Bakı. Trend:
Yanvarın 31-də ABŞ-ın Milli Müdafiə Universitetinin dəvəti ilə səfir Elin Süleymanovun Universitetin Cənub və Mərkəzi Asiya Proqramının (SCAP) müəllim və tələbə heyəti üçün Azərbaycanla bağlı təqdimatı keçirilib.
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
E.Süleymanov dinləyicilərə Azərbaycanın strateji coğrafi mövqeyini izah edib, müəyyən çağırış və çətinliklərlə yanaşı, onun Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşməsinin vəd etdiyi imkanları göstərib. Diplomat iştirakçılara Azərbaycanın tarixi barədə məlumat verib, 1918-ci ildə Azərbaycanda müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasının tarixi əhəmiyyəti barədə danışıb və Azərbaycanda hətta bir sıra qərb dövlətlərindən əvvəl qadınlara səsvermə hüququnu verdiyini vurğulayıb.
E.Süleymanov ötən əsrin sonunda dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəinki ölkəmizin, bütövlükdə regionun – qonşu Gürcüstan və qardaş Türkiyənin iqtisadiyyatına əsaslı töhfə verdiyini bildirib. Diplomat vurğulayıb ki, Avrasiya məkanında ən müstəqil siyasət yürüdən Azərbaycan bu nailiyyəti ilk növbədə Ümummilli lider Heydər Əliyevin strateji baxışı və xüsusi liderlik qabiliyyəti əsasında 90-cı illərdə qəbul etdiyi qərarlar, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu və ardıcıl siyasəti nəticəsində əldə edib.
Bundan əlavə, E.Süleymanov Azərbaycandakı tolerantlıq mühiti və ölkəmizin sivilizasiyalararası dialoqa töhfəsi barədə danışıb. Ölkəmizin bu sahədə xüsusi rolunun göstəricisi kimi səfir E.Süleymanov Azərbaycanın həm 2015-ci ildə birinci Avropa Oyunlarına, həm də bu il keçiriləcək İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsini, eləcə də İsrailin Baş naziri Benyamin Netanyahunun və Roma Papası Fransiskin ölkəmizə səfərlərini göstərib.
E.Süleymanov son illərdə müşahidə olunan, qərb dövlətlərinin müəyyən dərəcədə aydın olmayan siyasi yanaşmalarına işarə edərək, Azərbaycanın öz tərəfdaşlarının, o cümlədən rəsmi Vaşinqtonun praqmatik xarici siyasət yürütməsinə ümid etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan kimi qabaqcıl və mütərəqqi siyasət yürüdən və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan dövlətlərlə tərəfdaşlıq əlaqələrinin inkişafı ilk növbədə ABŞ-ın öz maraqlarına uyğundur və bu cür tərəfdaşlıq radikalizm və ekstremizmlə mübarizə səylərinə töhfə verəcək. Təəssüf ki, son illərdə bu məqama lazımi diqqət yetirilməyib, əksinə Azərbaycan əsassız və qərəzli təzyiqlərə məruz qalıb.
Daha sonra E.Süleymanov Azərbaycanın enerji siyasəti, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın enerji strategiyasının qurulması, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat vermiş və bu layihələrin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini izah edib. Həmçinin Azərbaycanın Çindən Avropaya doğru uzanan tarixi İpək yolunun bərpasına dəstəyinə və onun həyata keçirdiyi iri miqyaslı nəqliyyat infrastruktur layihələrinə toxunulub.
E.Süleymanov Azərbaycanın qlobal terrorçuluq əleyhinə səylərə verdiyi töhfələri və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, xüsusən də Əfqanıstanda təhlükəsizliyin bərqərar edilməsi üçün koalisiya qüvvələrinə tranzit imkanlarını təmin etməsi, eləcə də Əfqanıstana ölkəmizin ikitərəfli dəstəyi barədə də danışıb.
Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın yürütdüyü destruktiv siyasət və onun sülhün təşəkkül tapmasına mane olan fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat verilib. Səfir təəssüflə qeyd edib ki, faktiki olaraq öz müstəqilliyini itirmiş Ermənistan hazırda bütövlükdə region üçün təhdidə çevrilib. Ermənistanın ərazisində yeni müasir raket sistemlərinin yerləşməsi bunun göstəricisidir. Sonda səfir E.Süleymanov dinləyicilərin İpək yolunun bərpasına Azərbaycanın töhfələri, Cənubi Qafqazda və Yaxın Şərq regionunda təhlükəsizlik, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar kimi məsələlər barədə suallarını cavablandırıb.
Qeyd edək ki, Milli Müdafiə Universiteti müdafiə və təhlükəsizlik sahəsində strateji səviyyədə ABŞ-ın müvafiq strukturlarının əməkdaşları üçün ali təhsil və təlim xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.