...

Mehriban Əliyeva və Leyla Əliyeva “Əli və Nino” filminin premyerasında iştirak ediblər (FOTO)

Siyasət Materials 6 Oktyabr 2016 02:44 (UTC +04:00)
Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub
Mehriban Əliyeva və Leyla Əliyeva “Əli və Nino” filminin premyerasında iştirak ediblər (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub.

Trend-in məlumatına görə, filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ekran əsərinin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında 2015-ci ildə çəkilişləri aparılmış “Əli və Nino” filminin süjet xətti Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalı fonunda fəqrli dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində qurulub.

Filmə baxışdan sonra çıxış edən ekran əsərinin prodüseri Kris Tikyer birinci xanım Mehriban Əliyevanı və tamaşaçıları salamlayıb: “Hörmətli birinci xanım, bizə göstərdiyiniz dəstəyə, bu gün bu tədbirdə iştirak etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Bu mənim və həmkarlarım üçün bu axşamı təmtəraqlı etdi. Hər kəsə təşəkkür! Ümid edirəm ki, filmdən və bugünkü gecədən zövq aldınız!”

O qeyd edib ki, əslində bu, “Əli və Nino” filminin dünya premyerası idi: “Və biz bunu Bakıda birgə qeyd edirik. Şəxsən mən həyatımda ilk dəfə idi ki, Azərbaycan dilinə dublyaj olunmuş kinonu seyr etdim və hesab edirəm ki, bu, Azərbaycan dilinə dublyaj olunmuş dünya miqyaslı, ön cərgələrdə gedəcək bir kinofilmə çevriləcək. Bu mənim üçün çox gözəl təcrübə oldu və mən bu ölkəyə vuruldum”.

Sonra K.Tikyer filmin yaradıcı heyətini səhnəyə dəvət edib: “İlk növbədə, çəkiliş zamanı prodüser işi üzrə mənim tərəfdaşım, ümumiyyətlə, işə vurğunluğu ilə, mənə göstərdiyi köməyə, işə yaradıcı ideyalarla yanaşdığına, çox qiymətli, dəyərli dəstəyinə görə əziz dostum, hörmətli Leyla Əliyevaya dərin təşəkkürümü bildirirəm. Leyla Əliyevanı səhnəyə dəvət etməyə şadam”.

Prodüser bu təqdimatın keçirilməsinə və çəkiliş zamanı göstərilmiş yardıma görə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Heydər Əliyev Fondunun əməkdaşlarına minnətdarlığını bildirib.

O, həmçinin Azərbaycandakı distribüterin nümayəndələrinə, mədəniyyət və turizm nazirinə, digər rəsmi şəxslərə, eləcə də İçərişəhər sakinlərinə böyük köməyə və dəstəyə görə təşəkkür edib: “Ən əsası isə çəkiliş zamanı hamımızın duyduğu məhəbbətə, yardım və dəstəyə görə bütün aktyorlara, çəkiliş qrupuna, ümumiyyətlə, Bakı sakinlərinə, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Biz həm Bakıda, həm də ölkənin bir çox guşələrində olduq, onlar bizdən öz köməklərini əsirgəmədilər”.

Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

“Əli və Nino”nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim edilib.

Film Azərbaycanda oktyabrın 6-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

Qeyd edək ki, oktyabrın 24-də başlayacaq Asiya Dünya Film Festivalı “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran əsəri kimi seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti