...

Azərbaycan Prezidenti: Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, kənd sakinləri qayıdandan sonra burada həyat daha da canlanacaq

Siyasət Materials 14 İyun 2017 18:49 (UTC +04:00)
Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, kənd sakinləri qayıdandan sonra burada həyat daha da canlanacaq.
Azərbaycan Prezidenti: Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, kənd sakinləri qayıdandan sonra burada həyat daha da canlanacaq

Bakı. Trend:

Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, kənd sakinləri qayıdandan sonra burada həyat daha da canlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı kənd sakini Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir: "Siz - bu kənddə yaşayan insanlar bu kəndin tarixini yaxşı bilirsiniz. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir. Bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır. Siz yaxşı bilirsiniz ki, Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında qaldı. Bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir".

Prezident xatırladıb ki, 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş uğurlu “Horadiz” hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən, Cocuq Mərcanlı kəndi, Horadiz qəsəbəsi – hansı ki, bu gün Horadiz şəhəridir – işğaldan azad olundu: "Ancaq burada yaşamaq riskli idi, təhlükəli idi. Buna baxmayaraq, Həziyevlər ailəsi burada yaşayıb. Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısı alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir".

İlham Əliyev vurğulayıb ki, Lələ Təpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsizlik şəraitində yaşamaq mümkün oldu:

"Mən keçən ilin sonlarında bu bölgədə olarkən, Lələ Təpədə, işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, bu gün Cocuq Mərcanlıda təhlükəsizlik şəraitində yaşamaq mümkündürmü, yoxsa yox? Mənə dedilər ki, mümkündür. Bu ilin yanvar ayında müvafiq sərəncam imzalandı, Prezidentin ehtiyat fondundan vəsait ayrıldı və mart ayının 20-dən tikinti işlərinə başlanıldı. Mart ayının 20-dən mayın 20-dək – cəmi iki ay. Yəni bütün bu tikinti işləri sizin gözünüzün qabağında oldu. Bu, doğrudan da tarixi hadisədir. Cəmi iki ay ərzində kəndin bir hissəsi bərpa edildi. Birinci mərhələdə 50 ev, məktəb, məscid tikildi. Buradakı məscid tarixi məsciddir, Şuşa məscidinin bənzəri olan məsciddir. Horadizdən Cocuq Mərcanlıya yol tikildi. Növbəti mərhələdə əlavə evlər tikiləcək – haradasa 100, bəlkə bundan da çox. Tibb məntəqəsi tikiləcək. Və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir. Doğrudan da şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olundu. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da tarixi hadisədir. Əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra burada həyat daha da canlanacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti