...

Prezidentə məktublar: Biz Vətənimizin və Sizin müsəlləh əsgərinizik

Siyasət Materials 6 Aprel 2016 11:16 (UTC +04:00)
Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar: Biz Vətənimizin və Sizin müsəlləh əsgərinizik

Bakı. Trend:

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Hörmətli cənab Ali Baş Komandan.

Ordumuzun cəbhədə bir neçə strateji yüksəkliyi ələ keçirməsi münasibətilə Sizi təbrik edirəm. Bu anlarda özümü Qarabağda hiss edirəm. Biz bu uğurları Sizin rəhbərliyinizlə qazandıq.

Möhtərəm Prezident, mən də bir vətəndaş kimi Qarabağa döyüşə getməyi özümə borc bilirəm. Mənim dayım da Vətən uğrunda gedən döyüşlərdə şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə vuruşmaq hər bir gəncin arzusudur. Bizim arzumuz həm də Sizin komandanlığınızla torpaqlarımızı yağı düşməndən azad etməkdir. Bu yolda Sizə və Ordumuza uğurlar arzu edirik.

Hörmətlə,

Əzimzadə Nərmin Şaiq qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.

x x x

Hörmətli Ali Baş Komandan, biz gənclər və bütün dünya azərbaycanlıları Sizinlə fəxr edirik. Ölkəmizdə, Vətənim Azərbaycanda, Qarabağımızda gedən döyüşlərdə düşmənə qarşı şücaətlə vuruşmaq mənim də arzum olub. Arzumdur ki, mən də Vətənə öz borcumu verim. Xahiş edirəm ki, bir vətəndaş olaraq mənim bu arzumu reallaşdırasınız və tapşırıq verəsiniz ki, məni silah-sursatla təmin etsinlər və mən də Vətənim Azərbaycanın, işğal olunmuş torpaqlarımızın müdafiəsində iştirak edim. Daha dözməyə səbrimiz qalmayıb.

Hörmətlə,

Hüseynov Şamxal Adil oğlu,

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

x x x

Hörmətli cənab Prezident.

Əvvəla ordumuzun uğurları münasibətilə Sizi təbrik edirəm. Şəhidlərimizin ruhu şad olsun. Sizə və bütün Azərbaycan xalqına başsağlığı verirəm.

Cənab Prezident, təmas xəttində ermənilərə belə layiqli cavab verdiyiniz üçün Sizə minnətdaram. Xahiş edirəm mənim ordu sıralarına qatılmağım üçün göstəriş verəsiniz.

Hörmətlə,

Sadiqov Asif Elşad oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

x x x

Cənab Prezident,

Son günlərdə ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr biz vətəndaşları çox sevindirir və qürurlandırır. Düşmənlə qəhrəmanlıqla döyüşən Azərbaycanın qeyrətli oğullarını Allah qorusun.

Cənab Ali Baş Komandanım, çıxışlarınızda dəfələrlə bildirmisiniz ki, erməni əsgərləri bizim torpaqlardan çıxmasalar, ordumuzun cavabı ağır olacaq. Amma düşmən buna məhəl qoymurdu və nəhayət, onlar qüdrətli Azərbaycan ordusunun gücünü gördü. Ordumuzun uğurları Sizin apardığınız uğurlu daxili və xarici siyasətin bəhrəsidir. Buna görə Sizə ailəmizin adından təşəkkür edirəm. Allah hər zaman Sizi qorusun! Allah Ulu Öndərimizin məkanını cənnətlik etsin. Əgər o dahi şəxsiyyət olmasaydı, Azərbaycan xəritədən silinəcəkdi. Bir daha cənab Ali Baş Komandanım, Sizə işlərinizdə uğurlar arzulayıram, zəfərləriniz hər zaman bol olsun.

Allah şəhidlərimizə rəhmət eləsin. Cənab Ali Baş Komandanım, hər zaman əmrinizi gözləyirik ki, düşməni torpağımızdan axıra qədər qovaq.

Hörmətlə,

Rəhimov Vüqar Baxış oğlu

Azərbaycan Respublikası, Zərdab rayonu

x x x

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mən Ağdam rayonu 36 saylı məktəbin 11-ci sinif şagirdiyəm. Erməni təxribatlarının həmişə şahidi olmuşuq və mənfur düşmən indi də təxribatlarını davam etdirir. Son günlər Milli Ordumuzun erməni təxribatlarına tutarlı cavab verməsi hamımızı qürurlandırdı. Biz bu uğurlara ürəkdən sevinirik. İnanırıq ki, yaxın vaxtlarda işğal altındakı bütün rayonlarımız Sizin rəhbərliyiniz və qətiyyətinizlə azad ediləcək. Əminik ki, o gün uzaqda deyil.

Biz Prezidentimizlə fəxr edirik. Vətənimiz uğurunda, Sizin uğrunuzda döyüşməyə hər an hazırıq. Biz Vətənimizin və Sizin müsəlləh əsgərinizik.

Hörmətlə,

Vəliyev Yaşar Ceyhun oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

x x x

Cənab Ali Baş Komandan, əvvəla Vətən uğrunda şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən təmizləmək istiqamətində son günlərdə uğurla keçirilən əməliyyatlar məni çox sevindirir. Əminik ki, işğal altındakı Dağlıq Qarabağımız düşmən tapdağından uğurlu siyasətiniz sayəsində azad ediləcək. Yaşımın 15 olmasına baxmayaraq mən də əsgərlərimizlə birlikdə torpaqlarımızı işğaldan azad etmək istəyirəm. Öz ordumuza, ən əsası da Sizə güvənirik və hər an Vətən uğrunda canımızdan keçməyə hazırıq.

Hörmətlə,

Qarayeva Nərmin Rauf qızı,

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

x x x

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Ordumuzun qoşunların təmas xəttində qazandığı qələbələr münasibətilə Sizi təbrik edirəm. Cənab Prezident xalq Sizə inanır və Sizin əmrinizi gözləyir.

Bir daha Sizi təbrik edirəm. İşlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Cəfərli Cəfər Əsəd oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

x x x

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən Türkiyənin Ankara Universitetində təhsil alıram. Son günlər cəbhədə baş verən döyüşlərdə əsgərlərimizin şəhid olması xəbərini dərin kədər hissi ilə aldıq. Amma Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi bizi sevindirdi.

Mən hazırda Türkiyədə olsam da Vətənim uğrunda döyüşməyi hər zaman özümə borc bilirəm. Yetər ki, əmr edin, cənab Ali Baş Komandan! Biz torpaqlarımızı düşmən tapdağından azad etməyi özümüzə şərəf bilirik. Biz gənclər Sizin əmrinizi gözləyirik.

Hörmətlə,

Məmmədov Sədrəddin Ülfət oğlu.

Azərbaycan Respublikası, Şəki şəhəri, Kiş kəndi.

x x x

Cənab Prezident, torpaqlarımızın azad edilməsi uğrunda göstərdiyiniz əzmkarlıq və qətiyyət üçün Sizə minnətdaram. Xalqımız Sizə inanir və Sizinlədir. Allah Sizi qorusun! Qələbə gününü və bununla bağlı ilk təbriki də Sizdən gözləyirik, cənab Ali Baş Komandanımız!

Hörmətlə,

Kamalzadə Yeganə Kamal qızı,

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

x x x

Möhtərəm cənab Prezident,

1986-1988-ci illərdə Əfqanıstanda müharibədə iştirak etmişəm. Hərb sahəsində çoxlu təcrübəyə yiyələnmişəm. Lənkəranda olan Əfqanıstan müharibəsi iştirakçıları və mən Sizin əmrinizi gözləyirik. Biz torpaqlarımızın müdafiəsinə qalxmağa hər zaman hazırıq. Bu gün də hazırıq, sabah da hazırıq və son nəfəsimizə qədər də hazır olacağıq.

Hörmətlə,

Abdulov Rövşən Höccət oğlu

Azərbaycan Respublikası, Lənkəran şəhəri

x x x

Hörmətli Prezident İlham Əliyev.

Qardaş Azərbaycan üçün bu çətin günlərdə Türkiyənin digər vətəndaşları kimi, mən də Sizin yanınızda olduğumu bildirmək istəyirəm. Azərbaycanın mənafeyi bizim üçün hər şeydən üstündür. Can Azərbaycanın igid əsgərlərinın arasında olmağı mən də arzu edərdim.

Azərbaycanın və Türkiyənin sarsılmaz qardaşlığının yeni dünya nizamında güclü türk birliyinin yaradılmasına və xalqlarımıza sevinc və uğurlar bəxş edəcəyinə inanıram. Qarabağımızın tezliklə işğaldan azad olunacağına əminəm. Uzaqgörən dövlət başçılarımız - Sizin və Rəcəb Tayyib Ərdoğanın sayəsində, inşallah, daha da gözəl günlər görəcəyik. Yaşasın "Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyə.

Hörmətlə,

Ay Barış Əli oğlu

Türkiyə Respublikası, Uşak şəhəri

x x x

Cənab Ali Baş Komandan,

Son günlər Azərbaycan Ordusunun davamlı zərbələri nəticəsində bir sıra yaşayış məntəqələrimiz azad olundu. Düşmən isə hələ də təslim olmaq, işğal etdiyi torpaqlardan çıxmaq istəmir. Xahiş edirik, ehtiyatda olan biz zabitlərin səfərbər olunması, komplektləşdirilməsi və ön cəbhəyə yola salınması üçün əmr verəsiniz. Biz hər an Vətənimizi qorumağa hazırıq.

Hörmətlə,

Ağayev Rüfət Tofiq oğlu

Azərbaycan Respublikası, Salyan rayonu

x x x

Hörmətli cənab Prezident.

Türkiyə, bütün türk milləti hər zaman azərbaycanlı qardaşlarının yanındadır. Biz "Bir millət, iki dövlət"ik. Bu daim belə olub və belə də olacaq.

Özoğuz Mert Hasan Turğay oğlu

Türkiyə Respublikası, Qaziantep şəhəri

x x x

Cənab Prezident, qazandığımız qələbə münasibətilə Sizi və həmvətənlərimi təbrik edirəm. İnşallah qələbələrin nəticəsi düşmən tapdağındakı torpaqlarımızın qaytarılması ilə yekunlaşar. Cənab Prezident, icazə verin bizlər də Vətənimizin, torpaqlarımızın, həsrətində olduğumuz Qarabağımızın azad olunmasında cəbhədəki qardaşlarımızla birgə döyüşək. Özümü dərk etdiyim zamandan bəri bunun arzusunda olmuşam. İcazə verin mənim kimi gənc Vətən övladları bu arzularını reallaşdırsınlar, Vətən torpaqlarını canları, qanları hesabına, var gücləri ilə düşməndən təmizləməyə kömək etsinlər.

Hörmətlə,

Quliyev Vahid Qədirəddin oğlu,

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti