...

Prezidentə məktublar: Azərbaycan gənci olaraq Sizinlə fəxr edirik

Siyasət Materials 8 Aprel 2016 14:51 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
Prezidentə məktublar: Azərbaycan gənci olaraq Sizinlə fəxr edirik

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.

X X X

Hörmətli Cənab Prezident.

Biz Quba rayon Əfqanıstan müharibəsi veteranları Sizin yürütdüyünüz daxili və xarici siyasəti yaxından izləyir və ürəkdən dəstəkləyirik. Müharibə təcrübəsi olan zabit və əsgərlərimiz hər zaman Sizinlədir və Sizin arxanızdadır. Biz Sizə inanır və güvənirik. Yaşımızın 50-dən çox olmasına baxmayaraq, Qarabağımızı erməni işğalçılarından təmizləyərək, onları Ermənistanın paytaxtına kimi qovmaq enerjisini özümüzdə saxlamışıq. Bizə hər zaman güvənə bilərsiniz. Rəşadətli Ordumuzun Sizin komandanlığınız altında cəbhədə apardığı uğurlu hərbi əməliyyat bizi qürurlandırdı. Biz Sizinlə qürur duyur və bu münasibətlə Sizi təbrik edirik.

Hörmətlə,

Məlikov Elmar, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Quba rayon filialının sədri

Azərbaycan Respublikası, Quba rayonu

x x x

Hörmətli cənab Prezident.

Yazıb sizdən xahiş edirəm ki, ölkəmiz üçün bu çətin günlərdə mənim də Vətən, torpaq uğrunda ordu sıralarına qoşulub düşmənlə mübarizə aparmağıma icazə verəsiniz. Azərbaycan oğlu olaraq belə bir vəziyyətdə düşmənin təxribatlarını kənardan izləmək mənim üçün çətindir. Xahiş edirəm, mənə və mənim kimi minlərlə gəncimizə düşmənlə üz-üzə döyüşmək üçün əmr verəsiniz.

Hörmətlə,

Mirzəyev Azər Əlimərdan oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu

x x x

Cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz.

Uğurlu siyasətinizin məntiqi nəticəsi olaraq cəbhədə əldə etdiyimiz uğurlara görə Sizi səmimi qəlbdən təbrik edirəm. Mən əmrinizlə xidmət etməyə hər an hazıram.

Hörmətlə,

Hüseynov Elmar Knyaz oğlu, "Azərbaycan bayrağı" ordenli ehtiyatda olan polkovnik, müharibə veteranı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu

x x x

Cənab Ali Baş Komandan İlham Əliyev.

Sizin əmrinizlə mən ordu sıralarına qatılmağa hazıram. Vətənimizin hər qarış torpağının düşmən tapdağından azad olunması üçün əlimdən gələni edəcəyimə söz verirəm.

Hörmətlə,

Mahmudov Mahmud Namiq oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Əhmədli qəsəbəsi

x x x

Hörmətli cənab Prezident.

Ordumuzun cəbhədəki qələbəsinə ürəkdən sevinirik. Bu münasibətlə Sizi təbrik edirik.

Mən və mənim kimi digər gənclər könüllü olaraq Vətənimizin bütövlüyü uğrunda cəbhəyə yollanmağa hazırıq. Yaşasın Azərbaycan xalqı, yaşasın Prezidentimiz cənab İlham Əliyev!

Hörmətlə,

Zaidov Cavid Əliqəmə oğlu.

Azərbaycan Respublikası, İmişli rayonu

x x x

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev,

Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hazırda Livan Respublikasında yaşayıram. Son günlər cəbhədə baş verən döyüşlərdə Azərbaycan Ordusunun qələbəsi bizi çox sevindirir. Məlumat üçün bildirim ki, biz Livanda yaşayan Azərbaycan vətəndaşları, Azərbaycandan uzaqlarda yaşamağımıza baxmayaraq, ürəyimiz hər zaman Vətənimiz ilə döyünür.

Qarabağ dedikdə, hər kəs müxtəlif hisslər keçirir. Kimisi kədərlənir, kimisi isə gəncliyini və uşaqlığını xatırlayır. Atalar yaxşı deyiblər ki, özgə atına minən tez düşər. Özgənin torpağında hökmranlıq etmək, yurd-yuva qurmaq, ondan bəhrələnmək də baş tutan iş deyil. Bu gün bizim Xankəndi, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, eləcə də bir sıra digər şəhər və rayonlarımızla yanaşı, gözəl Şuşamız da işğal altındadır. İnanıram ki, gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq. Allah bütün hərbçilərimizin və cəbhəyə yaxın yaşayan sakinlərimizin köməyi olsun. Biz sizinlə fəxr edirik cənab Prezident, Allah Sizi qorusun!

Hörmətlə,

İrina Çerçintseva-Beaino Anatoli qızı

Livan Respublikası, Beyrut şəhəri

x x x

Cənab Ali Baş Komandan,

Mən müharibə veteranıyam, 1992-ci ildən atəşkəsə qədər döyüşlərdə iştirak etmişəm. Bütün hərbi texnikaları idarə edə bilirəm. Sizin əmrinizlə döyüşə getməyə hazıram.

Hörmətlə,

Salayev Ceyhun Soltanağa oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu, Türkəkəran kəndi

x x x

Cənab Ali Baş Komandan.

Bu günlərdə cəbhədə gedən döyüşlər, düşmənə vurulan sarsıdıcı zərbələr hər bir azərbaycanlı kimi məni də ürəkdən sevindirir. Lakin bu prosesləri televiziya və ya internet qarşısından izləmək mənə çox ağır gəlir. Bir Azərbaycanlı kimi orada döyüşməyi, düşmənlə üz-üzə durmağı özümə borc bilirəm və buna hazıram. Mən əminəm ki, nankor düşmənlərimiz bundan sonra da layiqli cavablarını alacaqlar.

Cənab Ali Baş Komandan, bütün dünya Azərbaycanlıları Sizinlə fəxr edirlər.

Hörmətlə,

Qasımzadə Əli Məmməd oğlu.

Azərbaycan Respublikası, Lənkəran şəhəri

x x x

Salam cənab Prezident,

Azərbaycan vətəndaşı olmağımla qürur duyur və fəxr edirəm. Vətənim, torpağım və millətim uğrunda canımı verməyə hazıram. Azərbaycan xalqının həmrəyliyini sözlə ifadə etmək mümkün deyil. Mən də bu dövlətin bir vətəndaşı və əsgəri kimi Sizin əmrinizi gözləyirəm.

Allah millətimizi, dövlətimizi və Sizi qorusun! Yaşasın Azərbaycan!

Hörmətlə,

Cəfərzadə Anar İbrahim oğlu

Ehtiyatda olan zabit

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu

x x x

Möhtərəm cənab Prezident!

Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərini dəstəkləyir, sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin düşməndən tam azad olunması xəbərinə sevinir, döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyir.

Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz diaspor siyasətinin nəticəsidir ki, Rusiyada və digər ölkələrdə yaşayan yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində səylərinizi dəstəkləyir. Torpaqlarımızın geri qaytarılması hamımızın müqəddəs borcudur. Bu işdə hər zaman Sizin yanınızdayıq. Əmin ola bilərsiniz ki, Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, böyük bir diaspor ordusu Ali Baş Komandanımızın əmrini gözləyir.

Zati-alinizə dərin hörmət və ehtiramla,

Məmişov V.İ. "Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyəti" Şəhər İctimai Təşkilatının sədri,

Təhməzov A.S. "Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyəti" Şəhər İctimai Təşkilatının sədrinin müavini

x x x

Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı.

Azərbaycan Ordusunun şərəfli döyüş əməliyyatları hamımızın ürəyindən xəbər verir. Çoxdan idi ki, biz Silahlı Qüvvələrimizin belə şücaətlərinin şahidi olmaq istəyirdik. Mənfur düşməni torpaqlarımızdan qovub çıxarmaq vaxtıdır. Erməni faşistlərinin arxasında indi çox az beynəlxalq güc dayanır. Düşmənin hiyləgərliyi, yalan informasiyaları indi onun özünə qarşı çevrilir. Haqq nəzilər, üzülməz. Sizin apardığınız müdrik və uzaqgörən siyasət öz bəhrəsini verib. İndi daha çox ölkə bizim haqq işimizi başa düşür və bizi dəstəkləyir. Bu çətin günlərdə dostlarımızı və düşmənlərimizi bir daha yaxından tanıdıq. Xalqımızın haqq işini müdafiə edənlər getdikcə çoxalır. Bu, Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Əsas odur ki, indi dünya bizi daha çox dərk edir. Düşmənlər isə ordumuzun zəfər yürüşündən təşvişə düşüblər. Cənab Prezident, xalqımız Sizə və qüdrətli ordumuza inanır, Silahlı Qüvvələrimizdən yeni-yeni qələbələr gözləyir. Ordumuzun güclənməsi cənab Prezidentimizin xalqla monolit birliyindən xəbər verir. Bu birlik əbədidir. Bütün varlığımızla Sizin əmrlərinizi yerinə yetirməyə hazırıq. Lənkəranlılar, Lənkəran ziyalıları Sizi ürəkdən dəstəkləyirlər. Qoy ən böyük zəfərimiz Qarabağımızın düşməndən azad edilməsi olsun!

Hörmətlə,

Hüseynov Bəxtiyar Baloğlan oğlu, Azərbaycan Respublikası, Lənkəran rayonu

x x x

Cənab Ali Baş Komandan,

Biz Sizin siyasətinizi dəstəkləyir və Sizin əmrlərinizi yerinə yetirməyə hazırıq. Əminik ki, tezliklə torpaqlarımızın geri alınması, yəni qələbə xəbərini eşidəcəyik. Azərbaycanımızın keşiyində durmağa, ərazi bütövlüyümüzü qorumağa və canımızdan belə keçməyə daim hazırıq.

Allah Sizi və Azərbaycan xalqını qorusun!

Hörmətlə,

Məmmədov Zaur Zakir oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu

x x x

Cənab Ali Baş Komandan,

Sizi düşmən üzərində qazandığımız qalibiyyət münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Vətənin dar günündə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdiniz. Hər bir azərbaycanlı kimi mən də Sizin rəhbərliyiniz ilə Vətən uğrunda döyüşməyə hazıram.

Allah Sizi və vətənimizi qorusun!

Kərimov Nurlan Qəzənfər oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu

x x x

Salam cənab Prezident,

Azərbaycan vətəndaşı olmağımla qürur duyur və fəxr edirəm. Vətənim, torpağım və millətim uğrunda canımı verməyə hazıram. Azərbaycan xalqının həmrəyliyini sözlə ifadə etmək mümkün deyil. Mən də bu dövlətin bir vətəndaşı və əsgəri kimi Sizin əmrinizi gözləyirəm.

Allah millətimizi, dövlətimizi və Sizi qorusun! Yaşasın Azərbaycan!

Hörmətlə,

Cəfərzadə Anar İbrahim oğlu

Ehtiyatda olan zabit

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu

x x x

Hörmətli cənab Prezidentimiz,

Mən on ildir ki, Bolqarıstanda yaşayıram. Sofiyada Beynəlxalq İdman Akademiyasını bitirmişəm. İdman üzrə doktorluq dərəcəsi almışam. Son günlər Azərbaycan Ordusunun cəbhə boyu qazandığı qələbələr bütün azərbaycanlılar kimi, bizi ürəkdən sevindirdi. Qazanılmış qələbələr münasibətilə Sizi və bütün Azərbaycan xalqını şəxsən öz adımdan, idman ictimaiyyəti adından təbrik edirəm.

Sizin diqqət və qayğınız sayəsində Azərbaycan dünyada idman ölkəsinə çevrilib. İdmançılar Vətənin müdafiəsinə həmişə hazırdırlar. Əldə olunan bu qələbələr gələcək böyük qələbələrdən xəbər verir. İnanırıq ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcəkdir. Azərbaycan xalqı Sizin ətrafınızda daha sıx birləşərək, bütün dünyaya xalqla-rəhbər, xalqla-hakimiyyət birliyini ən yüksək səviyyəsini nümayiş etdirir.

Möhtərəm Prezident, bütün Azərbaycan xalqı Sizinlədir. Əmin olun ki, Vətən uğrunda döyüşməyə həmişə hazırıq.

Dərin hörmətlə,

Asif Əliyev, fəlsəfə doktoru.

Bolqarıstan, Sofiya şəhəri

x x x

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin qətiyyətiniz, uğurlu daxili və xarici siyasətiniz nəticəsində müzəffər Ordumuzun cəbhədə düşmənə vurduğu ağır və sarsıdıcı zərbələr xalqımızın qələbə əzmini yüksəltmiş, böyük qələbəyə inamı daha da möhkəmləndirmişdir. Sizin ətrafınızda birləşən Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları düşmənə son zərbəni vurmaq üçün günləri sayırlar. Sizin böyük sərkərdəlik bacarığınız, qətiyyətiniz və mətinliyiniz cəbhədə Vətən uğrunda döyüşən igid əsgərlərimiz üçün ruh yüksəkliyi yaratmış, onların əzmini artırmışdır.

Cənab Prezident, mən inanıram ki, bu gün Ulu Öndərin həmişəyaşar xatirəsi qəlbimizdə dərin kök saldığı kimi, onun ruhu da bizimlədir. Çünki Sizin komandanlığınız altında qəhrəman Azərbaycan Ordusu həm də Ümummilli Liderimizin xəyallarını reallaşdırmaqdadır.

Möhtərəm Prezident, bütün Azərbaycan gəncləri kimi, Qubadlı gəncləri də bu qələbə münasibətilə riqqətə gəlmiş və torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün Sizin əmrinizi gözləməkdədir.

Bu sevinci bizə yaşatdığınız üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

İmanov Savalan Vəlixan oğlu.

Azərbaycan Respublikası, Qubadlı rayonu, Mollabürhan kəndi

x x x

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Son illərdə respublikamızın inkişafı və apardığınız uğurlu siyasətin nəticəsi kimi deyə bilərik ki, ölkəmiz gündən-günə inkişaf edir və çiçəklənir. Əlbəttə, bu inkişaf Ordumuzun qüdrətlənməsinə də öz təsirini göstərib.

Hörmətli cənab Prezident, apardığınız uğurlu siyasət bütün Azərbaycan gəncləri tərəfindən dəstəklənir. Bütün səfərləriniz və beynəlxalq təşkilatlarda uğurlu çıxışlarınız hər bir vətənsevər gənc kimi bizi də sevindirir. Azərbaycan gənci olaraq Sizinlə fəxr edirik. İnanın, Azərbaycan gəncliyi apardığınız uğurlu siyasəti bəyənir və dəstəkləyir.

Cənab Ali Baş Komandan, bir vətəndaş və Sizin sıravi əsgəriniz kimi torpaqlarımızın azad olunması üçün əmrinizi gözləyirik. Əminik ki, Sizin rəhbərliyiniz altında uğurlarımız daha çox olacaq.

Hörmətlə,

Qardaşov Tale Mirzağa oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Əhən kəndi

x x x

Hörmətli Ali Baş Komandan, Sizə müraciət edən üç uşaq anası, Vəkillər Kollegiyasının üzvüdür. Mən və ailəm Sizi cəbhədəki uğurlar münasibətilə təbrik edirik və bu uğurlara görə Sizə minnətdarlığımızı bildiririk. Mənim uşaqlarım vətənpərvərlik ruhunda böyüyürlər. Biz düşməni bir neçə günə tar-mar edəcək gücə və Sizin kimi sərkərdəyə sahib bir xalqıq. Doqquz yaşlı oğlum Beyrək cəbhədən gələn xəbərləri fasiləsiz izləyir. Cənab Ali Baş Komandan, bu gün bizim ailəmizin üzvləri torpaqlarımızın bütövlüyü uğrunda vuruşmağa hazır vəziyyətdədirlər. Əminik ki, torpaqlarımızın düşmən tapdağından tam azad olunacağı gün uzaqda deyil və dəftərlərin, gündəliklərin üzərindəki işğal tarixləri yaxın zamanlarda qələbə tarixi ilə əvəz olunacaq. Sizə təşəkkürümü bildirəm.

Hörmətlə,

Seyidli Səadət Mərhəmət qızı

Azərbaycan Respublikası, Gəncə şəhəri

x x x

Cənab Ali Baş Komandan İlham Əliyev.

İlk növbədə, Sizi Ordumuzun əzmkarlığı, qazandığı bu şərəfli qələbə münasibətilə təbrik edirəm. Sizin baş komandanlığınız əsasında biz 20 ildən artıq işğal altında olan torpaqlarımızın bir hissəsini olsa belə yenidən qaytara bildik. Təəssüflər olsun ki, atəşkəs elan olunduğunu eşitdik. Düşünürəm ki, artıq bıçaq sümüyə dirənib. Xahiş edirəm, döyüş əmrinizi bizə çox görməyin. Yetər ki, Siz əmr edin. Son damla qanımıza qədər vuruşmağa hazırıq.

Mən Azərbaycan Dillər Universitetinin tələbəsiyəm. Heç bir hərbi biliyim, praktik təcrübəm olmasa da, Milli Ordumuza əlimdən gələn hər bir köməyi etməyə hazıram. Biz Sizə, Sizin komandanlığınız altında olan Ordumuza güvənirik. Siz də bizə güvənin, cənab Prezident! Bu savaşı biz başlamamışıq, lakin izn verin biz sona çatdıraq.

Hörmətlə,

Nəbiyev Nəimi Ağazər oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.

x x x

Hörmətli cənab Prezident.

Milli Ordumuzun uğurlu əks-hücumlarla düşmən ordusu üzərində qələbə qazanması Sizin hərbi gücümüz haqqında dəfələrlə dediyiniz fikirləri tam sübuta yetirdi. Bu münasibətlə Sizi və ölkəmizə baş ucalığı gətirən Milli Ordumuzun şəxsi heyətini təbrik edirəm.

Hörmətlə,

Rzayev Nizami Yolçu oğlu.

Azərbaycan Respublikası, Qubadlı rayonu

x x x

Hörmətli cənab Prezident.

Mən Ordumuzun bu qələbəsinə görə Sizə təşəkkürümü bildirir, başda Siz olmaqla bütün əsgərlərimizə möhkəm cansağlığı arzulayır, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Ehtiyatda olan hərbiçi kimi hər an döyüşə getməyə hazıram və bunun üçün Sizin əmrinizi gözləyirəm.

Hörmətlə,

Kərimov Araz Polad oğlu.

Azərbaycan Respublikası, Göyçay rayonu

x x x

Cənab Ali Baş Komandan.

Bildirmək istəyirəm ki, Sizin apardığınız siyasəti bəyənir və dəstəkləyirəm. Ordumuzun bu uğurları münasibətilə bütün xalqımızı təbrik edirəm.

Cənab Ali Baş Komandan, mən də ordu sıralarına qatılmaq, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Bunun üçün Sizin səfərbərlik barədə əmrinizi gözləyirəm.

Hörmətlə,

Rüstəmov Cəmil Bəybala oğlu, tələbə.

Azərbaycan Respublikası, Lənkəran şəhəri

x x x

Hörmətli cənab Prezident.

Mən 1994-cü ildə 1998-ci ilədək baş çavuş kimi hərbi xidmət keçmişəm. Bununla belə, Vətən qarşısındakı borcumu tam ödəmədiyimi düşünürəm. Yenidən hərbiyə qayıdaraq ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram. Siz əmr edin, biz işğal altında olan torpaqlarımızı azad edək.

Sizinlə fəxr edirik, cənab Prezident!

Hörmətlə,

Hacıyev Eldəniz Şəmşir oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Mamusta kəndi

x x x

Hörmətli Ali Baş Komandan,

Sizi salamlayır və xalqımızla birlikdə qələbələrin davamını gözləyirik. Azərbaycan torpağı uğrunda şəhid olmuş hərbçilərə və dinc sakinlərə Allah rəhmət eləsin. Hər an Sizdən səfərbərlik əmrini gözləyirik. Biz Lənkəran sakinləri olaraq torpaqlarımızın azadlığı uğrunda canımızı və qanımızı verməyə hazırıq. Azərbaycan bayrağının düşmən tapdağı altında olan torpağımızın hər bir yerində dalğalanmasını səbirsizliklə gözləyirik. Bütün reportajları televiziya vasitəsilə qürurla izlədik və özümüzü cəbhədə hiss etdik. Var olsun Azərbaycan! Şəhidlər ölməz, Vətən bölünməz! Yaşasın Azərbaycan!

Dadaşov Şakir Əbdüləli oğlu

Azərbaycan Respublikası, Lənkəran rayonu

x x x

Hörmətli cənab Prezident.

Neçə gündür ki, sosial şəbəkələr vasitəsilə qələbələrimiz haqqında xəbərləri oxuduqca, videoları izlədikcə gözlərim dolur. Boğazımda düyünlənən vətənpərvərlik hissimi hayqırtıya çevirmək, səsimi dünyaya çatdırmaq istəyirəm. Bu, Sizin uğurunuzdur, bu, Azərbaycan xalqının uğurudur.

Hörmətli cənab Prezident, mən Vətənim üçün hər şey etməyə hazıram. Xalqımın günahsız qanı tökülən hər bir nümayəndəsi üçün on ermənini öldürməyə hazıram. Biz işğal altında olan bütün torpaqlarımızı geri alacağıq, biz qalib gələcəyik. Çünki bizim Sizin kimi Ali Baş Komandanımız var. Sizinlə qürur duyuram. Allah Sizləri və bütün qəhrəman oğullarımızı qorusun. Amin.

Hörmətlə,

Rəsulova Əsmər Şahin qızı.

Azərbaycan Respublikası, qax rayonu, Zərnə kəndi

x x x

Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşı kimi hər an Ordumuzun yanında olmaq və işğal altında olan torpaqlarımızın geri qaytarılması uğrunda döyüşlərdə iştirak etməyə hazıram. Təki Vətənimizin ərazi bütövlüyü təmin edilsin.

Hörmətlə,

Həsənov Elnur Mahal oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu

x x x

Cənab Ali Baş Komandan,

Sizin uğurlu siyasətiniz və son günlər cəbhə xəttində Silahlı Qüvvələrimizin qalibiyyəti hər kəsdə tezliklə doğma torpaqlarımıza qayıdacağımıza əminliyi daha da artırıb.

Möhtərəm Prezident, mən bu məktubu həyəcanla və gözü yaşlı yazıram. Mən ehtiyatda olan zabitəm. Türkiyədə 5 il ali hərbi təhsil almışam, xidmət dövrümün 4 ilini Füzuli istiqamətində ön cəbhədə keçmişəm. O əraziləri əlimin içi kimi tanıyıram. Sizdən çox xahiş edirəm, məni bu dövlət bu günlər üçün oxutdurub, peşəkar zabit kimi kənarda qalmaq məni öldürür. Cənab Prezident, mən Vətənim üçün könüllü döyüşmək, əsgərlərimizə hərbi qaydaları daha mükəmməl öyrətmək, düşməni torpaqlarımızdan qovub çıxarmaq arzusundayam. Xahiş edirəm, məni bu müqəddəs vəzifədən kənarda qoymayın. Peşəkar zabit olaraq bu, mənim namus və şərəf borcumdur. Əmr verin, cəbhəyə yollanım.

Allah Sizə uzun ömür, cansağlığı versin!

Hörmətlə,

Mehdiyev Ceyhun Həsrət oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri

x x x

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Biz Norveçdə yaşayan azərbaycanlılar ordumuzun qələbələrinə və torpaqlarımızın bir qisminin azad olunmasına sevinir, ordumuzla qürur duyuruq. Biz inanırıq və həmişə inanmışıq ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Dağlıq Qarabağ və digər torpaqlarımız Sizin rəhbərliyiniz, apardığınız daxili və xarici siyasət, ordumuzun gücü ilə yaxın gələcəkdə azad olunacaq. İnşallah Azərbaycan bayraği Xankəndi və Şuşa şəhərlərində dalğalanacaq.

Biz Azərbaycandan uzaqda yaşasaq da daim Vətənimizdə baş verən davamlı inkişafı izləyir və Sizi hər zaman dəstəkləyirik.

Hörmətlə,

Musəvi Mirsadiq

Norveç Krallığı, Stavanger şəhəri

x x x

Hörmətli Ali Baş Komandan,

Cəbhədə erməni təxribatına sarsıdıcı cavab verilməsi bir daha Azərbaycan Ordusunun gücünü göstərdi. Biz də döyüşə hər zaman hazırıq və Sizin əmrinizi gözləyirik. İstəyirik ki, düşmənə daha ağır zərbələr endirək və uzun illərdir həsrətində olduğumuz qələbəni qazanaq.

Allah Sizi qorusun!

Hörmətlə,

Məhərrəmov Elmir Atamoğlan oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri

x x x

Çox hörmətli Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev.

Öncəliklə Sizə bir Azərbaycan övladı olaraq fəxr hissi ilə təşəkkürümü bildirmək istəyirəm. Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə çox sevinc dolu hiss keçirdim. Ulu öndərimiz, ümummilli liderimiz, Azərbaycanın əbədiyaşar dühası Heydər Əliyevdən sonra ölkəmizə məhz onun siyasi kursunu keçmiş bir Ali Baş Komandan lazım idi və biz azərbaycanlılar da Sizi fəxr hissi ilə dəstəkləməyi qərara aldıq. Hər zaman Sizinlə fəxr edəcəyimizə əminik. Bu gün bütün Azərbaycan və eləcə də dünyada yaşayan azərbaycanlılar Sizin ətrafınızda sıx və dağılmaz ordu kimi birləşməyə hazırdır. Bu istəyi, bu sevgini, bu inamı məhz Siz özünüz qazandınız. Yürütdüyünüz cəsur siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya ölkələri sırasında öz sözünü deyə bilir. Siz və Azərbaycanın yenilməz, ucalardan uca, güclü ordusu bu günlərdə bizlərə qələbə sevinci yaşatdınız. Bu qələbələr Sizin qətiyyətli siyasətinizin bariz nümunəsidir.

Hörmətli cənab Prezident, bu gün Azərbaycan Ordusu Sizin sayənizdə çox güclüdür və bu günlərdə bunu bütün dünyaya sübut etdi. Mən bir Vətən övladı olaraq torpaqlarımız uğrunda daim mübarizə aparmağa hazıram. Bir Azərbaycan qadını kimi qəlbimdə Vətən sevgisi, gözümdə qorxmazlığımla hər zaman qeyrətli oğullarımızın yanında olmağa hazıram. Biz Sizinlə və azərbaycanlı olmağımızla fəxr edirik.

Hörmətlə,

Tarverdiyeva Lalə Hüseyn qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri

x x x

Möhtərəm Ali Baş Komandan,

Əziz Prezidentim,

Sizin ABŞ-da IV Nüvə Sammitində keçirdiyiniz uğurlu görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sahəsində yeni strateji mərhələdir. Bu görüşlərədək Siz G-20 Ankara Sammitində, Almaniyada Münhen Beynəlxalq Təhlükəsizlik Konfransında da ölkə maraqları baxımından ona yeni siyasi prioritetlər qazandırdınız.

Məkrli və mənfur qonşu yenə həsəd hissini boğa bilmədi, xaincəsinə atəşkəs rejimini pozub, hücuma keçdi. Bütün Xalq Sizə və sözünüzə təşnə idi, yolunuzu dualarla gözləyirdi. Gecə yarı Təhlükəsizlik Şurasının təcili iclasını keçirdiniz, xalqın öz liderinə olan inamı bir daha yüksəldi.

Reallıqdır ki, hər bir müharibənin sonu sülhlə bitir. Siz, Ali Baş Komandanımız, işğal altında olan torpaqlarımızın qaytarılmasının ilkin variantı kimi daim sülh çağırışları edirsiniz. Dünən də, bu gün də Azərbaycan vətəndaşları tam yekdilliklə Sizin sülh niyyətinizi alqışlayır. Siz torpağını sevən, ən böyük vətənpərvər, sülhsevər ulu öndər Heydər Əliyev məktəbinin layiqli yetirməsisiniz!

Bu gün məhz ulu öndər Heydər Əliyev siyasətinin ideologiyası olan azərbaycançılıq, dövlət-xalq, ordu-vətəndaş vəhdəti Azərbaycanda əsas istiqamətdir.

Addım-addım qələbəyə doğru gedirik. Bu yeni addımınız mübarək əziz Prezidentim! Sizin Təhlükəsizlik Şurasındakı qətiyyətli, cəsarətli çıxışınız bizi qürurlandırdı. "Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin" sözlərinizdə ürək ağrısı ilə yanaşı, qələbə təşnəsi də var idi. Var olun!

Arzu edərdim ki, torpaqlarımızın işğal günləri 2-5 aprel tarixi kimi qələbə günləri ilə əvəzlənsin!

Möhtərəm Ali Baş Komandan, düyünlənmiş qətiyyətli yumruğunuz, əzəmətli sərt bəyanatınızla xalqa cəsarət, qüvvət verdiniz, igidliyə, torpaqsevərliyə səslədiniz, 1990-cı illərdə olan təşvişi insanların düşüncəsindən sildiniz.

Addım-addım əldə olunan qələbəmiz bir daha mübarək, Şuşada Azərbaycan bayrağını öz əlinizlə yüksəldəsiniz!

Hörmətlə,

Rəna Mirzəzadə

AMEA, fəlsəfə elmləri doktoru

Azərbaycan Respublikası, Bakı şəhəri

x x x

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Biz, Füzuli rayonu Bala Bəhmənli kənd sakinləri Əsədov Qoşqar Fəxrəddin oğlu və atam Əsədov Fəxrəddin İbədulla oğlu ordumuzun cəbhədəki uğuruna görə qürur duyur və buna görə Sizə sonsuz dəstəyimizi bildiririk.

İşğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunmasına dair əmrinizi səbirsizliklə gözləyir və son nəfəsimizə qədər Vətənə və Ali Baş Komandana sadiq olacağımızı bəyan edirik.

İnşallah, Azərbaycan Sizin rəhbərliyinizlə bu haqlı davasından qalib çıxacaq.

Hörmətlə,

Əsədov Qoşqar Fəxrəddin oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu

x x x

Məqalədə:
Xəbər lenti

Xəbər lenti