...

Prezident İlham Əliyev: Ermənistan BMT TŞ-nin qətnamələrini yerinə yetirməli, ya da ona qarşı sanksiyalar tətbiq olunmalıdır (ƏLAVƏ OLUNUB-3)

Siyasət Materials 23 May 2016 13:58 (UTC +04:00)
Sammitin nəticələri bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək.
Prezident İlham Əliyev: Ermənistan BMT TŞ-nin qətnamələrini yerinə yetirməli, ya da ona qarşı sanksiyalar tətbiq olunmalıdır (ƏLAVƏ OLUNUB-3)

Bakı. Trend:

Sammitin nəticələri bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda I Dünya Humanitar Sammitində çıxışında deyib.
Prezident bildirib: "Biz Azərbaycanda qaçqın və ya məcburi köçkün olmağın nə olduğunu çox yaxşı bilirik".

Dövlət başçısı xatırladıb ki, bir milyondan çox azərbaycanlı 20 ildən artıq müddət ərzində Ermənistanın hərbi təcavüzündən və işğalından əziyyət çəkir.

İlham Əliyev qeyd edib: "Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olub".

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım törədib: "Ermənistanın 1992-ci ildə törətdiyi Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən tanınıb. Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs amansızcasına öldürülüb, onlar arasında 106 qadın, 63 uşaq, 70 nəfər yaşlı insan var. 1000-dən çox insan itkin düşüb".

Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı təcavüz siyasətini davam etdirir: "2016-cı ilin aprelində Ermənistan dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücuma başladı. Bu hücum nəticəsində əsgər və zabitlərimiz, eləcə də altı mülki vətəndaşımız öldürüldü. 30-dan artıq mülki şəxs yaralandı. Kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən çox evə zərər dəydi, 100-dən çox ev tamamilə dağıdıldı və yandırıldı".

Prezident həmçinin bildirib ki, Ermənistan ordusu Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silah növlərindən, xüsusilə də fosfor bombalarından istifadə edib: "Ermənistanın törətdiyi bütün hərbi cinayətlər sənədləşdirilib və beynəlxalq müşahidəçilərə təqdim olunub. Bizim mülki əhalini qorumaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücuma keçdi və yalnız bundan sonra təcavüzkar dayandı".

Dövlət başçısı xatırladıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymur: "Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonu işğal olunub. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində, hətta bir neçə saata yerinə yetirilir. Lakin bu məsələyə gəldikdə, həmin qətnamələr 20 ildən artıqdır kağız üzərində qalır. Bu, Azərbaycana qarşı ikili standartlar siyasətidir. Ermənistan bu qətnamələri yerinə yetirməlidir, ya da ona qarşı sanksiyalar tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Azərbaycan Prezidenti deyib ki, region üçün digər ciddi təhlükə köhnəlmiş "Metsamor" AES-dir: "Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumat var. Ermənistanın sabiq Baş naziri, parlament üzvləri və digər rəsmiləri bu ilin aprelində elan etdilər ki, Ermənistanın "çirkli bomba" adlı nüvə silahı var. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən diqqətlə öyrənilməlidir. Ermənistanın nüvə təhlükəsi və şantajı dayandırılmalıdır".

İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistanın təcavüzünün doğurduğu humanitar fəlakətin nəticələrini aradan qaldırmaq üçün mümkün olan hər şeyi edir: "Qaçqın və məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması üçün altı milyard dollardan çox vəsait xərclənib. Qaçqınlar və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizədək azalıb. Ümumiyyətlə, Azərbaycanda yoxsulluğun səviyyəsi son 12 ildə təqribən 50 faizidən 5 faizə qədər azalıb".

Dövlət başçısı bildirib ki, Azərbaycan bu cür problemlərdən əziyyət çəkən ölkələrə yardım göstərir və yardım göstərməkdə davam edəcək.

İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan BMT-nin "Ebola"ya reaksiya üzrə tədbirlərinin dəstəklənməsi üçün maliyyə yardımı təqdim edib.

Prezident bəyan edib ki, Azərbaycan əhalinin fəlakət riskləri barədə erkən xəbərdarlıq və məlumatlandırma sisteminə girişini təmin etmək üçün maraqlı tərəflər və müvafiq institutlar arasında əməkdaşlığın inkişafına sadiqdir.

Qeyd edək ki, mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti öz işinə başlayıb.

Türkiyənin və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti