...

Kiyevdə 28 May - Respublika Günü ilə bağlı təntənəli tədbir keçirilib (FOTO)

Siyasət Materials 25 May 2017 14:21 (UTC +04:00)
Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Kiyevdə 28 May - Respublika Günü ilə bağlı təntənəli tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə 28 May - Respublika Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Ukraynanın hökumət və dövlət rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, xarici diplomatik korpus rəhbərlərinin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatı, əməkdar jurnalist Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı geniş oxucu auditoriyasına təqdim olunub.

Hər iki ölkənin dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək 1918-ci ildə Şərqdə ilk dəfə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən söz açıb. Ötən əsrin sonlarında 2-ci dəfə dövlət müstəqilliyini əldə edən ölkəmizin Ulu Öndər Heydər Əliyevin iradəsi və müdrik uzaqgörənliyi ilə böyük inkişaf yolu keçdiyini vurğulayıb.

Millət vəkili E.Axundovanın qələmə aldığı “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabinin tarixi faktlarla zəngin olduğunu diqqətə çatdıran səfir əsərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və bölgədə həyata keçirilən qlobal sosial-iqtisadi islahatlardan, Azərbaycanın Qərblə Şərqin multikulturalizm və tolerantlıq mərkəzinə çevrilməsindən, əsasən də xalqla dövlət başçısı arasındakı qarşılıqlı etimad və hörmətin vəhdətindən bəhs olunduğunu bildirib.

Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan Ukrayna Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy, Ukrayna iqtisadi inkişaf və ticarət nazirinin müavini Mixaylo Titarçuk və digər şəxslər tarixin bütün dönəmlərində dövlətçilik ənənələrinə sadiq qalan Azərbaycan xalqına Respublika Günü münasibətilə xoş və səmimi arzularını çatdırıblar.

Bünövrəsi dahi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini vurğulayan natiqlər Prezident İlham Əliyevin xalqı və dövləti qarşısındakı xidmətlərini özündə əks etdirən kitabın Ukrayna dilinə tərcümə olunmasının tarixi əhəmiyyətindən danışıblar. Əsərin dövlət quruculuğu və siyasətlə məşğul olan hər bir kəs üçün dəyərli töhfə olduğunu bildiriblər.

Kitaba verdikləri yüksək dəyərə görə tədbirə qatılanlara minnətdarlığını bildirən Milli Məclisin üzvü E.Axundova qələmə aldığı əsərdə postsovet məkanında ən praqmatik siyasi xadimlərdən biri olan Prezident İlham Əliyev haqqında real faktlara söykənən təhlillərin verildiyini qeyd edib. Kitabın Ukrayna dilinə tərcümə olunmasına verdikləri dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə və kitabın tərcüməçisi Mehman Salmanova dərin təşəkkürünü bildirib.

Ukraynanın aparıcı televiziya və kütləvi informasiya vasitələrinin işıqlandırdığı bayram şənliyi geniş konsert proqramı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti