...

Prezidentə məktublar: Bir yumruq kimi birləşərək, Vətənin müdafiəsinə qalxacağıq

Siyasət Materials 7 Aprel 2016 14:40 (UTC +04:00)
Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar:  Bir yumruq kimi birləşərək, Vətənin müdafiəsinə qalxacağıq

Bakı. Trend:

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Hörmətli cənab Prezident, yazıb Sizə bildirmək istəyirəm ki, mən və mənim kimi yüzlərlə gənc Sizin səfərbərlik əmrinizi gözləyirik. Bir astaralı olaraq mən də cəbhə xəttinə getmək və düşmənə qarşı vuruşmaq istəyirəm. Xalqımız Sizi dəstəkləyir. Son nəfəsimizə kimi əmrlərinizi yerinə yetirməyə hazırıq, yetər ki əmr verin. İnşallah sizin komandanlığınızla bayrağımız bütün Qarabağda dalğalanacaq. Yaşasın Prezidentimiz cənab İlham Əliyev! Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin ruhu şad olsun!

Hörmətlə,
Qəribli Valid Güləhməd oğlu,
Azərbaycan Respublikası, Astara rayonu

x x x

Hörmətli cənab Prezident.

Torpaqlarımızın işğaldan azad edilməsi naminə, lütfən, intizarında olduğumuz əmri verin. Bütün dünya azərbaycanlıları, o cümlədən mən bir yumruq kimi birləşərək, Vətənin müdafiəsinə qalxacağıq. Sizə qabaqcadan təşəkkür edirəm.

Hörmətlə,

Kazakov Elnur Mahir oğlu
Ukrayna, Vasilyevka şəhəri

x x x

Hörmətli cənab Prezident.

Biz gənclər Sizinlə fəxr edir və edəcəyik. Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən fəxarət hissi keçiririk. Azad edilmiş torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.
Cənab Ali Baş Komandan, biz döyüşməyə hazırıq. Əmr edin, torpaqlarımızı düşmən tapdağından azad edək. Biz Sizə, Ordumuza və özümüzə inanırıq. Sizinlə qürur duyuram, cənab Prezident!

Hörmətlə,
Əzizli Ülvi Vəliağa oğlu.
Azərbaycan Respublikası, İmişli rayonu, Şahverdili kəndi

x x x

Hörmətli Prezident İlham Əliyev.

Əvvəla bildirim ki, Türkiyə hər zaman Sizə dəstək verəcək. Allah Sizə böyük zəfərlər nəsib etsin, gücünüzə güc qatsın. Əgər kömək lazım olsa, biz də Qarabağda döyüşməyə hazırıq. Tanrı türkü qorusun.

Hörmətlə,
Ayaz Eren İsmət oğlu
Türkiyə Respublikası, İzmir şəhəri

x x x

Hörmətli cənab Prezident,

Biz Sizə və ordumuza inanır və güvənirik. Əminik ki, Qarabağı sülh yolu ilə alacağıq. Əks halda hər birimiz döyüşə hazırıq.
Allah şəhidlərimizə rəhmət eləsin və yaxınlarına səbir versin. Yaralılara isə Allahdan şəfa diləyirik.

Hörmətlə,

Əbilov Əsəd Muğdət oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Nərimankənd kəndi

x x x

Cənab Ali Baş Komandan.

Mən 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Müharibə veteranıyam, üç uşaq atasıyam. Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. İnşallah, qələbə müjdəsi ilə sevinərik. Mən də öz növbəmdə Sizin - Ali Baş Komandanımızın əmrinə, torpaqlarımız uğrunda döyüşməyə hər an hazıram.
Cənab Ali Baş Komandan, bu şərəfli yolda Sizə uğurlar arzulayırıq.
Sonda demək istəyirəm: "Şəhidlər ölməz, Vətən bölünməz!".

Hörmətlə,

Kazımov Asif Məcid oğlu.
Azərbaycan Respublikası, Samux rayonu, Qarayeri qəsəbəsi

x x x

Cənab Ali Baş Komandan.

Azərbaycanımızın igid əsgərlərinin son günlər Qarabağda qazandığı uğurlar münasibətilə Sizi və Sizin simanızda bütün xalqımızı təbrik edir, Sizə dərin təşəkkürümü bildirirəm. Döyüşlərdə həlak olan şəhid qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara isə şəfa diləyirəm.
Mən bir sahibkar və ehtiyatda olan hesablayıcı manqa komandiri kimi hər an cəbhədə əsgər qardaşlarımızla birlikdə döyüşməyə hazıram. Vətənimiz uğrunda döyüşmək üçün səbirsizliklə döyüş əmrinizi gözləyirik. İnanırıq, Sizin komandanlığınızla qüdrətli Ordumuz işğal olunmuş torpaqlarımızı azad edəcək, Azərbaycan bayrağını Qarabağda dalğalandıracaq. Özümüz cəbhədə olmasaq da, ürəyimiz əsgərlərimizlə bir döyünür. Qüdrətli Ordumuzla qürur duyuruq. Biz Sizə, əsgərlərimizə inanır, yürütdüyünüz bu siyasəti tam dəstəkləyirik. Allaha əmanət olun.

Hörmətlə,

Kərimli Əlirza Əlican oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu

x x x

Əziz Prezident, sevimli Ali Baş Komandan cənab İlham Əliyev.

Aprelin 2-dən cəbhədə məlum hadisələri izləyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, aşağıda yazdıqlarımın mümkünlüyü üçün göstəriş və ya icazə verəsiniz.
1990-cı illərdə Qarabağda müharibə başlayanda hərbi komissarlığa dəfələrlə müraciət etsəm də, mənə yaşım çatmadığına görə könüllülərin sırasına qoşulmağa icazə vermədilər. Özbaşına Ağstafa-Qazax döyüş bölgələrindəki sektorlara gedəndə isə oradan bizi gətirib hərbi komissarlığa təhvil verdilər. Hərbi xidmətə gedəndə isə artıq atəşkəs elan olunmuşdu. Üç ildən çox hərbi xidmətdə olduğum müddətdə və ordudan ehtiyata buraxıldıqdan sonra döyüş əmrini səbirsizliklə gözləyirdim. Hesab edirəm ki, bu, bir şansdır. Hər insana nəsib olmur Vətəni uğurunda döyüşüb şəhid olsun, müharibə veteranı olsun. Arzularımın reallaşmasının bir addımlığındayam. Amma təəssüf ki, cəbhədə döyüşlərdə iştirak etmək üçün bu dəfə də hərbi komissarlıqdan icazə verilmədi. Möhtəşəm qələbəmiz üçün cəbhədə döyüşmək istəyirəm.
39 yaşım olmasına baxmayaraq, səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq idmanla məşğulam. Özümü 18-20 yaşlarımdakı vaxtımdan da gümrah hiss edirəm. İnanıram ki, arzularımın reallaşmasında Respublika Gənclərinin III və IV Forumunun iştirakçısı kimi mənə kömək edəcəksiniz.

Dərin hörmətlə,

Cahangirov Elşad Allahşükür oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri

x x x

Cənab Ali Baş Komandan.

Mən ali təhsilli gənc kimi könüllü olaraq ön cəbhədə hərbi əməliyyatlarda iştirak etmək istəyirəm. Torpaqlarımızın azad olunması üçün verəcəyiniz istənilən əmri yerinə yetirməyə hər an hazıram.

Hörmətlə,
Məmmədov Zaur İsa oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu

x x x

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Hazırda Türkiyədə yaşasam da, özüm Naxçıvan Muxtar Respublikasının Şərur rayonundanam. Azərbaycanda 5 il hərbi xidmətdə olmuşam və bu gün də könüllü kimi Vətən uğrunda döyüşə getməyə hazıram. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə son damla qanıma qədər vuruşmağa hazıram.

Hörmətlə,

Camalov Fariz Telman oğlu.
Türkiyə Respublikası, İstanbul şəhəri

x x x

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Erməni canilərinin atəşkəsi pozmaları nəticəsində itirdiyimiz şəhidlərə görə Sizə və Azərbaycan xalqına səbir diləyirik. Biz Azərbaycan Silahlı Qüvvələrinə və Sizə güvənirik. Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi nailiyyətlə fəxr duyuruq. Sizdən xahiş edirik ki, bizim də döyüşlərdə iştirakımıza kömək edəsiniz. Biz həmişə Azərbaycan üçün döyüşə hazırıq. Bütün Cənubi azərbaycanlılar Sizi dəstəkləyir və sizinlə birgə düşmənə qarşı döyüşə hazırıq.

Hörmətlə,

Abdulrza Zahidi Əbülfəz oğlu
İran İslam Respublikası, Astara şəhəri

x x x

Hörmətli cənab İlham Heydər oğlu.

Sizi Xəzər rayonu Şağan kənd sakinləri və ailəmiz adından Azərbaycan xalqının çoxdan gözlədiyi qələbələr münasibətilə təbrik edir, Sizə səmimi təbriklərimizi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuruq.
Bu gözəl fürsətdən istifadə edərək, qəti əminliyimi bildirmək istəyirəm ki, xalqımız daim Sizinlədir, Sizi dəstəkləyir.

Hörmətlə,

Qurbanov Ziyad Sahib oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Möhtərəm cənab Prezident, Ali Baş Komandan.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlarımızın azad edilməsi məqsədilə keçirdiyi hərbi əməliyyat bütün gənclərimizdə böyük ruh yüksəkliyi, əzmkarlıq və fərəh hissi yaşatdı. Bu əməliyyatda iştirak üçün Azərbaycan Şən və Hazırcavablar Klubunun hər bir üzvü cəbhə bölgəsinə döyüşə getməyə hazırdır. Son günlər antiazərbaycan niyyətli qüvvələr xarici kütləvi informasiya vasitələrinə olan təsirindən istifadə edərək ölkəmiz haqqında təxribat xarakterli məlumatlar yaydılar. Sizə bildiririk ki, düşmənin informasiya təsirinin azalması və bu cür məlumatların qarşısının alınması üçün var gücümüzü ortaya qoyacağıq. Biz Sizin uzaqgörən siyasətinizə inanırıq, hər gördüyümüz iş Sizin siyasətinizə arxalanıb.

Hörmətlə,

Əzizov Rəşad Fikrət oğlu, Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri,
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.

x x x

Hörmətli cənab Prezident,

Öz adımdan və bütün Rusiyada yaşayan azərbaycanlılar adından əvvəla şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı verirəm.
Cəbhədə qazanılmış uğura görə Sizə minnətdarlığımızı bildiririk. Allah Sizə cansağlığı versin, biz Sizinlə fəxr edirik. Hər zaman döyüşə hazırıq. Rusiyada yaşamağımıza baxmayaraq, ürəyimiz Azərbaycanladır. Biz Dağlıq Qarabağı işğaldan azad etməyi özümüzə borc bilirik. Səbirsizliklə əmrinizi gözləyirik.

Dərin hörmətlə,

Toğrul Məmmədov,
Vüsal Əliyev,
Həsən Nəbiyev,
Elcan Məmmədov,
Tural Nəbiyev,
Rüfət Nəbiyev,
Teyyub Abbasov,
Eyyub Abbasov və başqaları

Rusiya Federasiyası, Moskva şəhəri

x x x

Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.

Biz - ölkəmizdən uzaqda - Nyu-York şəhərində yaşayan Azərbaycan diasporunun üzvləri doğma Vətənimizdə yaşanan bütün hadisələri yaxından izləyir, hər zaman ruhən Sizin və həmvətənlərimizin yanında olduğumuzu hiss edirik. Vətənlə aramızda olan məsafənin uzaq olması bizim Azərbaycanda baş verən hadisələr barədə zamanında xəbər tutmağımıza mane olmur. Vətəndə baş verənləri diqqətlə izləyir, ölkəmizin nailiyyətlərinə ürəkdən sevinirik.
Cənab Prezident, 20 ildən artıqdır ki, doğma torpaqlarımız işğal altındadır. Atəşkəs olsa da, Vətənimiz şəhidlər verir. Mübariz, Fərid və onlar kimi yüzlərlə digər cəsur oğullarımız şəhid olub.
Son günlərdə cəbhə bölgəsində gərginliyin artması ilə bağlı xəbərlər alırıq. Düşmən tərəf həmişəki kimi atəşkəsi pozur, cəbhə zonasına yaxın rayonlarına atəş zərbələri endirir. Əsgərlərimizlə yanaşı, dinc sakinlər arasında da yaralananlar, hətta ölənlər olur. Bu hal bizi çox narahat edir. Ancaq onu da bilirik ki, şanlı Azərbaycan Ordusu düşmənə layiqli cavab verir.
Mən şəhid bacısıyam. Qardaşım Kaşiyev Nəsib Nadir oğlu 1991-ci ildə Şəki şəhərindən Qarabağ uğrunda döyüşə yollandı və 1992-ci ildə Şuşada şəhidlik zirvəsinə ucaldı.
Mən şəxsən öz adımdan, 80 yaşlı anam İsmət Kaşıyevanın və Nyu Yorkda yaşayan Azərbaycan diasporunun üzvləri, xüsusilə azərbaycanlı qadınlar adından xahiş edirəm ki, düşmənin layiqli cavabının verilməsi üçün əmr verəsiniz. Yalnız torpaqlarımız azad ediləcəyi zaman şəhidlərimizin ruhu şad olar. Artıq düşmən tapdağı altında sızlayan Azərbaycan torpaqlarının azad edilməsinin zamanı yetişib. Azərbaycanımın hərbi gücü buna yetər. Azərbaycanın vicdanlı, qeyrətli oğulları Sizin Sərəncamınızı gözləyirlər.
Biz xaricdə yaşayan azərbaycanlılar da Sizə hər zaman dəstək olmağa hazırıq. Hər zaman müsəlləh əsgər kimi əmrinizi gözləyirik.
Ordumuzun işğal altında olan torpaqlarımızın bir qismini azad etməsi xəbəri qəlbimizi sevinc hissi ilə doldurur, bizə ruh yüksəkliyi verir. Böyük qələbəni qeyd edəcəyimiz gün çox yaxındır. Buna bütün qəlbimizlə inanırıq. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!

Dərin hörmətlə,

Vahabova Minəvvər,
Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin yaradıcısı və rəhbəri.
ABŞ, Nyu-York

x x x

Salam, hörmətli İlham Heydər oğlu.

Mən Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin tələbəsiyəm, hazırda Rusiyada yaşayıram və buna görə də çox təəssüf edirəm, çünki Vətənimiz və xalqımız üçün heç nə edə bilmirəm. Çarəsizlikdən Sizə bu müraciəti yazıram. Azərbaycan üçün etdiklərinizə görə Sizə bütün doğmalarım adından minnətdarlığımı bildirirəm. Azərbaycan Silahlı Qüvvələrinə ayrıca təşəkkür edirəm. Biz ordumuzun bu uğurunu çoxdan gözləyirdik. Xahiş edirəm, başladığınız işi dayandırmayın. Bütün xalqımız bunun davamını gözləyir. Şəhidlərimiz döyüşüblər ki, düşmənin axırına çıxsınlar. Biz bunu 25 il gözləmişik və hamımız buna hazırıq. Mən də silaha sarılıb düşmənlə vuruşmağa hazıram, təki torpaqlarımız qayıtsın. Xalqımızın döyüş ruhu və hünəri o dərəcədə yüksəlib ki, hamımız yalın əllə döyüşə atılmağa hazırıq. Qoy, şəhidlərimizin qanı yerdə qalmasın. Vətən naminə, şəhidlərimiz naminə geri çəkilməməliyik. Cənab Ali Baş Komandan, biz həmişə Sizin yanınızdayıq.

Hörmətlə,

Rzayeva Ləman Rafiq qızı
Rusiya Federasiyası, Surqut şəhəri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti