...

Meksika KİV-i: Qafqazda sülhün bərqərar olmasına yeganə maneə Azərbaycan torpaqlarının işğalıdır

Siyasət Materials 9 Mart 2017 08:12 (UTC +04:00)
Meksikanın Notimeks rəsmi Xəbərlər Agentliyi tərəfindən Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovla müsahibəyə istinad edilərək “Azərbaycan, onilliklər ərzində sülh axtaran xalq” adlı məqalə dərc edilib
Meksika KİV-i: Qafqazda sülhün bərqərar olmasına yeganə maneə Azərbaycan torpaqlarının işğalıdır

Bakı. Trend:

Meksikanın Notimeks rəsmi Xəbərlər Agentliyi tərəfindən Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovla müsahibəyə istinad edilərək “Azərbaycan, onilliklər ərzində sülh axtaran xalq” adlı məqalə dərc edilib (http://www.notimex.gob.mx/ntxnotaLibre/319561).

Trend Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinə istinadən xəbər verir ki, məqalədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın sayı on minlərlə ölçülən insan itkisi verdiyi və ölkəmizə milyardlarla ABŞ dolları həcmində zərər vurulduğu qeyd olunur.

Buna baxmayaraq multikultural cəmiyyətə malik olan Azərbaycanın sülhə nail olmaq istəyi vurğulanır.

Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər yeddi rayonun - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan - Ermənistan tərəfindən işğal edildiyi, burada yaşayan azərbaycanlıların öz doğma torpaqlarından qovulduğu oxucuların diqqətinə çatdırılır.

Bütün bu itkilər qarşısında Azərbaycan xalqı və ölkə rəhbərliyinin qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına imkan verəcək sülhə nail olmağa çalışdığı deyilir.

Azərbaycan diplomatına istinad edilərək işğal olunmuş ərazilərdə Ermənistan tərəfinin sülh prosesinə xələl yetirmək məqsədini daşıyan daha bir təxribatı olan qondarma “referendum” təşkil etdiyi bildirilərək həmin addımın rəsmi olaraq bir sıra ölkələr tərəfindən pisləndiyi deyilir. Vurğulanır ki, ATƏT Minsk Qrupu həmsədr ölkələri münaqişədəki hazırkı status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğu barədə bəyanatlar verib.

Həmin “referendum” zamanı “müşahidəçi” qismində iştirak etmək üçün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etmiş Avropa Parlamenti deputatlarına qarşı həbs qərarı verildiyi qeyd edilərək ölkəmizin qanunlarını eyni qaydada pozmuş Meksikalı professor Rodriqo Qomez Qarsianın da eyni qərarla üzləşə biləcəyi xəbərdar edilir.

“Azərbaycan xalqı sülhsevərdir, burada uzun illərdir ki, müxtəlif din və mədəniyyət təmsilçiləri sülh və əmin-amanlıq şəraitində yaşayır, sülhün regionda bərqərar olmasına yeganə maneə məhz Azərbaycan torpaqlarının işğal altında olması” barədə Azərbaycan diplomatının sözləri qeyd edilir.

Məqalədə həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mövcud olduğu bildirilir, həmçinin Azərbaycanın bu ərazilərində yaradılmış qondarma rejimin heç bir ölkə, o cümlədən Meksika tərəfindən tanınmadığı xatırladılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti