...

Rusiya Ermənistanı cəzalandıracaqmı?

Siyasət Materials 23 Avqust 2017 11:49 (UTC +04:00)
Ermənistan dünyada Rusiyanın “ən yaxın müttəfiqi”, “forpostu” kimi tanınır. Sirr deyil ki, Cənubi Qafqazın bu kiçik ölkəsinə məhz Rusiya Federasiyası hamilik edir.
Rusiya Ermənistanı cəzalandıracaqmı?

Bəxtiyar Hacıyev - Trend:

Ermənistan dünyada Rusiyanın "ən yaxın müttəfiqi" kimi tanınsa da, Cənubi Qafqazın bu kiçik ölkəsinə məhz Rusiya Federasiyasının hamilik etdiyi sirr deyil. Lakin Rusiyadan davamlı yardımlar alan, ən böyük və güclü lobbisi də məhz bu ölkədə yerləşən Ermənistan son vaxtlar RF-yə "xəyanət" edərək Qərbə meyillənib.

Maraqlıdır ki, Rusiyanın Qafqazda əsas dayağı olan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, nümayişkaranə şəkildə NATO təlimlərində - həm Gürcüstanda (necə deyərlər, Rusiyanın düz qulağının dibində), həm də Rumıniyada keçirilən təlimlərdə iştirak etdi. Ermə­ni KİV-ləri bir qədər də irəli gedərək ölkənin NA­TO təlimlə­ri­ndə iştirakının Rusiyanın təsirindən çıxmaq üçün lazım olduğunu yazırlar.

Artıq Ermənistanın gələcəkdə NATO-ya üzv olması ilə bağlı müzakirələr də aparılır. Erməni tərəfinin Gürcüstandakı təlimlərə qatılmaqda əsas məqsədlərindən birinin Rusiya və İran əleyhinə kəskin bəyanatları ilə tanınan ABŞ vitse-prezidenti Mayk Penslə gizli görüşlərin keçirilməsi olduğu bildirilir. Gürcüstandakı təlimlərin keçirildiyi vaxt Rusiyanı NATO ölkələri üçün təhlükə adlandıran M.Pens RF təhlükəsinin qarşısını almaq üçün hər şeyi edəcəklərini, region ölkələri ilə birgə çalışacaqlarını demişdi.

Bu da maraqlıdır ki, təlimlərdən əvvəl NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturay İrəvanda olub, Ermənistan prezidenti Serj Sarkisyan və parlament spikeri Ara Babloyanla görüşlər keçirib. Bəzi rus saytları isə Sarkisyanın NATO-nun baş katibi Yens Stoltenberqi "gələcək addımları müəyyən etmək üçün" İrəvana dəvət etdiyini yazırlar.

Bundan başqa, Ermənistan rəsmiləri Avropa İttifaqı ilə assosiativ saziş imzalamağa hazır olduqlarını bəyan edirlər. Halbuki hələ 2013-cü ildə Ermənistan bu sazişlə bağlı Aİ ilə danışıqlar aparsa da, sonradan sazişə qol çəkməkdən imtina edərək Avrasiya İqtisadi İttifaqına üzvlüyə üstünlük vermişdi. Lakin 4 ildən sonra Ermənistan rəsmiləri indi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində saziş imzalamağın vacibliyini bildirirlər.

Deməli, Ermənistan artıq Rusiyanı öz siyasi və iqtisadi maraqlarının müdafiəçisi kimi görmür və özünə yeni himayədar axtarır. Təbii ki, Ermənistanın əsl siması elə budur: zaman-zaman öz mənafeyi naminə "dostlarını" dəyişir, ikili oyunlar oynayır, eləcə də Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün min bir təxribata əl atır, bölgədə vəziyyəti qəsdən gərginləşdirir və s. Lakin Sarkisyan rejimi unutmamalıdır ki, ölkə hələ də Rusiyadan yardımlar hesabına dolanır və Ermənistan bir dövlət kimi mövcud olduğuna görə məhz RF-yə borcludur. Rəsmi Yerevan onu da çox gözəl bilir ki, bu gün Azərbaycan Ordusu işğal olunmuş torpaqları tez bir zamanda azad etmək iqtidarındadır və hansı güclər bu prosesə mane olmağa çalışır.

Həmçinin qeyd etməliyik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan NATO ilə sözün əsl mənasında tərəfdaşlıq edən ölkədir, NATO üzvü olan ABŞ və Türkiyə ilə strateji əməkdaşlıq edir, NATO-nun Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarında iştirak edir, Əfqanıstana hərbi təyinatlı yüklərin daşımasında ən mühüm ölkədir. Buna baxmayaraq, Azərbaycan öz prinsiplərinə sadiq qalaraq NATO ilə əməkdaşlığı digər dövlətlərə qarşı təzyiq vasitəsinə çevirmir. Buna görə də Azərbaycan iyu­lun 30-dan av­qus­tun 12-dək Gür­cüs­tan­da NATO çər­çi­və­sin­də ke­çi­ri­lən "La­yiq­li tə­rəf­daş 2017" tə­lim­lə­rinə qatılmadı.

Ümumiyyətlə, hadisələrin belə gedişinə Rusiyanın necə reaksiya verəcəyi, Ermənistanı necə cəzalandıracağı maraq doğurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti