Bakı. Trend:
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilməyinizdən məmnun oldum. Bu uğur son illərdəki liderliyinizin Azərbaycan Respublikasının xalqı tərəfindən yüksək qiymətləndirilməsi və Sizin rəhbərliyinizlə ölkənin böyük gələcəyi ilə bağlı xalqda olan gözləntilərin gözəl nümayişidir. Bu xoş anda mənim səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
“BAKUTEL 2016” və “BAKUTEL 2017” sərgilərində Sizinlə görüşməkdən böyük şərəf duydum. Ölkənizdə və dünyada sosial-iqtisadi inkişafın təmin edilməsində informasiya və kommunikasiya texnologiyalarının yaratdığı imkanlar barədə Sizdə olan dərin biliklər və ümumiyyətlə bu sahəyə, kiçik və orta müəssisələrə, xüsusən də Beynəlxalq Telekommunikasiya İttifaqına göstərdiyiniz güclü dəstəyiniz mənə çox müsbət təəssürat bağışladı. Azərbaycan Respublikası Asiya-Avropa yol xəttinə qoşulmaqla mühüm bir mərkəzə çevrildi. Sizi əmin etmək istərdim ki, ölkəniz və regionunuz üçün ümumi maraq doğuran bütün işlərdə Azərbaycan Respublikası ilə əməkdaşlıq etməyə sadiq olaraq qalırıq.
Gələcək işlərinizdə Sizə böyük uğurlar diləyirəm.
Hörmətli cənab Prezident, mənim ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
XXX
Dağıstan Təhsil və Mədəniyyət Akademiyasının rektoru, professor, Dərbənd Şəhər Deputatlar Məclisinin deputatı Həsən Mirzəyevdən:
"Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin inamlı qələbəniz apardığınız siyasət sayəsində həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda şəxsi nüfuzunuzun daha da güclənməsinin sübutudur. Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu daha da artıb, ölkə iqtisadiyyat, idman, mədəniyyət və digər sahələrdə daha inamlı qələbələr qazanmaqdadır.
Prezident seçkilərində qazandığınız qələbə biz – qədim Dərbənd əhalisi üçün xüsusən önəmlidir, çünki dövlətlərimiz arasında mehriban qonşuluq əlaqələri hər zaman yüksək dəyərləndirilir. Bu əlaqələr yeni prezidentliyiniz dövründə daha da möhkəmlənəcək, xüsusən iqtisadi və mədəni sahələrdə inkişaf edəcəkdir.
Dost Azərbaycanın tərəqqisi və firavanlığı yolunda fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram".
XXX
İsveç Krallığının Stokholm şəhərində fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyətin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Nadir Hollenbranddan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İsveç Krallığında fəaliyyət göstərən “Azərbaycan Naminə” Cəmiyyəti adından ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.
Sizin xalqımızın yüksək etimadını qazanmağınız İsveçdə yaşayan azərbaycanlıların böyük sevincinə səbəb olmuşdur. Aprelin 11-də keçirilən prezident seçkilərindəki qələbəniz Sizin ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizin bariz nümunəsidir.
Fəxrlə qeyd etmək istərdik ki, Sizin rəhbərliyinizlə doğma Vətənimiz inkişaf edərək dünyanın aparıcı ölkələri arasında layiqli yerini tutub. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı bu gün inkişaf və intibah tarixini yaşayan dövlətimizlə fəxr edir, bu yolda Sizin yürütdüyünüz uğurlu siyasəti ürəkdən dəstəkləyir.
Bu xoş fürsətdən istifadə edərək, çox şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni nailiyyətlər diləyir, Zati-alinizə və doğmalarınıza möhkəm cansağlığı və səadət arzulayırıq".
XXX
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:
"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Xorvatiya Respublikası ölkələrimiz arasında xalqlarımızın getdikcə daha çox müxtəlif sahələrdəki ortaq maraqlarına xidmət edən tərəfdaşlığı və dost münasibətlərini yüksək qiymətləndirir. İnanıram ki, prezidentliyinizin yeni dönəmində də ölkələrimiz üçün xüsusilə böyük əməkdaşlıq potensialına malik olan və hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi və enerji sahələrində sıx münasibətlərimiz davam edəcək. Əminəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə sərmayə qoyuluşuna maraq oyatmaq xüsusilə çox əhəmiyyətlidir.
Xorvatiya Respublikasına planlaşdırdığınız səfəriniz zamanı Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm və inanıram ki, bu görüşümüz həm ölkələrimiz, həm də vətəndaşlarımız arasında mövcud olan dostluq və konstruktiv əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinə təkan verəcək.
Cənab Prezident, Sizə ən səmimi salamlarımı və ən yüksək ehramımı çatdırıram".
XXX
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən:
"Zati-aliləri. Prezident seçkilərində qələbəniz və dövlət başçısı səlahiyyətlərini yenidən icra etməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyur, dost xalqınızın ümid və istəklərini yerinə yetirmək istiqamətində şərəfli yolunuzun davamında uğurlar arzulayıram.
Sözsüz ki, seçkilərdə yüksək səs çoxluğu ilə qələbəniz xalqınızın Sizin müdrik rəhbərliyinizlə əldə etdiyi uğurları davam etdirmək əzminin əyani sübutudur.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız üçün firavanlıq və rifaha yeni üfüqlər açan bütün sahələrdə qarşılıqlı əməkdaşlıq yollarının inkişafının əhəmiyyətini vurğulamaq istərdim.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
XXX
Vyetnam Sosialist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronqdan:
"Hörmətli cənab Prezident İlham Əliyev. Vyetnam Sosialist Partiyasının Mərkəzi Komitəsi adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və Yeni Azərbaycan Partiyasına təbriklərimi qəbul edin. Ürəkdən inanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da firavanlaşacaq, regional və qlobal sülhə, təhlükəsizliyə və inkişafa töhfə verəcək. Vyetnam Sosialist Partiyası və hökuməti Azərbaycan Respublikası ilə ənənəvi dostluq münasibətlərini və müxtəlif sahələrdə əlaqələri genişləndirərək Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri kimi Sizinlə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".
XXX
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Prezidentliyinizin yeni dönəmində Sizə səmimi qəlbdən ali dövləti vəzifənizin icrasında böyük qüvvət, uğurlar və müvəffəqiyyətlər arzu edirəm.
Almaniya gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaqdır. Biz birlikdə ikitərəfli münasibətlərimizi genişləndirmək istəyirik. Azərbaycan gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulan islahatlar prosesində daim Almaniyanın dəstəyinə güvənə bilər.
Biz Sizin ölkənizlə əməkdaşlığımızı ATƏT və Avropa Şurası kimi qurumların tərkibində davam etdirməyə ümid edirik və məmnuniyyətlə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da güclənməsinə səy göstərməyə hazırıq".
XXX
Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməddən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:
"Hörmətli Prezident, Əziz Qardaşım. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqının maraqları naminə və ölkənizi bundan sonra da tərəqqiyə doğru aparmaq fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayıram.
Azərbaycan xalqı Sizə yenidən etimad göstərərək Zati-alinizin müdrik dövlət xadimi kimi keyfiyyətlərini, eləcə də Azərbaycanın hərtərəfli və davamlı inkişafı istiqamətində apardığınız əzmkar və yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirdiyini nümayiş etdirdi.
Ölkələrimiz arasında səmərəli və dinamik inkişaf edən əməkdaşlıq münasibətlərinin indiki səviyyəsindən məmnunluq duyuram.
Zati-aliləri, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək istiqamətində Sizinlə işləməyə davam etmək istərdim. Bu isə xalqlarımızın maraqlarına xidmət etməyin və onların arasındakı qardaşlıq əlaqələrinin təcəssümüdür".
XXX
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerdən:
"Cənab Prezident. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.
Ümidvaram ki, yeni mandatınız Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsi, xüsusən də fundamental dəyərlərə və prinsiplərə, o cümlədən siyasi və iqtisadi maraqlarımıza söykənən daha əhatəli yeni ikitərəfli saziş üzrə aparılan danışıqların yekunlaşdırılması üçün zəmin yaradacaq. Bizim vacib hesab etdiyimiz məsələlərin mərkəzində fundamental hüquqlara və demokratik prinsiplərə hörmət hissi dayanır və mən Sizin həmin mühüm dəyərlər istiqamətində qətiyyətli fəaliyyət göstərəcəyinizə əminəm.
Cənab Prezident, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
XXX
Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan:
"Hörmətli cənab Prezident. İcazə verin, Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyəti adından Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edim.
Biz, Latviyada yaşayan azərbaycanlılar qürur hissi duyuruq ki, Sizin rəhbərliyiniz ilə tarixi Vətənimiz həm sosial-iqtisadi baxımdan, həm də dövlətçiliyin möhkəmləndirilməsi sahəsində gündən-günə tərəqqi edir".
XXX
Rusiya Federasiyasının Primorye diyarındakı Azərbaycan icmasının sədri Mərdan Novruzovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Zati-aliləri cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Primorye azərbaycanlıları adından səmimi qəlbdən təbrik edirik. Sizin seçkilərdəki inamlı qələbəniz barədə xəbər Primorye diyarında yaşayan azərbaycanlıların qəlbində xoş duyğular oyatdı. Xalqımızın 11 aprel seçkilərində nümayiş etdirdiyi yekdillik bir daha sübut etdi ki, azərbaycanlılar Vətənimizin rifahı naminə Sizin siyasətinizi və təşəbbüslərinizi tam dəstəkləyir, rəhbərlik istedadınızı və müdrikliyinizi yüksək qiymətləndirir, Azərbaycanın tərəqqisi və sevimli ölkəmizin bütün dünyada nüfuzunun möhkəmlənməsi işində ümummilli lider Heydər Əliyev ideallarına və kursuna sədaqətinizə ehtiramla yanaşırlar.
Sizin qayğıkeş və uzaqgörən rəhbərliyinizlə Azərbaycan Respublikası gündən-günə güclənir və gözəlləşir. Sizin çox dəyərli ideyalarınız və gərgin əməyiniz sayəsində xalqımızın çoxəsrlik ənənələri ilə ən müasir texnologiyaların uzlaşdırılması Azərbaycanın simasını dəyişib, onu bütün dünyada həmvətənlərimiz üçün qürur mənbəyinə, digər millətlərin nümayəndələri üçün isə hörmət obyektinə çevirib.
İcazə verin, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə, tarixi Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlıların, planetimizin müxtəlif regionlarındakı həmvətənlər təşkilatlarının və birliklərinin dəstəklənməsinə misilsiz töhfənizə görə Sizə çox böyük minnətdarlığımı ifadə edim.
Primorye azərbaycanlıları Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycanın rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni-yeni uğurlar arzu edirlər".
XXX
“Qələbənin Varisləri” Beynəlxalq İttifaqının prezidenti Valeri Kalyakindən:
"Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz öz Vətəninizin əsl milli liderisiniz. Sizin bütün fəaliyyətiniz Azərbaycan xalqının rifahının və ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlib. Prezident seçkilərindəki inamlı qələbəniz Azərbaycan vətəndaşlarının Sizə sonsuz inamının sübutudur. Xalqınız ölkənin iqtisadi və siyasi inkişafını məhz Sizin fəaliyyətinizdə görür. Məhz Sizin siyasi iradəniz və müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası çətin və böhranlı vəziyyətlərdən ləyaqətlə çıxa bilib.
Hazırda dünya ölkələri arasında ictimai diplomatiyanın yeni formaları bərqərar olmaqdadır. Bu diplomatiyanın əsasında müasir dünyanın mədəni-sivil müxtəlifliyini əks etdirən dostluq, qarşılıqlı anlaşma, əməkdaşlıq, habelə tarixi-mədəni irsin qorunub saxlanması dayanır. Azərbaycan, Rusiya və digər ölkələr arasında xalq diplomatiyasının möhkəmlənməsinə şəxsi töhfənizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayırıq.
Əminik ki, dövlətlərarası ictimai diplomatiya çərçivəsində ənənəvi əməkdaşlığımız xalqlar dostluğunun möhkəmlənməsi və sülhün qorunub saxlanması naminə bundan sonra da inkişaf edəcəkdir".
XXX
Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:
"Çox hörmətli cənab Prezident, əziz İlham Heydər oğlu. Sizin yenidən Azərbaycan dövlətinin başçısı seçilməyinizi səmimi qəlbdən alqışlayıram. Zaman və xalq öz sözünü dedi: Siz Azərbaycanın milli liderisiniz! Azərbaycan xalqı dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tarixin sınağından çıxmış siyasi xəttinin layiqli davamçısı, Vətənin gələcəyi naminə yorulmadan çalışan, ölkəni inamla irəliyə aparan dövlət başçısı kimi yenidən Sizi seçdi.
Ali dövləti vəzifənizdə, məsuliyyətli işinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayıram.
Siz Azərbaycanın tərəqqisinin və rifahının qarantısınız".
XXX
Koreya Respublikasının Prezidenti Mun Ce-indən:
"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından ürəkdən təbrik edirəm. Yüksək səviyyəli liderliyinizin Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəyinə inanıram.
1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan sonra müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Ümid edirik ki, qarşılıqlı faydalı və işgüzar əməkdaşlığımızı Zati-alinizlə birlikdə gələcəkdə də genişləndirəcəyik.
Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə isə davamlı inkişaf arzulayıram".
XXX
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkodan:
"Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin inamlı qələbəniz daha güclü və gündən-günə inkişaf edən Azərbaycanın gələcəyi naminə yürütdüyünüz siyasi xətti seçicilərin yüksək səviyyədə dəstəklədiyini sübut etdi.
Sizin parlaq liderlik keyfiyyətləriniz, müdrik və uzaqgörən siyasi xadim nüfuzunuz doğma Vətənə bundan sonra da sədaqətlə xidmət edəcəyinizin təminatıdır.
Əminəm ki, Sankt-Peterburq ilə Azərbaycan arasında ənənəvi dostluğa və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq bundan sonra da dərinləşəcək və möhkəmlənəcəkdir.
2015-ci ilin oktyabrında Bakıdakı görüşümüzü məmnunluq hissi ilə xatırlayıram və səmərəli əlaqələrimizi bundan sonra da davam etdirməyə ürəkdən şad olaram.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, tükənməz enerji, yeni-yeni nailiyyətlər arzulayıram".
XXX
“Paris Azərbaycan Evi”nin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevadan:
"Hörmətli cənab Prezident. Aprelin 11-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz gələcəyinə səs verdi. Bu münasibətlə “Paris Azərbaycan Evi” Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərini çatdırır.
Azərbaycan xalqı respublikada gedən sürətli inkişafı və əldə olunan uğurları yüksək qiymətləndirdi. Seçkilərdəki inamlı qələbəniz xalqın Sizə bəslədiyi dərin etimad və yüksək nüfuzunuzun danılmaz etirafı, eləcə də xalqın rifahının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizə verilən layiqli qiymətdir.
Əminik ki, regionda sabitliyin qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın dövlət quruculuğu və rifahı naminə səylərinizi əsirgəməyəcək, sosial-iqtisadi inkişaf, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlər əldə edəcəksiniz.
Cənab Prezident, Sizə ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzulayır, yüksək hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirik".
XXX
Finlandiya Respublikasının Prezidenti Sauli Niinistödən:
"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Cənab Prezident, yüksək ehtiramımı qəbul edin".
XXX
Polşa Respublikasının Prezidenti Andjey Dudadan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.
Mən inanıram ki, Polşa ilə Azərbaycan arasındakı səmərəli əməkdaşlıq və dostluq münasibətləri dinamik inkişaf edərək ölkələrimizə və xalqlarımıza mühüm töhfə verəcək. Keçən ilin iyun ayında Polşaya səfəriniz sayəsində iki ölkə arasında əlaqələr ən yüksək səviyyədə yeni mərhələyə qədəm qoydu. Biz xüsusən də iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi vasitəsilə bu əlaqələri daha da genişləndirmək istərdik.
Əminəm ki, Sizin prezidentliyinizin yeni dönəmində Azərbaycan hərtərəfli inkişaf, həmçinin yeni strateji əməkdaşlıq razılaşması çərçivəsində Avropa İttifaqı ilə əlaqələrin genişlənməsi üçün əlavə imkanlar əldə edəcək. Ümidvaram ki, Azərbaycanın mühüm rol oynadığı bir neçə beynəlxalq infrastruktur və nəqliyyat layihələri regionun davamlı rifahını, təhlükəsizliyini və sabitliyini təmin edəcək.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində və uğurlu sosial-iqtisadi islahatların aparılmasında Sizə müvəffəqiyyətlər arzu edirəm".
XXX
Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlayndan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:
"Hörmətli cənab Prezident İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Seçkilərin nəticəsi ölkə vətəndaşları tərəfindən Sizin rəhbərliyinizə və nailiyyətlərinizə verilən qiymətin təcəssümüdür. Məsuliyyətli və səriştəli dövlət başçılarına xüsusilə bu gün, dünyanın üzləşdiyi böyük çətinliklər dövründə hədsiz ehtiyac var.
Zati-aliləri, Sizinlə Bakıda və Nyu-Yorkda keçirilmiş görüşlərimizi böyük məmnuniyyət hissi ilə xatırlayırıq və Sizinlə, hökumətinizin nümayəndələri və Azərbaycan xalqı ilə aramızda yaranmış sıx əməkdaşlığı yüksək qiymətləndiririk.
Bildiyiniz kimi, bizim Sizinlə və ölkənizlə xüsusi münasibətlərimiz var və bir çox mühüm məsələlərdə Sizinlə əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik.
Sizinlə ən qısa zamanda görüşməyə ümidvarıq və mövcud qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirməyi davam etdirmək istəyirik".
XXX
Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən:
"Möhtərəm cənab Prezident. Sizi aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız möhtəşəm və parlaq qələbə münasibətilə Azərbaycan-Yaponiya Dostluq Mərkəzi adından təbrik edir, doğma Azərbaycanımız naminə çoxşaxəli, genişmiqyaslı və cəsarətli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. Bu inamlı qələbə xalqımızın Sizə sonsuz etimadının və inamının ifadəsidir.
Sizin zəngin siyasi təcrübəniz, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə sədaqətiniz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün mühüm qürur mənbəyidir. Xalqımızın rifahının yaxşılaşmasına yönələn daxili siyasətiniz və müasir müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi istiqamətində balanslaşdırılmış xarici siyasətiniz doğma Azərbaycanımızın bundan sonra da çiçəklənəcəyinə, müasir dünyanın dövlətləri arasında layiqli yer tutacağına bizdə tam əminlik yaradır.
Hörmətli cənab Prezident, Sizin bu seçkilərdəki qələbəniz müsəlman Şərqinin ilk demokratik respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ən layiqli töhfədir.
Sizə möhkəm cansağlığı, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq".
XXX
Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən:
"Zati-aliləri cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xorvatiya Respublikasının xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Yeni Prezidentlik dövründə də ölkənizi tərəqqi yolu ilə irəli aparacağınıza əminəm.
Xorvatiya ilə Azərbaycan arasında münasibətlər xalqlarımızın mənafeyi naminə inkişaf etməkdədir. Bu baxımdan Sizin xalqlarımız arasındakı dost münasibətlərin gücləndirilməsinə şəxsi töhfənizə və qətiyyətinizə inanıram. Bu xoş fürsətdən istifadə edərək, mən qarşılıqlı münasibətlərimizin inkişafının təşviqi üçün əlimdən gələni etməkdə qərarlı olduğumu bildirmək istəyirəm.
Zati-aliləri, xahiş edirəm, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul edin".
XXX
“Beynəlxalq Kazak Akademiyası” Beynəlxalq İctimai Təşkilatının prezidenti, ordu generalı Mixail Yamnenkodan, Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının konsulu, Azərbaycan Kazaklar Birliyinin atamanı, kazak general-leytenantı Sergey Samuylovdan, Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının iqtisadi məsələlər üzrə müşaviri, “Beynəlxalq Kazak Akademiyası” vitse-prezidentinin müşaviri, general-leytenant Fikrət Vəliyevdən:
"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Ümidvarıq ki, yeni prezidentliyiniz dövründə Azərbaycanla Ukrayna arasında ümumi fundamental dəyərlərə və prinsiplərə, habelə qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan dostluq münasibətləri daha da dərinləşəcəkdir.
Regionda sabitlik və firavanlıq kimi ümumi məqsədlərə nail olunması, həmçinin Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının dəstəyi və yardımı ilə kazakların dirçəlişi yolunda fəaliyyətinizdə uğurlar diləyirik".
XXX
Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımovdan:
"Möhtərəm cənab Prezident. Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Avropada yaşayan və fəaliyyət göstərən Azərbaycan icmaları xalqımızın bu düzgün seçimini dəstəkləyir və məmnunluqlarını ifadə edirlər.
Rəhbərlik etdiyim Avropa Azərbaycanlıları Konqresi Azərbaycan hakimiyyətinin yürütdüyü daxili və xarici siyasəti bəyənir, ona hər zaman yüksək dəstək verir.
Biz – Avropa azərbaycanlıları tarixi vətənimizin bundan sonra da çiçəklənməsini, xalqımızın rifahının daha da yüksəlməsini arzulayır və Sizə bu çətin vəzifədə uğurlar diləyirik.
Sizə cansağlığı və bundan sonrakı prezidentlik dövrünüzdə müvəffəqiyyətlər arzu edirik".
XXX
ABŞ-ın Nevada Ştatı Assambleyasının sabiq spikeri və hazırkı üzvü Con Hembrikdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Sizin inamlı qələbəniz qeyri-sabit və dəyişkən bir regionda Azərbaycanı sabitlik, inkişaf və tərəqqi adasına çevirən uzaqgörən liderliyinizə Azərbaycan xalqının etimadının həqiqi göstəricisidir.
Mən, Azərbaycan ilə ABŞ arasında enerji təhlükəsizliyindən terrorizmlə mübarizəyə qədər müxtəlif istiqamətlərdə mövcud olan güclü tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirirəm. Təqdirəlayiq haldır ki, 2001-ci il sentyabrın 11-də baş vermiş mənfur terror aktlarından sonra Azərbaycan Əfqanıstanda terrorizmə qarşı keçirilən əməliyyatlar üçün öz hava məkanını və quru yollarını açaraq, həmçinin İraq və Balkanlarda olduğu kimi, Amerika hərbçiləri ilə çiyin-çiyinə döyüşmək məqsədilə öz əsgərlərini göndərərək, ABŞ-a qeyd-şərtsiz yardım göstərən ilk ölkələrdən biri olmuşdur.
Eyni zamanda, Azərbaycan tərəfindən ABŞ-ın, eləcə də Avropadakı müttəfiqlərimizin və İsrail dövlətinin enerji təhlükəsizliyinin gücləndirilməsinə verilən böyük töhfələri də alqışlayıram. Azərbaycanın əvəzolunmaz və həlledici rol oynadığı Cənub Enerji Dəhlizi bir çox Avropa ölkələrinin öz enerji mənbələrini şaxələndirərək enerji müstəqilliyinə nail olmalarına kömək edəcəkdir. Bu, ABŞ üçün də vacibdir.
Həmçinin münaqişələrlə əhatələnmiş çox mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın müsəlman, xristian və yəhudilərin dinc şəkildə birgə yaşadıqları uğurlu və beynəlxalq səviyyədə tanınan model yarada bilməsi və dinlərarası tolerantlıq və harmoniya sahəsində mayaka çevrilməsi faktını da yüksək qiymətləndirirəm.
Cənab Prezident, növbəti illərdə də Sizə və ölkənizə davamlı uğurlar və inkişaf arzu edirəm. Səmimi qəlbdən ümid edirəm ki, həyat yoldaşımla birgə ölkənizə bir daha səfər edə biləcəyəm".