Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də Türkiyəyə səfərə yola düşür.
QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, A.Paşazadə QMİ, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyə “Marmara” Universiteti ilə birlikdə sentyabrın 25-də İstanbulda keçirəcəyi "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfransda iştirak edəcək.
Azərbaycanda elan edilən İslam Həmrəyliyi ili çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərin ardınca İstanbulda baş tutacaq "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusundakı beynəlxalq konfransda Azərbaycan Milli Məclisinin üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.
A.Paşazadənin Türkiyəyə səfəri çərçivəsində eyni zamanda, Türkiyə Diyanət İşləri Başqanı vəzifəsinə yeni seçilmiş d-r Əli Erbaş və digər nüfuzlu şəxslərlə görüşləri nəzərdə tutulub.