...

Türkdilli ölkələrin vahid gömrük zonası yaradıla bilər (ÖZƏL)

Siyasət Materials 18 İyun 2018 18:00 (UTC +04:00)
Türkdilli ölkələrin vahid gömrük zonası yaradıla bilər.
Türkdilli ölkələrin vahid gömrük zonası yaradıla bilər (ÖZƏL)

Bakı. Fikrət Doluxanov - Trend:

Gələcəkdə türkdilli ölkələr üçün vahid gömrük zonasının yaradılması məsələsinə baxıla bilər.

Bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev deyib.

Səfir bildirib ki, Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olmasından sonra təkcə iqtisadiyyat deyil, təhsil, gənclər, idman və turizm sahələrində də bütün mümkün layihələrin reallaşdırılmasına imkan yaranacaq:

"Türkiyə Prezientinin Özbəkistana səfərindən sonra ölkə rəhbərliyi tərəfindən rəsmi Daşkəndin Türk Şurasının işində iştirakı barədə qərar qəbul olundu. Özbəkistanın Türk Şurasına üzv olması çox vacib hadisədir. Özbəkistan inkişaf dinamikası və əhalisinin sayına görə Şuranın işinə mühüm töhfə verəcək".

H.Quliyev qeyd edib ki, idxal rüsumu və kvota kimi ticarət maneələrinin azaldılması və tam aradan qaldırılması nəticəsində Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında beynəlxalq ticarətin həcmi arta bilər:

"Tariflərin azaldılması, öz növbəsində, Türk Şurasının təşəbbüsü ilə gömrük ittifaqının və ya azad ticarət zonasının yaradılması sayəsində, həmçinin praktikada geniş yayılmış beynəlxalq danışıqlar nəticəsində həyata keçirilə bilər".

Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2018-ci il aprelin 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları ilə bağlı bəyanatında ölkəsinin mənzil-qərargahı İstanbulda yerləşən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının işində iştirak etməyə başlayacağını bildirmişdi. Dövlət başçısı demişdi ki, Özbəkistan Bişkekdə Türk Şurasının növbəti iclasına qatılacaq.

Qeyd edək ki, müasir türk dövlətlərini birləşdirən Türk Şurası beynəlxalq təşkilatının əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Şura 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində yaradılıb.

Hazırda Şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti