...

Azərbaycan və Moldova: əməkdaşlıq üçün yeni imkanlar (MÜSAHİBƏ)

Siyasət Materials 27 Mart 2018 08:02 (UTC +04:00)
Son dövrlərdə Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlər əməkdaşlığın bütün istiqamətlərində dinamik inkişaf edir.
Azərbaycan və Moldova: əməkdaşlıq üçün yeni imkanlar (MÜSAHİBƏ)

Bakı. Gülqız Muradova, Ənvər Məmmədov - Trend:

Son dövrlərdə Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlər əməkdaşlığın bütün istiqamətlərində dinamik inkişaf edir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Tudor Ulyanovski deyib.

Nazirin sözlərinə görə, son iki il ərzində iqtisadi əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsi və kommersiya əməkdaşlığı sahələrində müsbət tendensiyalar qeydə alınıb:

“2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 39 faiz, 2017-ci ildə isə 2016-cı illə müqayisədə 41 faiz artıb. Buna baxmayaraq biz hesab edirik ki, mövcud iqtisadi və ticarət potensialı ölkələr arasındakı münasibətlərin yüksək səviyyəsinə uyğun deyil və tərəflər arasında bir sıra prioritet sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar var”.

O bildirib ki, Moldova Azərbaycanla iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı dəstəkləyir:

“Biz əminik ki, yaxın zamanlarda Bakıda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası və biznes-forum kənd təsərrüfatı, energetika, sənaye, nəqliyyat, turizm və ölkələrimiz üçün digər prioritet sahələrdə mövcud əməkdaşlıq potensialını daha da artırmağa imkan verəcək”.

Birgə investisiyaların artırılması üçün böyük potensial

XİN rəhbəri bildirib ki, Moldova şirkətləri Azərbaycan iqtisadiyyatına investisiyalarda maraqlıdır.

Onun sözlərinə görə, hazırda Moldova investisiyaları üçün Azərbaycanda əlverişli və həvəsləndirici şərtlər mövcuddur:

“İnvestisiyalar hazırda mövcud olan, eləcə də yeni birgə müəssisələr vasitəsilə və kənd təsərrüfatı, o cümlədən üzümçülük və şərab istehsalı, qida və kənd təsərrüfatı texnikasının istehsalı, eləcə də ağac emalı və mebel istehsalı kimi iqtisadi sahələrin inkişafında iştirak yolu ilə reallaşdırıla bilər”.

T.Ulyanovski onu da qeyd edib ki, Moldovada və Azərbaycanda iki milyon dollara yaxın kapitalla iki ölkənin yüzdən çox birgə müəssisəsi mövcuddur:

“Moldova, həmçinin Azərbaycan investisiyalarının bir çox sənaye sahələrinə cəlb olunmasında maraqlıdır”.

Moldova Azərbaycan məhsullarının Avropa İttifaqına ixracına kömək edə bilər

Nazir bildirib ki, Moldova iqtisadiyyatına yeni investisiya imkanları bu ölkə ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış sazişlərlə də təklif olunur.

O ümidvar olduğunu bildirib ki, iki ölkə arasında iqtisadi münasibətlərin gələcək inkişafı hökumətlərarası komissiyanın iclası ilə stimullaşdırılacaq:

“Biz hesab edirik ki, Moldova ilə Avropa İttifaqı arasında azad ticarət rejimi Azərbaycan şirkətlərinin investisiyalarının cəlb olunması və Azərbaycan məhsullarının Aİ bazarlarına ixracı üçün zəruri şərtləri təmin edəcək”.

Turizm sahəsində əməkdaşlıq yeni səviyyəyə çıxmalıdır

T.Ulyanovski deyib ki, zərurət olarsa, Azərbaycan və Moldova turizm sahəsində iki ölkə arasında mövcud sazişi təkrar nəzərdən keçirə bilər.

Onun sözlərinə görə, turizm həm Azərbaycan, həm də Moldova üçün vacib sektor olaraq qalır:

“Biz son illər Azərbaycan tərəfindən gözəl infrastruktur yaradılması, çoxlu sayda iri beynəlxalq tədbirlər, forumlar və idman tədbirləri keçirilməsi hesabına turizmin inkişafı sahəsində əldə olunan nailiyyətləri məmnuniyyətlə izləyirik. Moldova da öz növbəsində, turizmin inkişafı və ölkənin xarici turistlər üçün cəlbediciliyinin artırılması üçün vacib addımlar atıb. Biz Azərbaycanla təcrübə mübadiləsinə hazırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti