...

Bakıda Azərbaycan və Pakistanın XİN rəhbərləri görüşüb (YENİLƏNİB)

Siyasət Materials 30 Noyabr 2017 11:02 (UTC +04:00)
Bakıda Azərbaycan və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Havaca Məhəmməd Asif arasında təkbətək görüş olub.
Bakıda Azərbaycan və Pakistanın XİN rəhbərləri görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Bakıda Azərbaycan və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Havaca Məhəmməd Asif arasında təkbətək görüş olub.

Bu barədə Trend Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Tvitter" səhifəsinə istinadən məlumat verir.

Azərbaycan XİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə 2017-ci ilin Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu vurğulanaraq, ölkələr arasında təşəkkül tapmış ənənəvi mehriban dostluq münasibətlərinin və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İkitərəfli əlaqələrin dərinləşdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son statusu barəsində qonağı məlumatlandıran E.Məmmədyarov 30 aprel 1993-cü ildəBMT Təhlükəsizlik Şurasında Pakistanın sədrliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 saylı Qətnamə qəbul edildiyini xatırladaraq, Pakistan Hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu ədalətli mövqeyə və münaqişənin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini beynəlxalq təşkilatlarda birmənalı şəkildə dəstəklədiyinə görə təşəkkür edib.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu nəzərə alaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və investisiyaların təşviqinə yönəlmiş birgə səylərin artırılmasının zəruriliyi qeyd edilib. İkitərəfli iqtisadi əlaqələrin daha da irəlilədilməsində Azərbaycan-Pakistan Birgə Komissiyası və Azərbaycan və Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilib.

Həmçinin, Şimal-Cənub Nəqliyyat Dəhlizinin maraqlı və yeni imkanlar vəd etdiyi bildirilib və bu xüsusda iki ölkənin nəqliyyat sahəsi üzrə mütəxəssislərinin görüşünün mümkünlüyü müzakirə edilib. Tərəflər Azərbaycan və Pakistan arasında hava uçuşlarının bərpası məsələsinin vacibliyinə toxunublar.
E.Məmmədyarov Azərbaycanın EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyini irəli sürdüyü barədə həmkarına məlumat verib.
Həmçinin, Nazirlər ilk iclası keçirilən Azərbaycan-Pakistan-Türkiyə Üçtərəfli Görüşünün ümumi maraq doğuran məsələlərin müzakirəsi və qarşılıqlı faydalı layihələrin işlənib-hazırlanması baxımından əhəmiyyətli platforma olacağına ümidvar olduqlarını bildiriblər. İkitərəfli formatda dövlətlər arasında parlamentlər səviyyəsində mövcud pozitiv əməkdaşlıq ruhunun üçtərəfli səviyyədə də davam etdiriləcəyini və bunun dostluq əlalərinin daha da dərinləşməsinə xidmət edəcəyini bildiriblər.

Sonda Asiyanın Qəlbi-İstanbul Prosesinin və Proses çərçivəsində VII Nazirlər Konfransının əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin ilk üçtərəfli görüşü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti