...

Prezidentə məktublar: "Qarabağımızın tezliklə işğaldan azad ediləcəyinə inanırıq!"

Siyasət Materials 7 Aprel 2016 17:20 (UTC +04:00)
Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar: "Qarabağımızın tezliklə işğaldan azad ediləcəyinə inanırıq!"

Bakı. Trend:

Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Biz Sizinlə fəxr edirik və Qarabağımızın tezliklə işğaldan azad ediləcəyinə inanırıq. Əsgərlərimizlə birlikdə cəbhədə gedən döyüşlərdə könüllü iştirak etməyə hazıram. Bunun üçün Sizin əmrinizi səbirsizliklə gözləyirəm. Sizə uğurlar arzulayıram.

Hörmətlə,
Quliyev Məhəmməd Aqil oğlu.
Azərbaycan Respublikası, Zəngilan rayonu, Havalı kəndi

X X X

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Cəbhədəki son döyüşlər və ordumuzun irəli addımlaması bizə qürur verir. Lakin torpaqlarımızdakı müharibəni Bakıdan izləmək mənə xoş deyil. Bir Azərbaycan oğlu olaraq, torpaqlarımız uğrunda döyüşməyə, Azərbaycan bayrağını Qarabağdan asmağa hazıram.

Bu məktubu yazmaqda məqsədim odur ki, səfərbərlik elan olunarsa, Sizin əmrinizlə döyüşə tam hazır olduğumu bildirim. Cənab Ali Baş Komandan, Sizin səfərbərlik barədə əmrinizi gözləyirəm.

Hörmətlə,
Sizin əsgəriniz
Məmmədov Fərrux Əli oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

X X X

Cənab Prezident,

Mən bir Azərbaycan vətəndaşı olaraq, Sizə bildirmək istəyirəm ki, hər zaman döyüşə hazıram. Vətən uğrunda canımdan belə keçməyə razıyam. Təki Vətənimiz Azərbaycan sağ olsun!

Hörmətlə,
Məmmədov Novruz Muşteba oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Məmmədxanlı kəndi

X X X

Cənab Ali Baş Komandan.

Mən bir Azərbaycan övladı kimi Sizin apardığınız uğurlu siyasətinizi bəyənir və dəstəkləyirəm. Son günlər eşitdiyimiz qələbə xəbərləri bizi qürurlandırır. Xahiş edirəm ki, düşmənlərimizi işğal edilmiş ərazilərimizdən qovub çıxarmağımız üçün bizə əmr edəsiniz. Bir vətənpərvər kimi bu, mənim üçün böyük şərəf olar. Mənim üçün erməni işğalçılarını torpaqlarımızdan qovmaqdan böyük xoşbəxtlik ola bilməz.

Sonda demək istəyirəm: "Bir kərə yüksələn bayraq bir daha enməz!"

Hörmətlə,
Heydərli Məmmədəmin Kamil oğlu.
Rusiya Federasiyası, Novosibirsk şəhəri.

X X X

Hörmətli cənab Prezident,

Sizi ordumuzun bir neçə yüksəkliyi düşməndən azad etməsi münasibətilə təbrik edirəm.

Cənab Ali Baş Komandan, bütün gənclər Sizin əmrinizi gözləyir, bir əmrinizlə hamımız Qarabağ uğrunda döyüşə hazırıq.

Hörmətlə,
Hüseynov Sadiq Yusif oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi

X X X

Hörmətli cənab Prezident,

Qazandığımız qələbə münasibətilə öz adımdan və ailəm adından Sizi və xalqımızı təbrik edirəm. Formalaşdırılmış peşəkar və güclü ordumuzla, Vətənimizlə fəxr edirəm. Arzu edirəm yaxın zamanlarda Şuşa, Laçın və digər işğal altında olan ərazilərimizi azad edək.

Cənab Ali Baş Komandan, bunun üçün səbirsizliklə Sizin əmrinizi gözləyirik.

Hörmətlə,
Tağıyev Sabit Cənnət oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri

X X X

Cənab Ali Baş Komandan.

Mən 1994-98-ci illərdə Qarabağda Ağdam rayonunda hərbi xidmət keçmişəm. Döyüşlərin birində yaralanmışam, 2-ci qrup Qarabağ əliliyəm.

Aprelin 2-də erməni silahlı bölmələrinin qoşunların təmas xəttində təxribatlarının qarşısının uğurla alınması məni qürurlandırdı, yenidən ordu sıraları qayıtmağa həvəsləndirdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Sizdən xahiş edirəm ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qoşulmağımız üçün səfərbərlik əmri verəsiniz. Sizə minnətdaram.

Hörmətlə,
Yəhyayev Teymur Canəli oğlu.
Azərbaycan Respublikası, Lerik rayonu, Akuşəpeştə kəndi

X X X

Hörmətli cənab Ali Baş Komandan.

Son günlər cəbhədə baş verən döyüşlərlə əlaqədar bildirmək istəyirəm ki, könüllü olaraq müharibəyə yollanmaq arzusundayam. Sizdən xahiş edirəm ki, mənim və mənim kimi yüzlərlə gəncin bu arzusunu nəzərə alasınız. Çox sağ olun.

Hörmətlə,
Salahlı Uğur Zülfü oğlu.
Azərbaycan Respublikası, Bərdə rayonu, Zümürxan kəndi

X X X

Salam əziz Prezidentimiz İlham Əliyev.

Azərbaycan xalqını təbrik edirik. Mən ailəmlə birlikdə Qazaxıstanın Çimkənd şəhərində yaşayıram. Bütün xalqımız kimi, biz də hər an ailəliklə Vətənin müdafiəsinə qalxmağa hazırıq. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində əldə olunan uğurlar bizi çox sevindirir.

Hörmətlə,
Heydərova Firuzə Ağa qızı
Qazaxıstan Respublikası, Çimkənd şəhəri

X X X

Hörmətli cənab Prezident.

Biz gənclər Sizinlə fəxr edir və edəcəyik. Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən fəxarət hissi keçiririk. Azad edilmiş torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.

Cənab Ali Baş Komandan, biz döyüşməyə hazırıq. Əmr edin, torpaqlarımızı düşmən tapdağından azad edək. Biz Sizə, Ordumuza və özümüzə inanırıq. Sizinlə qürur duyuram, cənab Prezident!

Hörmətlə,
Əzizli Ülvi Vəliağa oğlu.
Azərbaycan Respublikası, İmişli rayonu, Şahverdili kəndi

X X X

Azərbaycan xalqının lideri, Hörmətli Prezident İlham Əliyev.

Məsafə olaraq uzaqda olsaq da, hər bir türk kimi mən də ölkənizdə baş verən hadisələri diqqətlə izləyirəm. Bildiyiniz kimi, türk milləti qəlbən Sizinlədir. Biz hər zaman Sizin üçün dua edirik. Allah köməyiniz olsun.

Hörmətlə,
Yıldırım Taner Kani oğlu.
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Hörmətli cənab Prezident,

Biz Sizə və ordumuza inanır və güvənirik. Əminik ki, Qarabağı sülh yolu ilə alacağıq. Əks halda hər birimiz döyüşə hazırıq.

Allah şəhidlərimizə rəhmət eləsin və yaxınlarına səbir versin. Yaralılara isə Allahdan şəfa diləyirik.

Hörmətlə,
Əbilov Əsəd Muğdət oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Nərimankənd kəndi

X X X

Cənab Prezident, Ali Baş Komandan,

Bu günlərdə Qarabağ ərazisində gedən döyüşlərdə Silahlı Qüvvələrimizin düşmənə sarsıdıcı zərbə vurması, bir neçə yüksəkliyi azad etməsi məni çox sevindirdi. Mən də Qarabağ müharibəsi veteranı kimi lazım gəlsə, yenidən əlimə silah alıb torpaqlarımızı düşməndən azad etməyə hazıram.

Hörmətlə,
Cabbarov Oruc Rəhbər oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi

X X X

Salam hörmətli Prezident, cənab Ali Baş Komandan.

Doğma Azərbaycanımız üçün gördüyünüz işlərə görə Sizə çox təşəkkürümü bildirirəm. Sizdən xahiş edirəm ki, torpaqlarımızı hərbi yolla geri qaytaraq və dünya Azərbaycanın gücünü bir daha görsün. Azərbaycan xalqı Sizə güvənir. Hər şeyə görə çox sağ olun.

Hörmətlə,
Bağırov Şahin Qədim oğlu,
Azərbaycan Respublikası, Şəmkir rayonu

X X X

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bir gənc kimi torpaqlarımızın işğal altında qalması ilə barışa bilmirəm. Sizin əmrinizlə könüllü surətdə son damla qanıma qədər Vətənimiz uğrunda döyüşməyə hazıram. Təki Vətən sağ olsun!

Hörmətlə,
Hüseynli Elnur Yaşar oğlu.
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.

X X X

Cənab Ali Baş Komandan.

Sizi böyük qələbənin ilk qədəmləri münasibətilə təbrik edirəm. Siz şanlı tariximizdə yeni səhifə açdınız və tarixi uğura imza atdınız Bu, illərdən bəri çəkdiyiniz misilsiz zəhmətin bəhrəsidir.

Mən Xətai rayonu 245 saylı məktəbin 8-ci sinif şagirdiyəm. Bu gün məktəbli yoldaşlarımla birgə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Xaliq Əzizzadənin dəfn mərasimində iştirak etdim. Çox fəxr edirəm ki, həmin izdihamın içərisində mən də var idim. Məktəbli olsam da, Vətənimin mənfur ermənilərdən təmizlənməsi üçün hər an istənilən fədakarlığı etməyə hazıram. Hamı kimi mən də Sizin əmrinizi gözləyirəm. Tam əmin ola bilərsiniz ki, nəinki biz məktəblilər, bütün xalqımız Sizin arxanızdadır. Tarixə "Qarabağ uğrunda üçgünlük müharibə" kimi qızıl hərflərlə yazılmış günlərdə biz bunu bir daha gördük və buna əmin olduq.

Cənab Ali Baş Komandan, Sizə gərgin və şərəfli işinizdə uğurlar arzulayıram. Bilin və əmin olun ki, xalqımız Sizinlə fəxr edir.

Hörmətlə,
Hüseynli Mədinə Şaiq qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

X X X

Salam, möhtərəm Azərbaycan Prezidenti.

Demək istəyirəm ki, atam da, mən də çağırışa və Dağlıq Qarabağın azadlığı uğrunda döyüşlərdə iştirak etməyə daim hazırıq.

Hörmətlə,
Abdullayev Fərid Qalib oğlu
Rusiya Federasiyası, Surqut şəhəri

X X X

Cənab Ali Baş Komandan.

Nə yaxşı ki, varsınız və Ordumuza ruh yüksəkliyi verirsiniz. İnşallah, Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, Vətənimin belə qüdrətli Ordusu və bu Ordunun başında Sizin kimi Ali Baş Komandanı var.

Bir daha Sizə təşəkkürümü bildirir, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, yaralananlara şəfa diləyirəm.

Şəfiyeva Məryəm Rzabala qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.

X X X

Hörmətli Azərbaycan Respublikasının Prezidenti.

Sizin yeritdiyiniz siyasətə, şəxsi ləyaqət hissinizə və cəsarətinizə heyranam. Əlli beş yaşım var, Qarabağ müharibəsi veteranıyam. Vətənimizin müdafiəsində iştirak etmək istəyirəm. Hazırda Vətənin hüdudlarından kənardayam və Azərbaycanın vətəndaşı deyiləm, amma gəlməyə hazıram. Xahiş edirəm, işğalçılara qarşı döyüş əməliyyatlarında mənim kimilərin iştirak etməsinə şərait yaratmaq imkanlarını nəzərdən keçirəsiniz. Hesab edirəm ki, hücum dəstələrində və cəbhənin ən təhlükəli yerlərində yaşı 50-dən yuxarı olanlar döyüşməlidirlər.

Dərin hörmətlə,
Əliyev Qabil Zirəddin oğlu
Rusiya Federasiyası, Moskva şəhəri

X X X

Hörmətli Ali Baş Komandan İlham Əliyev.

Mən, Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşam. Hazırda Rusiyanın Yekaterinburq şəhərində yaşayıram. Çox fəxr edirəm ki, Vətənimin belə güclü Prezidenti var. Dağlıq Qarabağda baş vermiş son hadisələr nöqteyi-nəzərindən demək istəyirəm ki, Sizin ilk əmrinizlə Azərbaycana gəlib Vətənimi müdafiə etməyə hazıram. Azərbaycanın dövlət bayrağının altında döyüşmək mənim üçün böyük şərəfdir. Erməni qəsbkarlarına qarşı mübarizədə əldə olunan uğurlar münasibətilə təbrik edirəm. Azərbaycana eşq olsun! Prezidentimizə eşq olsun! Silahlı Qüvvələrimizə eşq olsun!

Hörmətlə,
Abbasov Müqtədir Məmməd oğlu
Rusiya Federasiyası, Yekaterinburq şəhəri

X X X

Hörmətli cənab Prezident, Ali Baş Komandan. Mənim 43 yaşım var, ehtiyatda olan zabitəm. Sizin əmrinizi gözləyirəm, torpaqlarımızın mənfur düşməndən azad olunması üçün hər an hazıram. Allah sizə yar olsun!

Hörmətlə,
Quliyev Laçın Məhəmməd oğlu,
Azərbaycan Respublikası, Zaqatala rayonu.

X X X

Salam, cənab Prezident.

Sizi və böyük Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.

Hörmətli Prezident, mən və Nijni Novqorod Azərbaycanlı Gənclər Cəmiyyətinin üzvləri döyüşə tam hazır vəziyyətdə doğma tarixi torpaqlarımızın müdafiəsinə qalxmaq üçün Sizin əmrinizi gözləyirik. Yaşasın Azərbaycan və dəyərli Azərbaycan xalqı! Həlak olmuş qəhrəmanlarımıza görə kədərlənirik. Azərbaycanın ləyaqətli oğullarına eşq olsun!

Hörmətlə,
Əliyev Elmir Vahab oğlu
Rusiya Federasiyası, Nijni Novqorod şəhəri

X X X

Əziz Prezident. Rusiya Federasiyasında yaşayan bütün azərbaycanlılar adından Sizdən xahiş edirəm ki, geri çəkilməyəsiniz. Biz Sizinləyik. Mən ölkəmlə və Prezidentimlə fəxr edirəm. İnşaallah, biz Vətənimizi müdafiə etməyə hazırıq. Mən Tibb İnstitutunun tələbəsiyəm, xəstəxanada işləyirəm. Öz tərəfimdən qürur hissi ilə bildirirəm ki, ölkəmə bilavasitə təmas xəttində kömək etməyə hazıram. Öz köməyimi fərəh hissi ilə təklif edirəm və Azərbaycanımız uğrunda canımdan keçməyə hazıram. Təki geri çəkilməyin. Torpaqlarımızı qaytarın. Biz Sizə inanırıq və Sizin göstərişlərinizi gözləyirik. Biz birlikdəyik və biz bunu edəcəyik. Amin!

Hörmətlə,
Əhmədova Qumral Həsən qızı
Rusiya Federasiyası, Krasnoyarsk şəhəri

X X X

Hörmətli cənab Prezident.

Son günlər Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq biz gəncləri daha da ruhlandırdı. Biz Salyan gəncləri Qarabağı geri qaytaracağımıza inanırıq. Düşmənə daha ağır zərbələr endirməyə və şəhidlərimizin qisasını almağa hər an hazırıq, Sizin əmrinizi gözləyirik. Düşmən özü də Ordumuzun gücünü yaxşı bilir və ilk zərbənin təsirində bunu bir daha hiss etmiş oldu. Elə buna görə də hazırda təşviş içindədir.

Hörmətli cənab Prezident, Allah Sizi, xalqımızı və Ordumuzu qorusun. Yaşasın Azərbaycan!

Hörmətlə,
Xəlilov Sübhan Siyasət oğlu, məktəb direktoru.
Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi.

X X X

Hörmətli, cənab Prezident.

Allah şəhidlərə rəhmət eləsin. Hazırda mən Rusiya Federasiyasının vətəndaşı olsam da, təbii ki, azərbaycanlı olaraq qalıram. Vətənini sevən hər kəs kimi, mən də borcumu hər hansı şəkildə - ya əldə silah, ya da peşəkar cərrah kimi yerinə yetirməyə hazıram. Allah Sizi və Azərbaycanımızı hifz etsin!

Hörmətlə,
Nastakalov Şamil Veysər oğlu
Rusiya Federasiyası, Simlyansk şəhəri

X X X

Çox hörmətli Prezident İlham Heydər oğlu Əliyev.

Sizə Rusiya Federasiyasının Tomsk şəhərindən yazıram. Sizə dərin hörmətimi ifadə edirəm. Ümidvaram ki, məktubum Sizə çatacaq. Vətənimin hüdudlarından uzaqda yaşamağıma baxmayaraq, ölkəmin - Azərbaycanın vətənpərvəriyəm. Allahdan Sizə və hörmətli Mehriban xanıma cansağlığı diləyirəm. İnşallah, Allahın mərhəməti sayəsində tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. İnşallah, mən də həmişəlik gözəl Bakıya və Qaxa qayıdacağam. Ordumuzun qüdrətini artırdığınıza və bizim gözəl Azərbaycan Respublikasını qorumaq əzminizə görə çox sağ olun. Sizə və görkəmli insan Heydər Əliyevə həmişə böyük ehtiram bəsləmişəm. Ulu Öndərimizə Allah rəhmət eləsin. Bu məktubu bir də ona görə yazıram ki, biləsiniz soyuq Sibirdə də vətənpərvərlər var!

Hörmətlə,
Məmmədova Vüsalə
Rusiya Federasiyası, Tomsk şəhəri

X X X

Möhtərəm cənab Prezident, Azərbaycan gənci özünün intellekti, yüksək yaradıcılıq potensialı, vətənpərvərliyi və igidliyi ilə daim seçilir. Bu potensialı görən və qiymətləndirən ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan uğurlu gənclər siyasəti Sizin sayənizdə daha da inkişaf etdirilərək uca zirvələri fəth etməkdədir. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, onların hər biri dövlətin ali xidmətləri naminə uğurlu nəticələr əldə edir, onun müstəqilliyinin, suverenliyinin qorunması və gələcək inkişafının təmini baxımından Sizin rəhbərliyiniz altında fədakarlıq göstərirlər. Qeyd etmək istəyirik ki, belə diqqət və qayğıdan bəhrələnən, Sizin dəmir iradənizdən və qətiyyətinizdən ruhlanan İsmayıllı gəncləri də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, gələcək yaradıcılıq fəaliyyətlərini çağırışlarınıza və tövsiyələrinizə adekvat həyata keçirməyə cəhd göstərirlər.

Son günlər cəbhə xəttində düşmənin təxribatlarının qarşısını qətiyyətlə alan və ona layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinin uğurları biz İsmayıllı gənclərini çox sevindirməklə yanaşı, həm arxayın edir, həm də ruhlandırır. Ciddi itki verərək geri çəkilmək məcburiyyətində qalan ermənilər Azərbaycan Ordusunun gücünün bir daha şahidi oldular.

Hörmətli cənab Prezident, cəbhədə baş verən son proseslər bir daha göstərdi ki, Vətənimizin qeyrətli oğulları Sizin kimi Ali Baş Komandanın rəhbərliyi altında düşmənlə mübarizə aparmaq üçün silaha sarılmağa hər an hazırdır.

Sizin qətiyyətiniz, iradəniz və cəsarətiniz çoxsaylı vətənpərvər gənclərimiz kimi, biz ismayıllılara da komandanlığınız altında silaha sarılaraq torpaqlarımızı qorumaq üçün düşmən üzərinə getməyə əlavə güc və cəsarət verir. Bizim hər birimiz buna hazırıq.

Cənab Ali Baş Komandan, hər bir İsmayıllı gənci Sizin əmrinizi gözləyir. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmaq, Vətən uğrunda döyüşmək və qismət olarsa, bu yolda şəhid olmaq İsmayıllı gəncləri üçün böyük şərəf olardı.

Ulu Tanrı xalqımıza yeni-yeni qələbələr nəsib etsin!

Dərin hörmətlə,
İsmayıllı gənclərinin dəstək mitinq-yürüşü iştirakçıları

X X X

Çox hörmətli cənab Prezident.

Milli Ordumuzun Qarabağda keçirdiyi uğurlu əməliyyat münasibətilə Novlu kəndinin sakinləri adından və ailəmiz adından Sizi ürəkdən təbrik edirik.

Cənab prezident, biz Novlu əhalisi belə bir uğurlu əməliyyatın Qubadlıda keçirmək və üçrəngli bayrağımızı Novluda dalğalandırmaq üçün Sizin əmrinizi gözləyirik. İnanırıq ki, apardığınız uğurlu xarici siyasət və Ordumuzun şücaəti nəticəsində tezliklə Qubadlıya və işğal olunmuş digər rayonlarımıza qayıdacağıq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qəbirləri nurla dolsun. Yaralı əsgərlərimizə tezliklə sağalmalarını arzu edirik.

Hörmətli cənab prezident, biz həmişə Sizin arxanızdayıq. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,
Cavadov Elçin Xansuvar oğlu.
Azərbaycan Respublikası, Qubadlı rayonu.

X X X

Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.

Damarlarında türk qanı axan insan olaraq, bu məktubu Sizə yazmağı özümə borc bilirəm.

Cənab Ali Baş Komandan, etnik xüsusiyyətlərinə görə dünyada ən aşağı səviyyədə olan ermənilərə qarşı apardığınız mübarizədə Allahdan sizə uğurlar arzu edirəm. Vətənpərvər gənc olaraq, qəlbim və ruhum sizinlə birlikdə Qarabağdadır. Mən həm məktəbdə, həm də universitetdə oxuyarkən Xocalı soyqırımının ildönümlərində "Ya Qarabağ, ya ölüm" şüarı ilə yaşayan və böyüyən türk gənciyəm.

Böyük öndər Mustafa Kamal Atatürkün "Türk birliyi bir gün mütləq qurulacaq" kəlamını həyatımın məqsədi və özüm üçün prinsip kimi müəyyən etmişəm. Mərhum atanız Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" kəlamının qüruru ilə yaşayan bir gəncəm. Siz orada müharibə şəraitində olarkən mən İstanbulda məmur işlədiyim bələdiyyədə rahat otağımda oturub baş verənləri kənardan izlədiyim üçün utanıram. Çünki mən də türk qanı daşıyıram. Azərbaycan üçün ölənədək döyüşməyə hazıram. Buna görə xahiş edirəm ki, şərəfli Azərbaycan Ordusunda xidmət etməyimə göstəriş verəsiniz.

Hörmətlə,
Özpınar Kaan Mehmet oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri

X X X

Hörmətli Prezident, cənab Ali Baş komandan.

Son günlər cəbhədə aparılan uğurlu döyüş əməliyyatları bizi sevindirir. Bu qətiyyətli addımınız bir daha sübut etdi ki, Siz xalqını, Vətənini sevən lidersiniz. Bir Millət olaraq Sizi ömürlük Azərbaycan Respublikasının Prezidenti olmağınızı istəyirik. Qələbə münasibətilə Sizi təbrik edirəm. Sizə və Sizin Ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, tutduğunuz bu müqəddəs yolda uğurlar arzu edirəm. Ulu Tanrı Sizi qorusun ki, Sizdə müstəqil Azərbaycanımızı və xalqınızı qoruyasınız.

Hörmətlə,
Bayramov Şahin Şirin oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.

X X X

Möhtərəm cənab Prezident.

Sizi salamlayır, bu müqəddəs yolda Sizə uğurlar arzulayıram. Son günlər cəbhə xəttində baş verən hadisələrdən xəbərdaram. İlk növbədə, şəhid olan qardaşlarımıza rəhmət diləyir, ruhlarının şad olmasını arzu edirəm. Eləcə də Ordumuzun qazandığı zəfər məni çox sevindirir və ruhlandırır. Sizin çıxışınız isə hər zaman bizdə ruh yüksəkliyi yaradır. Sizə yazmağımda əsas məqsəd hərbiyə səfərbər olmağa hazır olduğumu bildirməkdir. Mən hərbi xidmətimi Ağdam rayonunda, ön cəbhədə etmişəm. Dəfələrlə düşmən təxribatının qarşısının alınmasında iştirak etmişəm. Vəzifəm sanitar təlimatçı olub və yaralı yoldaşlarıma ilkin tibbi yardım göstərərək, onları yaşatmağa çalışmışam. Bu, mənim borcum idi. Mənim atam da birinci Qarabağ savaşında iştirak edib və hazırda ikinci qrup Qarabağ əlilidir. İndi Atam da, mən də Sizin o tarixi əmrinizi gözləyirik. İstərdim ki, səfərbərlik elan olunsun, yarım qalmış vəzifəmi tamamlayım. Dağlıq Qarabağ işğaldan azad edilənə kimi bu uğurlarımızın davamlı olmasını istərdik.

Dərin hörmətlə,
Gülverdiyev Şəmsi Mövsüməli oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti