...

XİN: Həmsədrlər substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur

Siyasət Materials 10 İyul 2017 17:10 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur.
XİN: Həmsədrlər substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur

Bakı. Səba Ağayeva - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur. Trend-in sorğusuna cavab olaraq bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moldovada keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, münaqişənin substantiv danışıqlar yolu ilə həlli prosesindən və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasından boyun qaçıran tərəf məhz Ermənistandır. ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur. Ermənistan texniki-köməkçi vasitələrlə danışıqlar prosesinin mahiyyətindən, yəni işğala son qoymaq və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarının çıxarılmasından yayınmağa çalışır".

Mətbuat xidmətinin rəhbəri əlavə edib: "Ermənistan tərəfi qəsdən və məqsədyönlü şəkildə təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini hədəfə alır və bunun nəticəsində 4 iyul tarixində Alxanlı kəndində 2 yaşlı qızcığaz və onun nənəsi həlak olub, daha bir qadın isə yaralanıb. İndi Ermənistan xarici işlər naziri hər hansı mənəvi-etik çərçivələrdən kənar bir şəkildə insanlıq əleyhinə olan bu cinayətə, qəsdən azyaşlı uşağın öldürülməsinə bəraət qazandırır".

XİN rəsmisi bildirib ki, Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyi olaraq qalmaqda davam edir: "Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etməyin yeganə yolu ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair planının Ermənistan tərəfindən həyata keçirilməsidir".

Xəbər lenti

Xəbər lenti