Bakı. Samir Əli - Trend:
Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri bir daha sübut etdi ki, cənab Prezident kimliyindən asılı olmayaraq hər an hər bir Azərbaycan vətəndaşının yanındadır. Bunu Trend-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.
Millət vəkili deyib ki, bu addım Prezident İlham Əliyevin hər zaman vətəndaşlarla bərabər olduğunun nəticəsidir: "Dövlət başçısı xanımı, millət vəkili Mehriban Əliyeva ilə birlikdə cəbhə xəttində erməni vandalizmindən ziyan çəkən, evləri dağıdılan ailələrlə görüşdü, erməni təxribatları zamanı xəsarət alan mülki şəxslərə baş çəkdi. Dövlət başçısının cəbhə xəttində olması erməni ilə üz-üzə dayanan, erməni silahlı qüvvələrinə qarşı mərdliklə mübarizə aparan və onlara ciddi itkilər yaşadan Milli Ordumuzun əhval-ruhiyyəsinin artmasına, mənəvi üstünlüyümüzün daha da yüksəlməsinə zəmin yaratdı. Prezident İlham Əliyevin cəbhə xəttindəki kəndlərdə yaşayan sakinlərlə görüşməsi, onların problemləri, dəymiş ziyan haqqında vətəndaşlardan şəxsən məlumat alması, baş verənləri gözləri ilə görməsi əhali arasında nikbinlik, mərdlik və ölkə rəhbərliyinə inamın möhkəmlənməsində mühüm bir amildir".
F.Ağamalı qeyd edib ki, Prezident İlham Əliyev bu addımları ona görə etmir ki, əhali arasında reytinqi artsın: "Bu fəaliyyət ölkə Prezidentinin siyasətinin, idarəçiliyinin tərkib hissəsidir. Bu, Prezident İlham Əliyevin bir daha hər an əhali ilə bir olmasından xəbər verir".