...

İlham Əliyev: Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaq

Siyasət Materials 15 Sentyabr 2017 15:28 (UTC +04:00)
Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaq.
İlham Əliyev: Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaq

Bakı. Trend:

Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaq.

Trend-in məlumatına görə, bunu Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşündə deyib.

Azərbaycan Prezidenti vurğulayıb ki, hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə, onların uğurlarına baxmaq kifayətdir ki, biz bunu deyə bilək. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünya miqyasında da aparıcı mövqelərə malikdir".

Dövlət başçısı bildirib ki, gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək: "Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur. Beləliklə, əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaqdır. Bu, həm inkişaf üçün, həm bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər də özünü büruzə verir. Biz ölkəmizin təhlükəsizliyini qoruyuruq - həm sərhədlərimizi, təhlükəsizliyimizi qoruyuruq, eyni zamanda, özümüzü yad təsirdən də qorumalıyıq. Çünki bu gün dünyada ideoloji sahədə mübarizə gedir, müharibə gedir. Bu, sonrakı qanlı müharibələrin elə bil ki, əsasını təşkil edir. İnsanların beyinləri, xüsusilə gənc nəslin beyinləri zəhərlənir. Onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur, sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkədə özünü göstərsin. Ona görə, biz özümüzü, o cümlədən, bu mənfi və təhlükəli təsirdən də qorumalıyıq. Necə qorumalıyıq? Bax bunu siz etməlisiniz - müəllimlər, təhsil işçiləri ki, uşaqlar bilikli, savadlı olsunlar. Belə olan halda heç bir kənar mənfi niyyət, ya təsir bizim uşaqlarımızın şüuruna təsir edə bilməz".

İlham Əliyev əlavə edib ki, eyni zamanda, bununla bərabər olaraq, həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar: "Çünki əgər milli dəyərlərimizdə hər hansı bir sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin əsaslarını, sütunlarını sarsıdar. Ona görə, mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti