...

Bolqarıstan vitse-prezidenti: Ekstremizm din və sərhəd tanımır

Siyasət Materials 5 May 2017 14:22 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Ekstremizm din və sərhəd tanımır.

Trend-in məlumatına görə, bunu Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində panel müzakirələr zamanı Bolqarıstanın vitse-prezidenti İliana Yotova deyib.

O, bugünkü gündə terrorçuluğun mürəkkəb formaya çevrildiyini deyib: “Dini və ideoloji mübarizə bu gün təhlükəyə çevrilib. Biz buna son qoymalıyıq. Radikallıq indi xalqların mədəni irsinə də təhlükə törədir”.

Vitse-prezident qeyd edib ki, səbəblərini müəyyən etmədən ekstremizmlə effektiv mübarizə aparmaq mümkün deyil: “Bunun üçün biz real siyasi iradə nümayiş etdirməliyik”.

O əlavə edib ki, bu məsələdə əsas rolu gənclik oynayır: “Məni bizim gənclərimiz çox narahat edir. Biz təkcə onların müdafiəsi ilə məhdudlaşmamalıyıq, onlara qulaq asmaq, fikirlərini dinləmək lazımdır. Biz uşaqlarımıza təhsil verməliyik. Onları erkən yaşlardan maarifləndirməli, gənclərdə ailəyə, doğma ölkəyə məhəbbət, eləcə də başqalarına, başqa mədəniyyətlərə və ölkələrə hörmət aşılamaq lazımdır”.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti