...

Prezidentə məktublar: "Sizin komandanlığınızla bayrağımız bütün Qarabağda dalğalanacaq"

Siyasət Materials 6 Aprel 2016 16:23 (UTC +04:00)
Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar: "Sizin komandanlığınızla bayrağımız bütün Qarabağda dalğalanacaq"

Bakı. Trend:

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin göstərişinizlə hər an müharibəyə hazır olduğumu bildirmək istəyirəm. Qarabağımızı mənfur düşməndən azad etməyə hazırıq və səfərbərlik əmrinizi səbirsizliklə gözləyirik. Sizi dəstəkləyir və ətrafınızda sıx birləşmişik. Azərbaycan xalqı, Azərbaycan gənci, Azərbaycan ziyalısı daim Sizinlədir. Biz Sizə və Ordumuza inanırıq.

Yaşasın Prezidentimiz cənab İlham Əliyev! Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin ruhu şad olsun!

Hörmətlə,
Qasımov İbrahim Musa oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident, yazıb Sizə bildirmək istəyirəm ki, mən və mənim kimi yüzlərlə gənc Sizin səfərbərlik əmrinizi gözləyirik. Bir laçınlı olaraq mən də cəbhə xəttinə getmək və düşmənə qarşı vuruşmaq istəyirəm. Xalqımız Sizi dəstəkləyir. Son nəfəsimizə kimi əmrlərinizi yerinə yetirməyə hazırıq, yetər ki, əmr verin. İnşallah sizin komandanlığınızla bayrağımız bütün Qarabağda dalğalanacaq.

Hörmətlə,
Hüseynov Elnur Bahadur oğlu,
Azərbaycan Respublikası, Laçın rayonu.

X X X

Möhtərəm cənab Prezident.

Qazandığınız qələbə və zəfər münasibətilə şəxsən öz adımdan və ailəmin adından Sizi təbrik edirəm. Böyük fərəh və qürur hissi ilə Sizə Allahdan möhkəm cansağlığı diləyirəm. Fəxr edirik ki, bizim belə güclü, əzəmətli Ordumuz var. Sevinirik ki, Sizin kimi müdrik, qətiyyətli Prezidentimiz, Ali Baş Komandanımız var.

Möhtərəm Prezident, Sizin hər bir çıxışınız biz gənclərdə vətənpərvərlik hissini, döyüşkənlik ruhunu artırır. Bizim birliyimiz və gücümüz qarşısında düşmənin tab gətirmədiyini gördük. Bu, yolun başlanğıcıdır. Bu tolda Sizə uğurlar arzulayıram.

Hörmətlə,
Abbasov Elvin Rövşən oğlu.
Azərbaycan Respublikası, Göygöl rayonu.

X X X

Hörmətli cənab Prezident!

Sizin Amerika Birləşmiş Ştatlarına səfərinizin nəticələrinə görə böyük qürur hissi keçiririk. Uğurlu siyasətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, hazırda düşmən işğalı altında olan Dağlıq Qarabağımız Sizin uğurlu siyasətiniz sayəsində azad ediləcək. Ordumuzun bu günlərdə qazandığı qələbə bunu deməyə əsas verir.

Biz Sizinlə fəxr edirik. Sizin rəhbərliyiniz altında dövlətimizin beynəlxalq arenada hər gün qazandığı uğurlar xalqımızda qürur hissi oyadır. Cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,
Rüstəmova Rəhilə Əjdər qızı
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Hörmətli Prezidentimiz.

Biz "Bir millət, iki dövlət"ik. Türkiyə kimi, Azərbaycan da mənim Vətənimdir. Haqq işiniz mübarək olsun. Biz son nəfəsimizədək sizin yanınızdayıq. Vətənimizin müdafiəsi üçün əmrinizi gözləyirik. Tanrı türkü qorusun, Allah köməyiniz olsun. Türkiyədən milyonlarla insan könüllü olaraq Qarabağda döyüşmək üçün əmrinizə hazırdır. Əllərinizdən öpürəm.

Hörmətlə,
Hızlı Yusuf Hüseyn oğlu
Türkiyə Respublikası, Bursa şəhəri

X X X

Hörmətli Prezidentim.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün Ermənistana qarşı haqlı mübarizənizdə mənim, oğlumun və bütün türk millətinin hər zaman azərbaycanlı qardaşlarımızın yanında olduğunu bilməyinizi istərdim.

Mən Türkiyədə hərbi xidmətdə olmuşam. Amma lazım gələrsə ikinci Vətənimizdə də bu müqəddəs borcu məmnunluqla yerinə yetirməyə hazıram. Siz tək deyilsiniz. Biz daim sizin yanınızdayıq. Allah azərbaycanlı qardaşlarımızı qorusun.

Hörmətlə,
Duyqun Özgür Yılmaz oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Möhtərəm cənab Prezidentim.

Mənim 33 yaşım var, evliyəm və 25 günlük qızım var. Ermənistan Qarabağı işğal edəndə 13 yaşım var idi. Həmin vaxt Azərbaycan torpaqlarının işğalını televiziyadan izləyəndə çox kədərlənmiş və ağlamışdım.

Cənab Prezidentim, biz Sizi böyük qardaş, Azərbaycanı isə Vətənimiz bilirik. Son günlər Azərbaycan Ordusu erməni təxribatlarına cavab verərək torpaqları geri qaytarmaq üçün işğalçılarla vuruşur. İyirmi il əvvəl uşaq idim, lakin indi böyümüşəm və azərbaycanlı qardaşlarımızın yanında döyüşmək üçün daim əmrinizi gözləyirəm. Könüllü əsgər kimi Azərbaycanda xidmət etməyə hazıram. Əllərinizdən öpürəm.

Allah cəbhədəki qardaşlarımızın köməyi olsun.

Hörmətlə,
Gürsoy Murad Ahmetali oğlu
Türkiyə Respublikası, Mersin şəhəri

X X X

Qardaş ölkənin hörmətli Prezidenti.

Təmas xəttindəki gərginliklə əlaqədar Azərbaycan Ordusunun sıralarında Ermənistana qarşı son damla qanıma qədər döyüşməyə hazıram. Bunun üçün əmrinizi gözlədiyimi dərin hörmətlə diqqətinizə çatdırıram. Türkün sizdən başqa dostu yoxdur.

Hörmətlə,
Özdiker Öndər Ünal oğlu
Türkiyə Respublikası, Antalya şəhəri

X X X

Hörmətli İlham Heydər oğlu.

Sizi və bütün Azərbaycan xalqını çoxdan gözlədiyimiz qələbələr münasibətilə təbrik edirəm. Mən bir sədaqətli vətənpərvər insan kimi demək istəyirəm ki, biz - Azərbaycan qadınları da orduda xidmət etməyə və doğma torpaqlarımızın qaytarılması uğrunda vuruşmağa hazırıq. Bizim hərbi xidmətə getməyimizə icazə veriləcəyi anı intizarla gözləyirəm. Mənim ailəm Ağdamın Güllücə kəndindədir. Əlimizdə Azərbaycan bayrağı tutaraq doğma yerlərə gedə biləcəyimiz anı həsrətlə gözləyirik. Mən orada dəfn edilmiş babamın məzarını ziyarət etmək arzusundayam. Mən öz Vətənimlə fəxr edirəm və ondan ötrü əlimdən gələni etmək istəyirəm.

Ən xoş arzularla,
İsmayılova Günel Fərhad qızı
Azərbaycan Respublikası, Bakı şəhəri

X X X

Hörmətli, cənab Prezidentim.

Mən 1978-ci ildə Türkiyənin Konya şəhərində doğulmuşam. Veteran hərbçiyəm. Sizə yazmağımın səbəbi qardaş Azərbaycanın haqq mübarizəsində canımı fəda etməyə hazır olduğumu bildirməkdir.

Cənab Prezident, Sizi və Azərbaycan xalqını ürəkdən sevirəm. Xain ermənilərə qarşı apardığınız uğurlu döyüşdə ölənədək vuruşmaq üçün əmrinizi gözləyirəm. Mən Sizə, qardaş Azərbaycana olan sevgimi Vətən uğrunda canımdan keçərək sübut etmək istəyirəm. Qardaş Azərbaycan xalqına və çox hörmətli Prezidentimizə sonsuz ehtiramımı bildirirəm.

Hörmətlə,
Baran Niyazi Kazım oğlu
Türkiyə Respublikası, Konya şəhəri

X X X

Cənab Prezident,

Mən Qarabağda döyüşmüş keçmiş polis zabitiyəm. Bütün növ silahlardan istifadə qaydalarını bilirəm. 1990-1992-ci illərdə kəşfiyyatda olmuşam. Vətənimizin indiki müharibə vəziyyətində mən də könüllü olaraq döyüşlərdə iştirak etmək istəyirəm.

Hörmətlə,
Bayramov Ədalət Əyyub oğlu
Kəlbəcərli məcburi köçkün
Azərbaycan Respublikası, Gəncə şəhəri

X X X

Möhtərəm cənab Prezident.

Biz, "Azərbaycan gənci hər an Vətənin müdafiəsinə hazırdır" toplantısının iştirakçıları, Qaradağ rayonunun gəncləri adından bəyan edirik ki, Sizin müstəqil Azərbaycanımızın hərtərəfli inkişafına, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, xalqımızın həyatının yaxşılaşdırılmasına və rifahının yüksəldilməsinə yönələn məqsədyönlü siyasətinizi ürəkdən bəyənirik.

Möhtərəm cənab Prezident, 2 aprel 2016-cı il tarixində Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində təmas xətti boyunca növbəti təxribata əl ataraq, Azərbaycan mövqelərinə hücum etmiş, iriçaplı silahlardan və ağır texnikadan istifadə etməklə yaşayış məntəqələrimizi güclü atəşə məruz qoymuşdur. Bunun nəticəsində həmin əraziyə yaxın kəndlərdə yaşayan dinc sakinlərimiz həlak olmuş, yaralanmış, mülki obyektlərə və əhalinin təsərrüfatına xeyli zərər vurulmuşdur. Bu təxribat və hücum əməliyyatlarının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb. Bu təxribatlar Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasının, dünya və regional təşkilatların qərarlarını heçə saymasının, bölgədə sülhə hər an təhlükə yaratmasının və bütünlükdə bu işğalçı dövlətin Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür.

Cənab Ali Baş Komandan, son günlər ermənilərin cəbhədəki təxribatları onu göstərir ki, Ermənistan işğal edilmiş torpaqlardan geri çəkilmək istəmir və 20 ildən artıq bir vaxtda aparılan danışıqlar prosesinin həlledici məqamlarında işğalçı ölkə kimi təxribata əl atmaqla prosesi ləngitməyə çalışır. Mənfur ermənilər aprelin 2-də növbəti dəfə təxribata əl atdılar və nəticədə Azərbaycan ordusunun gücünü gördülər. Güclü və qüdrətli Azərbaycan Ordusunun əsgər və zabitləri düşmənə sarsıdıcı zərbə endirərək onları geri çəkilməyə məcbur etdilər.

Əsgərlərimizin qəhrəmanlığı sayəsində düşmənin geri çəkilməsi, cəbhəyanı kəndlərimizdə insanların təhlükəsizliyinin təmin olunması doğma Qaradağ torpaqlarının yaxın vaxtlarda düşməndən azad olunmasına inam verir. Son günlərdə Azərbaycan Ordusunun düşməndən üstün olması, ermənilərin canlı qüvvə və texnika sarıdan xeyli sayda itki verməsi ölkəmizin yaxın vaxtlarda düşmən üzərində böyük qələbə qazanacağına ümidləri artırır. Erməni təxribatına qarşı Milli Ordumuzun uğurlu əməliyyatlarını sevinc hissi ilə qarşılayır və Ordumuzun mövqeyini birmənalı şəkildə müdafiə edirik.

Möhtərəm cənab Prezident, Sizin nümayiş etdirdiyiniz mövqe işğalçı qüvvələrin torpaqlarımızdan tezliklə qovulması ilə nəticələnəcək. Biz, Qarabağ rayon gəncləri bu istiqamətdə Sizin əmrinizə uyğun olaraq istənilən vaxt ərazilərimizin azad edilməsi uğrunda döyüşlərə qoşulmağa, əzmkarlıq göstərməyə və düşməni məhv etmək üçün bütün gücümüzü səfərbər etməyə hazırıq.

Hörmətlə,
Qaradağ rayon gəncləri,
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu

X X X

Cənab Ali Baş Komandan,

Mən və sədrlik etdiyim Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) çoxminli üzvü və təəssübkeşi torpaqlarımızı düşməndən azad etmək üçün səfərbər olmağa hazırıq.

Hüseynov Əlisahib Vəli oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda son damla qanıma qədər döyüşməyə, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün həyata keçirilən əməliyyatlarda iştirak etməyə hazıram. Bu, ürəyi Vətən eşqi ilə döyünən hər bir gəncin arzusudur.

Cənab Ali Baş Komandan, səbirsizlikə əmrinizi gözləyirəm.

Dərin hörmət və ehtiramla,
Bəyəliyev Kamran Səxavət oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi

X X X

Cənab Prezident, İsveçdə yaşayan və işləyən bir azərbaycanlı kimi Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, bütün qərarlarınızı hörmətlə qarşılayıram. Hazırda Azərbaycandakı vəziyyət İsveçdə yaşayan bütün azərbaycanlıları narahat edir və uzaqda da olsaq inanin ki, qəlbimiz Sizinlə döyünür. İstər ön, istərsə də arxa cəbhədə hər zaman əlimizdən gələn köməyi etməyə hazırıq. Biz artıq qələbə sevincini, bayram əhval-ruhiyyəsini yaşayırıq. Torpaq, Vətən yolunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyirik. Daha böyük qələbə irəlidədir. Mən Azərbaycanın Biləsuvar rayonunda doğulub böyümüşəm, lakin tale elə gətirib ki, indi Avropada yaşayıram və işləyirəm. Sizə işinizdə müvəffəqiyyətlər arzu edirəm. Cənab Ali Baş Komandan, əmrinizi gözləyirəm.

Hörmətlə,
Nadir Mahmud oğlu Xankişiyev Hollenbrand,
İsveç Krallığı, Stokholm.

X X X

Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev.

Sizi, qardaş Azərbaycan xalqını ürəkdən salamlayıram. Prezidentə məktub yazdığım üçün çox həyəcanlıyam. Sizə məktub yazmaq böyük qardaşa, ataya yazmaq kimidir.

Vətənin müdafiəsində azərbaycanlı qardaşlarımın şəhid olması xəbərindən çox kədərləndim və Sizə yazmaq qərarına gəldim. Sizinlə birgə olmağa, Azərbaycanımızı, doğma yurdumuzu qorumağa, düşmənə qarşı son nəfəsimədək vuruşmağa hazıram. Azərbaycanı öz ölkəm, hər bir azərbaycanlı ananı doğma anam, Vətənin keşiyində dayanan Azərbaycan əsgərini öz qardaşım kimi sevirəm. Allahdan tək arzum odur ki, bütün azərbaycanlı qardaşlarımızı qorusun.

Mən Sizi çox sevirəm. Siz daim xalqınızın yanında olursunuz, onun problemləri ilə maraqlanırsınız.

Ən səmimi hisslərimlə demək istəyirəm ki, Türkiyə, türk xalqı daim Azərbaycanın yanındadır. Bu, hər zaman belə də olacaq. Biz bir millət, iki dövlətik.

Şəhid olan qardaşlarıma Allahdan rəhmət diləyir, Sizə, onların ailələrinə başsağlığı verir və səbr diləyirəm.

Hörmətlə,
Duman Uğur Mahmut oğlu
Türkiyə Respublikası, Mersin şəhəri

X X X

Möhtərəm cənab Prezident, mən televiziya vasitəsilə fasiləsiz olaraq cəbhədəki vəziyyəti izləyirəm və qürur hissi ilə deyirəm: Sizinlə, ordumuzla fəxr edirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Onlar torpaqlarımız uğrunda son damla qanlarına qədər mərdliklə vuruşmuşlar. Bəli, biz bu günü səbirsizliklə gözləyirdik. Torpaqlarımızı artıq geri qaytarmaq vaxtı çatmışdır. Möhtərəm cənab Prezident, biz Sizin Ali Baş Komandan kimi əmrinizi gözləyirik. Mən bir dəfə hərbi xidmətdə olmuşam. Vətən uğrunda sağ ayaq topuq sümüyümü itirmişəm. Ancaq çox şükürlər olsun ki, bu gün ayaq üstəyəm və yenə də Vətən uğrunda döyüşmək üçün mən və dostlarım Cəlilabad rayon hərbi komissarlığına gedib könüllü yazılmağa qərar verdik. Bizlər bu gün Sizin yanınızda olub əmrlərinizi canla-basla yerinə yetirməyə hazırıq. Buna tam əmin ola bilərsiniz. Sizin əmrlərinizi gözləyirik. Yetərki əmr edin. Cənab Prezident, biz daim sizinləyik. Təkrar hərbi xidmətə gedib Vətən uğrunda döyüşmək istəyirik. Təki torpaqlarımızı mənfur düşmənlərimizdən azad edək.

Hörmətlə,
Yariyev Ramil Sadiq oğlu,
Azərbaycan Respublikası, Cəlilabad rayonu.

X X X

Hörmətli cənab Prezident!

Sizin uğurlu xarici və daxili siyasətiniz sayəsində son günlər qüdrətli Ordumuzun cəbhəboyu ərazilərdə bir sıra mühüm strateji məntəqələri erməni vandallarından azad etməsi xəbəri bütün Azərbaycan xalqı və ictimaiyyəti kimi Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun coğrafiyaçı alimlərini də ürəkdən sevindirir. Əminik ki, Sizin rəhbərliyiniz altında və inamlı sülhsevər siyasətiniz nəticəsində bundan sonra da xalqımız, dövlətimiz qloballaşan dünyada daha mühüm demokratik, milli-siyasi zəfərlərə nail olacaqdır. Sizin beynəlxalq arenalarda dəfələrlə dediyiniz kimi, heç kəs Azərbaycan xalqını və dövlətini ədalətli və demokratik inkişaf yolundan döndərə bilməyəcəkdir. Bu yol bizim milli, siyasi prioritetimizdir, gələcəyimizdir və dönməzdir.

Möhtərəm Prezident, xalqımızın bu çətin günlərində biz - coğrafiyaçı alimlər həmişə Sizin yanınızdayıq. Sizi əmin edirik ki, bundan sonra da milli dövlətçilik və ekocoğrafi problemlərin həlli məsələsində öz bilik və bacarığımızı əsirgəməyəcək, Sizin ətrafınızda bir yumruq kimi sıx birləşəcəyik.

Coğrafiya İnstitutunun kollektivi adından dərin hörmətlə,
Məmmədov R.M.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Cəbhə xəttində ordumuzun qazandığı qələbələr münasibətilə Sizi təbrik edirəm. Bu qələbələr bizi daha böyük uğurlara ruhlandırır. Ali Baş Komandan, əminik ki, Sizin rəhbərliyinizlə ordumuz erməni faşistlərini işğal altında olan bütün torpaqlarımızdan qovacaq və qisasımızı alacağıq. Bütün Azərbaycan xalqı Sizin ətrafınızda birləşib və Sizi dəstəkləyir. Bizim ailəmiz torpaqlarımızın bütövlüyü uğrunda şəhidlər verib, yenə də bu yolda şəhid olmağa hazırıq. Biz Sizin əmrinizi gözləyirik.

Hörmətlə,
Rzayev Yusif İmaməddin oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Hörmətli cənab Prezident, mən 35 il daxili işlər orqanlarında xidmət etmişəm. Hazırda təqaüddə olan polis polkovniki, müharibə veteranıyam. Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləmişəm. Erməni qəsbkarlarına qarşı mübarizədə xidmət etdiyim illər ərzində keçirilən döyüşlərdə, əməliyyat tədbirlərində istər Naxçıvan Muxtar Respublikasında, istərsə də Dağlıq Qarabağ və ətraf rayonlarda fəal iştirak etmişəm. Yaranmış vəziyyətlə əlaqədar indi mən döyüş bölgəsində iştirak etməyə tam hazıram. Həmçinin bütün təqaüddə olan güc strukturlarında çalışmış yüksək rütbəli zabitləri də bu döyüşdə iştirak etməyə səsləyirəm. Bu, əsgərlərdə vətənpərvərlik və ruh yüksəkliyinin daha da artmasına kömək edəcək. Xalqını, Vətənini və dövlətini sevən hər bir vətənpərvər və namuslu insan bunu sözlə yox, öz əməli ilə sübut etməlidir.

Hörmətlə,
İsmayılov Bayram Yəhya oğlu, təqaüddə olan polis polkovniki, müharibə veteranı,
Azərbaycan Respublikası, Bakı, şəhəri, Sabunçu rayonu.

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Mən Hüseynov Firdovsi Saday oğlu 1976-ci il avqustun 22-də Bərdə rayonunun Şatırlı kəndində anadan olmuşam. 1993-cü ildə könüllü olaraq birinci Qarabağ müharibəsində iştirak etmişəm. Ulu öndərimiz Heydər Əliyev tərəfindən hərbi xidmətdə fərqləndiyimə görə medalla təltif olunmuşam. Cənab Prezident, xahiş edirəm mənim ikinci dəfə könüllü olaraq ordu sıralarına qoşulmağım üçün göstəriş verəsiniz.

Hörmətlə,
Hüseynov Firdovsi Saday oğlu, təqaüdçü
Azərbaycan Respublikası, Bərdə rayonu, Şatırlı kəndi

X X X

Hörmətli Prezident İlham Əliyev.

Ermənistanın ordusunun təxribatlarına qarşı qəti və kəskin cavab verdiyiniz üçün bir türk olaraq sizinlə qürur duyuram və qarşınızda ehtiramla baş əyirəm. Allah köməyiniz olsun. Tanrı türkü qorusun. Allahdan şəhidlərimizə rəhmət diləyirəm.

Hörmətlə,
Kanbal Yusif Hüseyn oğlu
Türkiyə Respublikası, Diyarbəkir şəhəri

X X X

Hörmətli Prezident.

Son günlər cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan Ordusunun əsgərlərinin şəhid olması ilə əlaqədar Sizə və qardaş ölkəyə dərin kədər hissi ilə başsağlığı verirəm. Bir türk olaraq Allah-Taaladan Azərbaycan xalqının və Ordusunun yardımçısı olmasını diləyirəm. Azərbaycanın ərazi bütövlüyü uğrunda ölənədək mübarizə aparmağa hazıram. Türkiyədə də hər gün qəhrəman əsgərlərimiz şəhid olur və buna çox kədərlənirəm.

Azərbaycanın Ordusunun sıralarında düşmənə qarşı mübarizə aparmaq üçün hazıram. Azərbaycan əsgərləri ilə birgə ermənilərə qarşı döyüşmək və onları müqəddəs torpaqlarımızdan çıxarmaq istəyirəm. Bizim qardaşlığımızı heç kimin pozmasına icazə vermərik. Vətən bizim üçün namusdur. Daim zirvələrdə dalğalanan bayrağımızı heç kim endirə bilməz.

Hörmətlə,
Tunç Serkan İsmayıl oğlu
Türkiyə Respublikası, Adana şəhəri

X X X

Hörmətli Prezidentim.

Bilməyinizi istərdim ki, Azərbaycanın Ermənistana qarşı apardığı haqlı mübarizəsinə dəstək üçün Türkiyədə 80 milyon qardaşınız əmrinizə hazırdır. Biz bütün gücümüzlə Azərbaycanın yanındayıq.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, ehtiramlarımı bildirirəm.

Hörmətlə,
Semerci Ali Mustafa oğlu
Türkiyə Respublikası, Tekirdağ şəhəri

X X X

Məqalədə:
Xəbər lenti

Xəbər lenti