...

Azərbaycanın Batumidəki baş konsulu Acarıstan hökumətinin yeni sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 9 Avqust 2016 19:51 (UTC +04:00)
Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş keçirilib.
Azərbaycanın Batumidəki baş konsulu Acarıstan hökumətinin yeni sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze arasında görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə baş Konsul Azərbaycanda aparılan daxili və xarici siyasət, dost və qonşu Gürcüstanla ikitərəfli münasibətlərin inkişafı və ölkəmiz üçün bu əlaqələrin vacib əhəmiyyət kəsb etməsindən danışıb. O, Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarix və ənənəyə malik olduğunu, yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib. Görüşdə həmçinin iki ölkə arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmi qeyd edilib.

Eyni zamanda, Azərbaycan və Gürcüstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb. Qeyd edilib ki, hazırda ticarət-iqtisadi, səhiyyə və təhsil sahəsində mövcud olan əlaqələr əməkdaşlığın böyük potensiala malik olduğunu göstərir. Xususilə hər iki ölkənin ali təhsil müəssisələri - Batumi Dövlət Universiteti və Memarlıq və İnşaat Universiteti, həmçinin Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələr təhsil sahəsində əməkdaşlıq üçün möhkəm bünövrə yaradıb. Görüşdə həmçinin vurğulanıb ki, səhiyyə sahəsində əlaqələr ilbəil inkişaf edir və bu sahədəki əlaqələr hər iki tərəfdən yetişməkdə olan nəslin sağlam böyüməsinə göstərilən qayğının ifadəsidir.

Z.Pataradze bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası və Acarıstan Muxtar Respublikası arasındakı əlaqələrin rolu da danılmaz faktdır. Bu mənada o, bir daha hər iki muxtar qurum arasında 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum”un vacibliyini vurğulayıb, Naxçivan-Batumi avtobus marşrutunun hər iki tərəf arasında turizm əlaqələrinin inkişafına təkan verəcəyini bildirib. Hökumət sədri strateji dostluq əlaqələrinin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğundan danışıb və bu əlaqələrin daha möhkəm və davamlı olmasına dair səylərini artıracağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti