Bakı. Trend:
“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Qazaxıstanda keçirilməsi nəzərdə tutulan genişmiqyaslı tədbirlər silsiləsindən birincisi reallaşdırılıb.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsert proqramı təşkil edilib.
Paytaxt Astananın ən böyük ticarət və əyləncə mərkəzlərindən mərkəzlərindən biri, dünyanın nadir arxitektura nümunələrindən hesab olunan və gündəlik 40 minədək insanın ziyarət etdiyi “Xan Şatır”ın açıq səhnəsində baş tutan mərasimdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, o dövrün mürəkkəb beynəlxalq hərbi-siyasi vəziyyətinə, böyük çətinliklərə baxmayaraq öz canları və qanları hesabına azadlıq mübarizəsi aparan qəhrəmanlarımız şərəflə, ləyaqətlə yürütdükləri bu mücadilə ilə bugünkü müstəqilliyimizin toxumlarını səpiblər. Ona görə də, bu tarix təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli hadisədir. Bunu nəzərə alaraq, 2018-ci ildə Cümhuriyyətin yubiley tədbirləri Azərbaycanda olduğu kimi, qardaş Qazaxıstanda da geniş miqyasda qeyd olunacaq. Səfir vurğulayıb ki, Astanada keçirilən konsert bu sırada ilk tədbirdir.
Eyni zamanda, diplomat bu il Astananın paytaxt elan olunmasının 20 illiyinin qeyd edildiyini, tamaşaçıları təbrik edərək, konsertin qardaş qazax xalqına həm də bayram hədiyyəsi sayıla biləcəyini deyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva müsəlman şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində həm Azərbaycan xalqının, həm də digər türk etnoslarının suverenlik və müstəqillik ideyalarının möhkəmlənməsində möhkəm iz buraxdığını qeyd edib. O bildirib ki, cümhuriyyət, onun qəbul etdiyi qəraralar, onun simvolları bizim azadlıq istəyimizi düşüncələrimizdə, qəlbimizdə yaşadıb və uzun illərdən sonra yenidən milli istiqlalımıza qovuşmağımızda misilsiz bir rol oynayıb.
G.Əfəndiyevanın sözlərinə görə, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ölkəmizin dövlətçilik tariximizə yüksək diqqəti və hörmətinin göstəricisidir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzvlərindən biri kimi Qazaxıstanda bu tədbirin təşkil olunması isə qardaş ölkənin bizim ortaq dəyərlərimizə, dövlətçilik ənənələrimizə ehtiramını ifadə edir. O, belə vacib tədbirə ev sahibliyi etdiyi üçün Qazaxıstan tərəfinə təşəkkürlərini çatdırıb.
Fond rəhbəri, rəhbərlik etdiyi təşkilatın türk dünyasında inteqrasiyanın dərinləşməsi və möhkəmləndirilməsi naminə əməkdaşlıq üçün hər kəsə açıq olduğunu, türk irs və mədəniyyətinin dünya arenasında tanıdılmasında fəaliyyətini genişləndirməkdə olduğunu vurğulayıb.
Sonra çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali böyük Məmməd Əmin Rəsulzadənin – “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikrini xatırladaraq, o zamanın ən ağır şərtlərində azadlıq mücadiləsi vermiş böyük dövlət xadimlərimizin misilsiz tarixi missiyanın öhdəsindən ləyaqətlə gəldiklərini qeyd edib. İnanılmaz məşəqqətlərə sinə gərən bu liderlərin böyük əksəriyyəti sonra mühacirətdə, sürgündə belə öz yollarından dönməyib, son nəfəslərinə dövlətçiliyimizin, bizim və uşaqlarımızın gələcəyi üçün çarpışıblar.
Akademiya rəhbəri bildirib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikasının 1918-ci ildə qurulan Cümhuriyyətin varisi olması, ötən ilin sonunda Azərbaycan prezidenti İlham Əliyevin, 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etməsi azərbaycanlıların öz dövlətçilik tarixinə verdiyi böyük dəyərin göstəricisidir.
Çıxışlardan sonra iştirakçılara Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun pianoda mükəmməl ifaları təqdim olunub.
Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə genişmiqyaslı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.