...

Ərəstun Mehdiyev: Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib (YENİLƏNİB)

Siyasət Materials 10 Fevral 2017 11:33 (UTC +04:00)
“Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib. Bu yol Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha keşməkeşli bir səciyyə daşıyıb”.
Ərəstun Mehdiyev: Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycan azadlıq və müstəqillik uğrunda çox çətin yol keçib. Bu yol Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha keşməkeşli bir səciyyə daşıyıb”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Mehdiyev bildirib ki, bu işğalın ağır nəticələrinin aradan qaldırılması və Azərbaycanın haqq səsinin dünya ictimiayyətinin diqqətinə çatdırılması istiqamətində dövlətimizin səyləri bu gün də davam edir:

“Müharibənin gedişində Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri Xocalı soyqırımıdır. Biz öz səsimizi qaldırmağa və təcavüzün nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmışıq, bununla bağlı çoxsaylı tədbirlər görülüb. Bu sahədə Azərbaycanın haqq səsinin qaldırılması, beynəlxalq ictimaiyyətə çatdırılması məhz Heydər Əliyevin təşəbbüsü ilə aparılıb”.

PA rəsmisi qeyd edib ki, biz bu məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə çalışmalıyıq: "Məhz ona görə də bu qanun layihəsini çox faydalı hesab edirəm. Bu qanun Azərbaycanın mübarizəsində həm siyasi, həm hüquqi baxımdan mühüm töhfə verəcək. Gələcəkdə biz öz işimizi bu qanun çərçivəsində aparmalıyıq ki, soyqırımı törədənlərin cəzasına çatmasına nail olaq".

Ə.Mehdiyev deyib ki, Xocalı soyqırımını törədən vaxtilə Ermənistan rəhbvərliyində təmsil olunanlar - keçmiş prezident Robert Koçaryan, indiki rəhbər Serj Sarkisyan və digər şəxslərdir: "Onların çoxu çıxışlarında günahlarını gizlətməyə çalışmayıblar. Sarkisyan bu işdə yaxından iştirak etdiyini etiraf edərək əməllərinə bəraət qazandırmağa çalışıb. Bu gün qarşımızda duran məsələ siyasi informasiya mübarizəsi işini gücləndirmək və məsələyə beynəlxalq qiymətin verilməsinə nail olmaqdır. Bu gün aparılan işlərin nəticəsində Xocalı qətliamını rəsmi şəkildə tanıyan ölkələrin sayı artır. Bu siyasi, informasiya sahələində aparılan işlərin nəticəsidr. ABŞ-da da bu sahədə geniş fəaliyyət aparılır. Artıq ABŞ-ın 20-dən artıq ştatı Xocalı hadislərini qətliam kimi qəbul edib və bu fəaliyyət davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti