...

ABŞ-da aparıcı yəhudi jurnalı AMİ-nin buraxılışı Azərbaycana həsr olunub

Siyasət Materials 30 İyun 2017 10:09 (UTC +04:00)
ABŞ-dakı Hasid yəhudi icmasının həftəlik nəşr olunan aparıcı AMİ jurnalının 28 iyun 2017-ci il tarixli buraxılışının böyük bir hissəsi Azərbaycana həsr olunub.
ABŞ-da aparıcı yəhudi jurnalı AMİ-nin buraxılışı Azərbaycana həsr olunub

Bakı. Trend:

ABŞ-dakı Hasid yəhudi icmasının həftəlik nəşr olunan aparıcı AMİ jurnalının 28 iyun 2017-ci il tarixli buraxılışının böyük bir hissəsi Azərbaycana həsr olunub, jurnalın üz səhifəsi və internet saytında geniş şəkildə işıqlandırılıb.

Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Buraxılışda Sovet İttifaqının ən yüksək müsəlman rəsmisi kimi məhz və yalnız ümummilli lider Heydər Əliyevin fəal surətdə səy göstərərək Sovet İttifaqı üzrə yəhudilərin ibadəti və dini adət-ənənələrini qoruması üçün şərait yaratdığı, yəhudilərə hörmət və qayğı göstərdiyi, Sovet İttifaqı dağıldıqdan sonra Prezident seçildiyi zaman dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar və hökumət arasında möhkəm əlaqələr qurduğu vurğulanır. Bu gün də onun xatirəsinin Azərbaycanda böyük hörmət və ehtiramla anıldığı qeyd olunur.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla söhbət əsasında yazılan məqalədə jurnalın siyasi müxbiri Jake Turx səfirlə ilk dəfə Vaşinqtonda "Trump International Hotel"də səfirliyin yəhudilərin Hanuka bayramı münasibətilə təşkil etdiyi tədbir zamanı tanış olduğunu xatırladır, Ramazan bayramı ərəfəsində səfirliyə gəldiyini və Azərbaycanın qonaqpərvərliyini yüksək qiymətləndirdiyini qeyd edir. Çətin regionda yerləşən, əhalisinin əksəriyyətinin müsəlman olmasına rəğmən, Azərbaycanın dünyəviliyini ön plana çəkir və regionda dini tolerantlığın rəmzi kimi işıqlandırır.

Azərbaycanın 1918-ci ildə dünyada demokratik respublika quran ilk müsəlman ölkəsi olduğu, Rotşild, Rokfeller və Nobel ­ailələrinin zəngin neft ehtiyatlarına malik Azərbaycana gəldiyi, sərmayə qoyduğu və qazanc əldə etdiyi, “Nobel” mükafatının təsisçisi Alfred Nobelin öz uğurlu gələcəyini Azərbaycan nefti sayəsində qurduğundan bəhs edilir. Eyni zamanda, kommunizmin Azərbaycan mədəniyyətinə vurduğu zərbə, Sovet İttifaqının gətirdiyi mənfi nəticələrə diqqət yetirilir. Həmçinin Sovet İttifaqının Almaniya üzərində qələbəsinin məhz Bakının əsas neft istehsalçılarından biri olması sayəsində mümkün olduğu və xəbərlərin birində Adolf Hitlerin məhz Bakını tutmaq istədiyi qeyd olunur.

Məqalədə Azərbaycanın bugünkü uğurlarında ölkədə yaşayan hər bir icmanın nümayəndəsinə dost olan Prezident İlham Əliyevin xidmətlərinin böyük rol oynadığı vurğulanır.

Həmçinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın müstəqilliyi uğrunda vuruşan və şəhid olan yəhudi Albert Aqarunovun Azərbaycanın Milli qəhrəmanlarından biri olmasından, Şuşanın ermənilər tərəfindən işğalı zamanı onun göstərdiyi şücaətdən bəhs olunur, azərbaycanlılar və yəhudi icması arasındakı bağlılığa diqqət yönəldilir.

Məqalədə dünyada çətinliklərlə üzləşən yəhudilərə Azərbaycanın hər zaman müsbət münasibəti, ölkədə yaşayan yəhudi icmasına göstərilən hörmət, Avropada yəhudilərin məhvi prosesi zamanı Bakının minlərlə yəhudinin sığınacağı olması, daha sonra dünyanın müxtəlif yerlərindən yəhudilərin təhlükəsiz yaşayış üçün məhz Azərbaycana üz tutması geniş şəkildə işıqlandırılır.

Bundan əlavə, müsəlman dünyası ilə yaxşı əlaqələrə malik dünyəvi Azərbaycanın həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyi qeyd olunur və tədbirlərə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsinin böyük əks-səda doğurduğu və simvola çevrildiyi vurğulanır.

Məqalədə Azərbaycanı tərk etmiş yəhudilərin belə, Azərbaycana bağlılığı, Nyu Yorkda yaşayan yəhudilərin Azərbaycanla əlaqələrdə, eləcə də Azərbaycanda yaşayan yəhudi icmasının İsraillə əlaqələrdə bir körpü olduğu bildirilir.

Bütün dünya üzrə İsraildən kənar tam olaraq yəhudilərin məskunlaşdığı Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbədə 4000-ə yaxın sakinin yaşadığı qeyd olunur.

Yazıda Azərbaycanda yalnız məscidlərin deyil, eyni zamanda sinaqoq və kilsələrin tikildiyi, hökumətin yəhudilərin mədəniyyət və təhsilinin maliyyələşdirilməsində yardımçı olduğu, bütün dinlərə və təriqətlərə mənsub şəxslərə eyni münasibətin göstərildiyi öz əksini tapır.

Daha sonra müəllif Azərbaycan və İsrail arasındakı uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrini, Azərbaycanın İsrail və müsəlman ölkələri arasında əlaqələr üçün fəal surətdə platforma qurduğu, Azərbaycanın keçirdiyi Respublika Günü, Hanuka bayramı və s. tədbirlərə istinad edərək bunun Vaşinqtonda tolerantlıq və multikulturalizm nümunəsi yaratdığı, həmçinin bir sıra tədbirlərə ev sahibliyi etmək, habelə Azərbaycanın daha geniş formatlı bütün növ danışıqların aparılması üçün strateji bir məkana çevrilməsinin faydalı olacağını vurğulayır.

Yekunda isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu, həmin ərazidəki əhalinin məcburi köçkün düşdüyü təəssüflə qeyd olunur.

Ağ Evin siyasi müxbiri olan, əsasən, oradakı prosesləri işıqlandıran Jake Turxun Azərbaycanla bağlı 6 səhifəlik məqalə yazması, yazının jurnalın həm üz, həm də internet səhifəsində işıqlandırılması ABŞ-da yaşayan yəhudilərin Azərbaycana olan bağlılığının və sıx əlaqəsinin bir nümunəsi kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti