Bakı. Trend:
Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Çindəki səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.
Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılan səsvermə 70 faiz seçici fəallığı ilə başa çatıb.
Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların ümumxalq səsverməsində iştirakının və seçki hüququnun təmin olunması üçün xaricdə 41 seçki məntəqəsi yaradılıb. Azərbaycanın Pekindəki səfirliyində 17 saylı Yasamal üçüncü seçki dairəsinin 37 saylı məntəqəsi üzrə Çin Xalq Respublikasında müvəqqəti və daimi yaşayan vətəndaşlarımız, səfirliyin əməkdaşları və onların səsvermə hüququ olan ailə üzvləri, habelə qonşu Koreya Respublikası, Yaponiya və Vyetnamdan gələn seçicilər, səsvermə günü müxtəlif səbəblərə görə qısamüddətli səfər zamanı Pekində olan vətəndaşlarımız səs veriblər.
Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib.