təsdiqi, eləcə də Bakı və Ankara arasında münasibətlərdə fundamental olan ifadənin - "bir millət, iki dövlət" - birbaşa təsdiqi oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti