...

Prezidentə məktublar: Vətən uğrunda döyüşdə iştirak etmək hər bir azərbaycanlı üçün böyük şərəfdir

Siyasət Materials 6 Aprel 2016 13:37 (UTC +04:00)
Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar: Vətən uğrunda döyüşdə iştirak etmək hər bir azərbaycanlı üçün böyük şərəfdir

Bakı. Trend:

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Maştağa gəncləri adından xahiş edirik ki, bizim könüllü olaraq cəbhəyə getməyimiz üçün göstəriş verəsiniz. Biz hərbi xidmətdə olmuşuq və cəbhədəki uğurlu əməliyyatlarda iştirak etmək istəyirik.

Hörmətlə,
Cavadov Qasım Əliabbas oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

x x x

Hörmətli cənab Prezident.

Son günlər arzularım, dualarım çin olur. İnanın, şad xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Biz hamımız bunu neçə illərdir ki, gözləyirdik. Sevincimin həddi-hüdudu yoxdur. Əhd etmişəm ki, torpaqlarımız işğaldan tam azad olunandan sonra ilk bayram namazını Qarabağda qılacağam.

Mənim Sizinlə bağlı bir arzum da var. Sizinlə və ailənizlə görüşmək. Ümid edirəm ki, nə vaxtsa bu arzuma da çataram. Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Dualarım daim Sizinlədir. Azərbaycan xalqı Sizə çox inanır və güvənir. Siz də hər dəfə o inamı və güvəni doğruldursunuz. Nə yaxşı ki, varsınız, cənab Prezident!
İnşallah, düşmənlərimiz üzərində qələbəni Azərbaycan xalqı möhtəşəm şəkildə qeyd edəcək. Həmin gün tarixə qızıl hərflərlə yazılacaq. Allah bizi bütün arzularımıza çatdırsın.

Dərin hörmətlə,
Zeynalova Aysel Hidayətovna
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu

x x x

Hörmətli Prezident İlham Əliyev.

Sizi, Azərbaycan xalqını, müdafiə nazirini, Azərbaycan Ordusunda döyüşən igid qardaşlarımızı ürəkdən salamlayıram.

"Bir millət, iki dövlət" olan Türkiyənin və Azərbaycanın tarix boyu mövcud olan qardaşlıq münasibətlərinin xalqlarımız var olduqca davam edəcəyinə inanırıq. Ermənistan silahlı qüvvələri ilə döyüşlərdə həlak olmuş şəhid qardaşlarımızla əlaqədar kədərinizi paylaşır, Sizə və şəhidlərimizin yaxınlarına Allahdan səbr diləyirəm. Vətənini, bayrağını, dinini, namusunu erməni işğalçılarının təcavüzündən qorumaq üçün şəhid olan övladlarımıza Allah qəni-qəni rəhmət etsin.
Bizi istəməyən qüvvələrin çirkin oyunlarına qarşı Allah dövlətlərimizi, xalqlarımızı daha da güclü etsin. Rəbbim bu savaşda sizi müvəffəq etsin və torpaqlarımız düşmən tapdağında qalmasın. Allah bayrağınızı daim uca etsin. Biz türk milləti olaraq hər zaman sizinləyik.

Hörmətlə,
Karaoğlan Abdullah Əli oğlu
Türkiyə Respublikası, Yalova şəhəri

x x x

Hörmətli cənab Prezident, Ali Baş Komandan

Mən birinci Qarabağ müharibəsində sonadək fəal iştirak etmişəm, döyüşlərdə iki dəfə ağır yaralanmışam, ikinci qrup müharibə əliliyəm. Sizin cəsarətli və qətiyyətli çıxışınız hamı kimi məni də qürurlandırdı. Mən yenidən döyüşlərdə iştirak etmək istəyirəm.
Cənab Prezident Vətən uğrunda döyüşdə iştirak etmək hər bir azərbaycanlı üçün böyük şərəfdir.

Hörmətlə,
Hüseynov İbrahimxəlil Dəmir oğlu, təqaüdçü
Azərbaycan Respublikası, Goranboy rayonu

x x x

Zati-aliləri, cənab Ali Baş Komandan.

Zərif cinsin nümayəndəsi olsam da, Sizin komandanlığınızla ölkəmizin keşiyində durmağa, Vətən, şanlı zəfər naminə Qarabağa könüllü yollanmağa, düşməndən qisas almağa hazıram. Sizi əmin edirəm ki, son damla qanımadək ölkəmi müdafiə etmək, başımız üzərində dalğalanan üçrəngli bayrağımızı Şuşa qalasında asanlardan biri olmaq istəyirəm.
Əziz Prezidentimiz, Siz ümummilli liderimiz Heydər Əliyevin bizə qoyduğu dəyərləri qoruyur və gələcək nəslə ötürmək üçün lazımi tədbirlər görürsünüz. Çox sevinirik ki, Ulu Öndərimiz Heydər Əliyev, Ali Sərkərdəmiz isə Sizsiniz.
Yaşamaq, var olmaq üçün torpaq bizə suyunu, havasını, çörəyini verir, qarşılığında isə bizdən müdafiəsini istəyir. Biz Vətəni müdafiə etməyi ümummilli lider Heydər Əliyevdən öyrəndik, beynəlxalq ictimaiyyətə meydan oxumağı isə Sizdən. Belə olan halda, qarşımızı kəsə biləcək hər hansı bir güc yoxdur. "Aslanın erkəyi, dişisi olmaz!", - deyir atalarımız. Azərbaycan qadını da əsl alsan ürəkli, zəfərə can atan sərkərdədir.
Möhtərəm Prezident, inanırıq ki, bizə qələbə hissini Siz yaşadacaqsınız. Sizə və xalqımıza uğurlar arzulayıram.

Hörmətlə,
Əliyeva Aytac Pərviz qızı, Binəqədi qəsəbə bələdiyyəsinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Hörmətli cənab Prezident İlham Əliyev.

Bu məktubu yazmağımın səbəbi son günlərdə yaşadığımız hadisələrlə bağlı Sizə uğurlar arzulamaqdır. Qardaş xalqın nümayəndəsi olaraq, sizin sevincinizə də, kədərinizə də şərik olmaq istəyirəm.
Biz, dünyadakı bütün türk xalqları bir bədənin damarları kimiyik. Necə ki bütün damarlar birlikdə ürəyin fəaliyyətini təşkil edir və bədəni hərəkətə gətirirsə, biz türklər də dünyanın harasında olursaq-olaq birlikdə bir millət, adlı-sanlı türk millətiyik. Bu mənada bədənin bir yerindəki narahatlıq bütün insana təsir edirsə, türk dünyasının hər hansı bir yerində narahatlıq olanda, bu, hamımızın narahatlığı, sevinci isə hamımızın sevinci olur.
Məlumat üçün bildirim ki, Türkiyədə yaşayan türklər olaraq biz də terror bəlası və xarici ölkələrin qərəzli siyasəti ilə əlaqədar çətin anlar yaşayırıq. Amma siz bu çətin günlərimizdə bizi dəstəkləyirsiniz. Biz də bu hadisələrlə əlaqədar sizin yanınızda olduğumuzu bildirmək istəyirik. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bir neçə məntəqəni işğaldan azad edən müzəffər Ordunuzun uğurlarının davamlı olmasını diləyirəm. Maddi və mənəvi olaraq, əlimizdən gəldiyi qədər sizin yanınızda olduğumuzu bilin. Allah hamımıza kömək olsun, bizim birliyimizi güclü etsin.
Hörmətlə,

İvecen Hava İbrahim qızı
Türkiyə Respublikası, Afyonkarahisar şəhəri

x x x

Əziz və hörmətli Prezidentimiz.

Son günlər cəbhədə baş verən döyüşlərdə Azərbaycan Ordusunun qələbəsi bizi çox sevindirir. Qüdrətli ordu yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Biz Sizə və ordumuza inanır və güvənirik. Sizinlə fəxr edir və Sizə minnətdarlığımızı çatdırırıq.

Hörmətlə,
Hacıyev Mübariz Xudayət oğlu.
Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri

x x x

Hörmətli Prezidentim.

Türkiyə vətəndaşı kimi, Azərbaycanımızın yanında olmaq, düşməniniz olan ermənilərə qarşı sizinlə çiyin-çiyinə vuruşmaqdan böyük şərəf duyaram.

Sonsuz ehtiramla,
Duyar Bekir İsmail oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

x x x

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Son günlərdə cəbhə bölgəsində Azərbaycan Ordusunun qazandığı qələbələr, torpaqlarımızın erməni faşistlərindən təmizlənməsi bizi sevindirir. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Əminik ki, Sizin rəhbərliyinizlə bu işlərin öhdəsindən gələcəyik.
Azərbaycandan uzaqlarda yaşamağımıza baxmayaraq, ürəyimiz hər zaman Vətənimiz ilə döyünür. Burada Azərbaycanımızı təbliğ etməklə yanaşı, 10 illərdir erməni yalanlarının qarşısını almaq üçün mübarizə aparırıq.
Hər an canımızla, qanımızla torpaqlarımız uğrunda vuruşub qalib gəlməyə, lazım gələrsə Vətən uğrunda şəhid olmağa hazırıq.

Hörmətlə,
Əzizov Mirşakir Möhsün oğlu
Kanada, London

x x x

Qardaş dövlətimizin Prezidenti hörmətli İlham Əliyev.

Sizə bu məktubu Türkiyədən yazıram. Xain Ermənistana qarşı apardığınız bu müqəddəs mübarizədə yanınızda olduğumuzu və dualarımızın sizinlə olduğunu bildirmək istəyirəm. Allah bu mübarizədə sizə müvəffəqiyyət nəsib etsin.
Türk millətinin tükənməz qüdrətinin, gücünün təsirini xəyanətkar ermənilər mütləq dadacaqlar. Allah gücünüzə güc versin. Tanrı sizi qorusun.

Hörmətlə,
Akkoca Əhməd
Türkiyə Respublikası, Ankara şəhəri

x x x

Hörmətli cənab Prezident.

Mən ehtiyatda olan gizirəm. Xüsusi təyinatlı qüvvələrdə kəşfiyyat qrupunun komandiri kimi xidmət etmişəm. Sizin komandanlığınızla Ordumuzun cəbhədə düşmənə qarşı həyata keçirdiyi uğurlu cavab tədbirləri hər bir azərbaycanlı kimi məni də sevindirir.
Bu məktubu yazmaqla Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmək istədiyimi bildirmək istəyirəm. Qardaşım tank diviziyasında xidmət edib. Hər ikimiz cəbhəyə yollanmaq üçün Sizin əmrinizi gözləyirik.
Hörmətli cənab Prezident, biz Sizin siyasətinizi bəyənir və dəstəkləyirik. Sizə və ordumuza inanır və güvənir, Sizinlə fəxr edirik.

Hörmətlə,
Hüseynov Vüsal Tahir oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri

x x x

Ulu babamız Oğuz Xanın miras qoyduğu türk dünyamızda əbədi qardaşımız olan Azərbaycanın uzaqgörən Prezidenti hörmətli cənab İlham Əliyev.

İkiüzlü və nankor ermənilərin təxribatlarına qarşı Azərbaycan Ordusunun şanlı qələbəsi münasibətilə sizi təbrik edir, zəfərlərinizin ortaq tariximizdən gələn şan və şərəflə daimi olmasını diləyirəm.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bilməyinizi istəyirəm ki, Anadolu türkləri əbədi qardaşları olan Azərbaycan türklərinin yanındadırlar. Bu qədim xalq Mübariz İbrahimov kimi neçə-neçə qəhrəmanlar yetişdirmiş və yetişdirməkdə də davam edəcək.
Mən atamdan miras qalan, damarlarımda axan qana and içirəm ki, mənim üçün Ankara nədirsə Bakı da elədir. Mustafa Kamal Atatürk kimdirsə, Heydər Əliyev də elədir. Yeddi dövlətə meydan oxuyan milyonlarla Anadolu türkündən biri kimi, mən də Azərbaycan Ordusunda xidmət edən igid qardaşlarımla çiyin-çiyinə döyüşmək üçün əmrinizi gözləyirəm. Sizin şəxsinizdə Azərbaycan xalqını bir daha salamlayıram. Qələbələriniz daimi olsun.
Sonsuz ehtiramla,

Kurtuluş Can Şahin
Türkiyə Respublikası, İstanbul şəhəri

x x x

Əziz Prezident, cənab Ali Baş Komandan.

Biz Sizinlə qürur duyuruq. Son günlər xalqımız yüksək ruh yüksəkliyi, sevinc içindədir. Hamımız Sizə dayaq durmağa, habelə Vətən uğrunda vuruşmağa hazırıq.
Siz Ulu Öndərimizin yadigarı, müdrik siyasətinin layiqli davamçısısınız. Biz Sizə inanır, güvənir və Sizi çox sevirik. Allah-Təala Sizi və xalqımızı qorusun. Amin!

Hörmətlə,
Namazzadə Leyla Eytiqad qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu

x x x

Hörmətli cənab Prezident İlham Əliyev.

İkinci vətənim olan Azərbaycanda son günlər baş verən hadisələr nəticəsində əsgər qardaşlarımızın şəhid olduğunu dərin kədər hissi ilə öyrəndim. Bu xəbər Türkiyəmizdə də hər gün şəhid verməkdən duyduğumuz kədər hissini ikiqat artırdı. Sizə və Azərbaycan xalqına başsağlığı verir, şəhidlərimizin yaxınlarına səbr diləyirəm.
Rəhmətlik atanız Heydər Əliyevin dövründə və Qarabağ müharibəsinin ən qızğın vaxtında təlimçi zabit olaraq Azərbaycan Ordusunda xidmət edirdim. Təqaüddə olan zabit kimi Azərbaycan xalqının və Ulu Türk Millətinin əmrində indi də hazıram.

Hörmətlə,
Yüceldağ Yücel İsmayıl oğlu
Türkiyə Respublikası, İzmir şəhəri

x x x

Hörmətli cənab Prezidentim.

Vətən torpaqlarını qoruyarkən şəhid olan əsgərlərimizlə əlaqədar Sizə və Azərbaycan xalqına türk milləti adından başsağlığı verir, Allahdan şəhidlərimizə rəhmət diləyirəm.
Türkiyə Respublikası vətəndaşı olaraq, bölgədəki prosesləri yaxından izləyirik. Bunu bilməyinizi istəyirik ki, Anadoludakı türklər Vətən torpaqlarını işğaldan azad etməkdə olan azərbaycanlı qardaşlarımız üçün əllərindən gələni etməyə hazırdırlar. Biz Vətən torpağında şəhid olana qədər döyüşmək üçün əmrinizi gözləyirik.
Sizə və bütün Azərbaycan xalqına bu müqəddəs yolda uğurlar diləyirəm. Ulu Tanrım türki qorusun. Bütün dualarımız sizinlədir.

Hörmətlə,
Tümtürk Ali Rıza Rıza oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

x x x
Cənab Prezidentim və Ali Baş Komandanım.

Mən vəkil kimi Sizin son vaxtlar atdığınız addımları dəstəkləyirəm və müharibəyə getməyə hazıram. Bu günlərdə sübut olundu ki, müxalifətli, iqtidarlı bu xalq birdir və Sizin ətrafınızda birləşib. Bu ruh yüksəkliyi ilə torpaqlarımızı 1 saata ala bilərik. Bu ruh yüksəkliyi və həmrəylik məni müsbət mənada çox təsirləndirdi. Xalqımızın birliyi göstərdi ki, heç bir sahədə bizim qarşımıza çıxan ola bilməz. Cənab Prezident, biz Sizi çox sevirik və Sizinlə fəxr edirik. Allah birliyimizi həmişə qorusun. Bir yumruq kimi arxanızda durmuşuq. İrəli, cənab Ali Baş Komandanım!

Hörmətlə,
Layıcov Aqil Tacir oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu

x x x

Hörmətli cənab Prezident.

Biz Türkiyə vətəndaşları olaraq sizləri çox sevirik. Biz qardaş ölkəyik, qardaşıq.
Cəbhə xəttində şəhid olan qardaşlarımızın ruhuna dualar edirik. Şəhidlərlə bağlı Sizə və bütün Azərbaycan xalqına başsağlığı verirəm. Anadolu türkləri daim azərbaycanlı qardaşlarının yanındadır. Allah köməyiniz olsun. Tanrı sizi qorusun.

Hörmətlə,

Şenocak Mehmet Yakub oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

x x x

Hörmətli Prezident İlham Əliyev.

Mən Türkiyə vətəndaşıyam, 1984-cü ildə anadan olmuşam. Cəbhə xəttində baş verən hadisələri yaxından izləyirəm və döyüşlərdə könüllü olaraq iştirak etmək üçün əmrinizi gözləyirəm. Torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Vətən üçün son damla qanıma qədər döyüşməyə hazıram.
Allah köməyiniz olsun.

Hörmətlə,
Buhari Canpolat
Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.

Son günlər Dağlıq Qarabağ separatçılarının cəbhəboyu ərazilərdə atəşkəsi pozmasına cavab olaraq Ordumuzun düşmənə qarşı gördüyü tədbirlər, eləcə də işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirməsi məni işğal altında olan torpaqlarımızın azad edilməsi yolunda mübarizəyə daha da ruhlandırdı. Cəbhədə Ordumuzun göstərdiyi şücaət, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda atılan addımlar məni döyüş bölgəsinə yollanmağa vadar edir. Artıq xalqıma xidməti ön cəbhədə göstərməyin vaxtının çatdığını düşünürəm.
Cənab Ali Baş Komandan, əmrinizi gözləyirəm. Hər bir azərbaycanlı kimi mən də cəbhədə əsgər qardaşlarımla çiyin-çiyinə döyüşmək istəyirəm.

Hörmətlə,
Hüseynov Tural Firuddin oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu

x x x

Hörmətli Prezident.

Ermənistan silahlı qüvvələri ilə döyüşdə şəhid olan əsgərlərimiz üçün Allahdan rəhmət diləyirəm. Cəbhədə uğur qazanmağınız üçün daim dua edirəm. Bir türk olaraq, dərdiniz dərdimizdir. İnşallah, Qarabağ tezliklə işğaldan azad ediləcək.
Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına sevgi və salamlarımı çatdırıram. Allah sizi qorusun.

Hörmətlə,
Coşkun İdris Kara Mehmet oğlu
Türkiyə Respublikası, Ankara şəhəri

x x x

Azərbaycan Respublikasının Prezidenti
Lalə Qasımovadan, Sumqayıt, Azərbaycan
Hörmətli Prezident, Cənab Ali Baş Komandan.

Mən hazırda Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində elmi fəaliyyətlə məşğulam. Vətənimizdə baş verənləri mətbuatdan izləyir, əsgərlərimizin uğurlarından qürur hissi keçirirəm. Bütün qəlbimlə Sizinləyəm. Sizin üçün, əsgərlərimiz və xalqımız üçün dua edirəm. Var olsun Prezidentimiz, yaşasın qüdrətli Azərbaycan Ordusu!

Hörmətlə,
Qasımova Lalə Sabir qızı.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri

x x x

Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyi İdarə Heyəti və Ağsaqqallar Şurasının müraciəti

Cənab Prezident, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində vəziyyətin gərginləşməsi, Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq Azərbaycana qarşı təxribat törətməsi Qırğızıstanda yaşayan həmvətənlərimizi ciddi narahat edir. Bu ölkədə məskunlaşan 20 minə yaxın həmvətənimiz adından bir daha bəyan etmək istəyirik ki, 27 ildən bəri Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin durdurulması və istər ümummilli liderimiz Heydər Əliyev, istərsə də Sizin tərəfinizdən müharibənin sülh, danışıqlar yolu ilə həll olunmasına yönəlmiş siyasətinizi daim dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik.
Digər tərəfdən də Sizin Ali Baş Komandan olduğunuz qüdrətli Ordumuzun hər zaman düşmənə layiqli cavab vermək iqtidarında olmasının bir daha şahidiyik. Heç kəs istəməz ki, qan tökülsün, gələcəyimiz olan gənclər şəhid olsun, analar göz yaşı töksün. Beynəlxalq təşkilatların Ermənistanı işğalçılıq siyasətindən çəkinməyə dəfələrlə dəvət etməsi, işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələbləri də ermənilər tərəfindən hər dəfə qulaqardına vurulub. Əlbəttə, son günlərdəki cəbhəyanı olaylar bir daha onu sübut edir ki, bölgənin ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri düşmənin bəd niyyətlərini gözündə qoyub, onlara tutarlı cavab verib. Sizin mövqeyiniz müstəqil Azərbaycan dövlətinin gələcək taleyini həll edəcək. Bu, şübhəsizdir. Çünki Siz Heydər Əliyev məktəbini keçmisiniz, kifayət qədər dünyəvi siyasətdə özünəməxsus təcrübə qazanmısınız. Sizin yürütdüyünüz müstəqil xarici siyasətin alternativi yoxdur. Dünya azərbaycanlılarının ümidi yalnız Sizədir. Odur ki, qətiyyətli mövqeyinizi bir daha alqışlayırıq. Azərbaycanın getdikcə gücləndiyi, qüdrətli və nüfuzlu bir dövlətə çevrildiyi göz qabağındadır. Hörmətli cənab Prezident, bir daha diqqətinizə çatdırırıq ki, qırğız xalqının əksəriyyəti Azərbaycan xalqının işğal altında olan torpaqlarını azad etməyə qalxmasını dəstəkləyir və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından tezliklə çıxarılmasını istəyir.
Biz - Qırğızıstanda yaşayan azərbaycanlılar daim Sizinləyik və ədalətli mübarizənizi, qətiyyətli qərarınızı ürəkdən bəyənirik və lazım gələrsə, tarixi Vətənimizin mücadiləsinə qalxmağa da hazırıq. Təki Ali Baş Komandan kimi bizlərə göstəriş verəsiniz. Haqq nazilər, amma üzülməz. Bədxahlıq, şər-böhtan və yalan uzun sürə bilməz. Gec-tez haqq-ədalət qalib gələcək. Haqq-ədalət isə Azərbaycan xalqının tərəfindədir. Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi ilə birlikdə yerli mətbuat orqanları vasitəsilə Qırğızıstanda yaşayan xalqları və soydaşlarımızı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər barədə vaxtaşırı bilgiləndirməkdə və Sizin yürütdüyünüz sülh siyasətini təbliğ etməkdə davam edəcəyik. Allah xalqımıza kömək olsun!
Hörmətli Prezidentimiz İlham Əliyev, Qırğızıstan azərbaycanlıları olaraq tarixi Vətənimizdən uzaqlarda yaşasaq da, daim ata-babalarımızın doğulduğu ölkəmizlə nəfəs alırıq. Azərbaycanın sevinci, uğuru da bizimdir, kədəri, qüssəsi də. Əgər Ana Vətən, Ali Baş Komandan səfərbərlik elan edərsə, yaşımızın bu həddə olmasına baxmayaraq, torpaqlarımızın düşməndən azad edilməsi üçün ayağa qalxaraq silaha sarılmağa hazırıq. Təki Vətən düşmən tapdağından, əsarətindən azad olsun.
Cənab Prezident, müraciətimizin sonunda bir daha bildiririk ki, Sizin yürütdüyünüz xarici və daxili siyasəti ürəkdən bəyənir, hər zaman dəstək verəcəyimizi qətiyyətlə bildiririk. Axı, Siz həm də 55 milyonluq dünya azərbaycanlılarının bir parçası olan bizlərin də Prezidentisiniz! Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, güclü dövlətin güclü də diasporu olmalıdır, güclü diasporun da güclü dövləti. Allah Sizə kömək olsun! Müraciətimizin sonunda torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyir, dünya azərbaycanlılarını Azərbaycanın indiki durumunda Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşməyə və birgə olmağa çağırırıq.

Hörmətlə,

Qırğızıstanda məskunlaşan 20 minlik azərbaycanlı adından diaspor başçısı, Qırğız Respublikasının Əməkdar Hüquqşünası, Qırğızıstan Baş Prokurorluğunun fəxri işçisi Əzizağa Əliyev, Əməkdar İnşaatçı, II Dünya müharibəsinin iştirakçısı Əsəd Həsənov, professorlar Arif Qəmərli, Akif Rəfibəyov, tanınmış hüquqşünas Xaris Turna, Əməkdar Həkim Mirkazım Bəşirov, Qırğızreklamın direktoru Sultan Qasımov, "Türkel" Fondunun prezidenti, jurnalist-filoloq Hökümə Xəlilova, "Türkel" qəzetinin baş redaktoru, elmlər namizədi Ramiz Məşədihəsənli, pedaqoq Alla Qurbanova və başqaları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti