...

Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 26 May 2016 21:27 (UTC +04:00)
Mərakeş Kralı VI Mohammed Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Mərakeş Kralı VI Mohammed Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri, əziz qardaşım. Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edir, Azərbaycan xalqına isə Sizin rəhbərliyiniz ilə tərəqqi və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, həmçinin ölkələrimizin sıx əməkdaşlığına yüksək dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.

Mən İslam ümmətinin, eləcə də xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi dərinləşdirmək, əlaqələrimizi daha da gücləndirmək istiqamətində birgə səylərimizin davam edəcəyinə əminəm".

X X X

Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən: "Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimi çatdırmaqdan şərəf və xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının bütün sahələrdə, xüsusən sosial və iqtisadi sferalarda qazandığı sanballı uğurları vurğulayaraq, bildirmək istəyirəm ki, bu nailiyyətlər dövlətinizin prioritet vəzifələri həyata keçirməyə istiqamətlənmiş məqsədyönlü siyasəti sayəsində mümkün olub.

Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dialoqun inkişafı, habelə mövcud qarşılıqlı hörmət gələcəkdə də ölkələrimizin və xalqlarımızın ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığının möhkəmlənməsi işinə əhəmiyyətli töhfələr verəcək.

Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

X X X

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi, qardaş Azərbaycan xalqını və Hökumətini Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Allah-Taaladan Sizə, ölkənizə və xalqınıza tərəqqi, xoşbəxtlik və rifah diləyirəm. Xalqlarımızı birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin inamımızı ifadə edir, bu əlaqələrin inkişafından, ölkələrimiz üçün faydalı olan və ortaq məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən sonsuz məmnunluq duyuram.

Zati-aliləri, müstəqil Fələstin Dövlətinin yaradılmasına qardaşlıq dəstəyinizi yüksək qiymətləndirir və təşəkkür edirik.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm ən səmimi təbriklərimi qəbul edəsiniz".

X X X

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifaidən: "Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ölkənizə və xalqınıza isə tərəqqi arzulayıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsən göstərdiyi dəstək dövlətinizin turizmə sosial və iqtisadi inkişafın bir istiqaməti kimi baxdığının və Azərbaycanın dünya turizm arenasında güclü brend kimi təşəkkül tapmasına önəm verdiyinin təzahürüdür.

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında yüksək münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizi bir daha təbrik edir və ən yüksək ehtiramımı çatdırıram".

X X X

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistödən: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırır, uğurlar, əmin-amanlıq və rifah arzu edirəm.

Cənab Prezident, xahiş edirəm, dərin ehtiramımı qəbul edin".

X X X

İordaniyanın Kralı II Abdullahdan: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından səmimi təbriklərimi çatdırmaqdan məmnunam.

Cənab Prezident, ölkənizə və xalqınıza davamlı inkişaf və tərəqqi arzularımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən: "Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə Azərbaycan xalqını Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq diləyir, ölkələrimiz arasındakı münasibətlərin qarşıdan gələn illərdə daha da inkişaf etməsini arzulayıram".

X X X

Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tanidən: "Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu etməkdən məmnunluq hissi duyuram".

X X X

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən: "Zati-aliləri. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə xoş arzularımla birgə ən səmimi salamlarımı və təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

Xəbər lenti

Xəbər lenti