Bakı. Trend:
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin yeni təyin olunmuş elm və texnologiyalar naziri cənab Getahun Mekuria ilə görüşüb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı səfir E.Abdullayev bu vəzifəyə təyin olunması münasibətilə nazir G.Mekurianı təbrik edərək, yeni fəaliyyətində ona uğurlar arzulayıb.
Səfir E.Abdullayev Azərbaycan haqqında ona geniş məlumat verərək, ölkəmizin əldə etdiyi uğurları və regionun əsas elm və texnologiya mərkəzinə çevrildiyini bildirib. Hələ SSRİ dövründə Azərbaycanın paytaxtı Bakının əsas akademik mərkəzlərdən biri olduğunu qeyd edən səfir E.Abdullayev minlərlə afrikalının ölkəmizdə müxtəlif ixtisaslar üzrə təhsil aldıqlarını vurğulayıb. Səfir bu gün Azərbaycanda dünya standartlarına cavab verən elm mərkəzlərində və təhsil ocaqlarında yüksək ixtisaslı mütəxəsislərin hazırlandığını efiopiyalı rəsminin diqqətinə çatdırıb.
Nazir G.Mekuria öz növbəsində səmimi təbrikə görə öz təşəkkürünü bildirərək, ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və əməkdaşlığın aparılması üçün böyük potensialın mövcudluğunu qeyd etdi. Efiopiyalı nazir münasibətlərimizin inkişafı üçün təcrübə mübadiləsinin həyata keçirilməsi və hüquq-müqavilə bazasının yaradılmasının vacibliyini vurğuladı.