...

Dövlət Komitəsinin nümayəndə heyəti TDƏŞ-ə üzv dövlətlərin iclasında iştirak edib (FOTO)

Siyasət Materials 9 Noyabr 2018 16:32 (UTC +04:00)
Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclası keçirilib.
Dövlət Komitəsinin nümayəndə heyəti TDƏŞ-ə üzv dövlətlərin iclasında iştirak edib (FOTO)

Bakı. Trend:

Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 3-cü iclası keçirilib. İclasda ölkəmizi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Komitədən Trend-ə verilən məlumata görə, TDƏŞ Baş katibi Bağdad Amreyev iclasın gündəliyində olan məsələlər barədə ümumi məlumat verib. İclasda türkdilli diasporların hazırkı vəziyyətinin və şuraya üzv dövlətlərin diaspor qurumları arasında güclü koordinasiya və əməkdaşlıq imkanları, Türk Şurasının "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və “2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı”nın qəbul edilməsi, Türk Şurasının II Diaspor Forumunun keçirilməsi, Türkdilli Diasporların Atlasının hazırlanması, Türk Şurasının diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin növbəti görüşünün vaxtı və yerinin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında geniş müzakirlər aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iclasda çıxış edərək, türk dünyasının birliyi ideyasının yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımların atıldığını diqqətə çatdırıb. Bu mənada türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xidmətlərini vurğulayaraq “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Biz bir millət, iki dövlətik” kəlamları bu böyük şəxsiyyətlərin türk dünyasının birliyinə nə qədər böyük önəm verdiyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq hər addımda soydaşlarımızın yanında güclü və müstəqil Azərbaycan dövlətinin olduğunu göstərməyə çalışırıq deyən Dövlət Komitəsinin sədri qeyd edib ki, türkdilli diasporların birgə fəaliyyəti daha uğurlu və səmərəli ola bilər.

F.Muradov qeyd edib ki, bir neçə dəfə Bakıda, Ankarada TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin toplantıları keçirilib, türkdilli dövlətlərin diasporlarının birgə fəaliyyətinin yekunları və gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası”nın qəbul edildiyini xatırladaraq, Özbəkistanın da Türk şurasına üzv olmasıyla bu birliyi daha da gücləndirəcəyini qeyd edib.

Fuad Muradov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diasporla iş üzrə nazirlik və qurum rəhbərlərinin 3-cü iclasında imzalanacaq "Türk Şurası Türkdilli Diasporların Birgə Fəaliyyət Strategiyası" və “2018-2019-cu illər üzrə türkdilli diasporların birgə fəaliyyət planı”ın türk dünyasının birliyinə, qarşılıqlı əlaqələrin inkişafına yeni məzmun verəcəyini, diaspor təşkilatların birgə fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcəyini bildirib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın sosial inkişaf naziri Darxan Kaletayev, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin rəhbəri Abdullah Eren və digərləri çıxış edərək toplantının və burada qəbul ediləcək qərarların əhəmiyyətini vurğuılayıblar.

Çıxışlardan sonra türkdilli diasporların hazırkı vəziyyəti və TDƏŞ-ə üzv dövlətlərin diaspor qurumları arasında güclü koordinasiya və əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Türk Şurasının II Diaspor Forumunun 2019-cu ildə Türkiyənin ev sahibliyi ilə Türkiyədə, TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 4-cü iclasının Qazaxıstanda keçirilməsi ilə bağlı razılıq əldə edilib. Həmçinin, qəbul olunmuş sənədlərdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə işçi qrupun yaradılması, qrupun ilk iclasının və Türk Şurası nəzdində fəaliyyət göstərən diasporla iş üzrə təmas qrupunun 5-ci iclasının 2019-cu ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

Türkiyə və Azərbaycanın diaspor sahəsində malik olduqları təcrübənin, Türk Şurasının digər üzv ölkələri ilə təcrübə mübadiləsi proqramı çərçivəsində bölüşməsi, bu çərçivədə, 2018-2019-cu illərdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə təcrübə-mübadilə proqramı çərçivəsində seminarların təşkili, beynəlxalq gənclər düşərgəsinin Qazaxıstanda təşkil olunması təşəbbüsü yekdilliklə qəbul olunub. Bununla yanaşı, 2019-cu ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın diaspor təşkilatları arasında birlik və həmrəylik hissinin artırılması üçün diaspor və vətəndaş cəmiyyəti nümayəndələri üçün birgə təlimlərin Türkiyə tərəfinin evsahibliyi ilə Almaniya və ya Fransada, Azərbaycan və Qırğıstanın birgə dəstəyi ilə Amerika Birləşmiş Ştatlarında təşkil edilməsi istiqamətində razılıq əldə edilib.

İclasda, eyni zamanda, türkdili diasporlar arasında əməkdaşlıq və koordinasiyanı gücləndirmək məqsədilə Türk Şurası nəzdində birgə onlayn diaspor portalının hazırlanması qərara alınıb. Tərəflər türkdilli dövlətlərin diasporları ilə bağlı geniş məlumat mübadiləsinin aparılması üçün Türk Şurasının Diaspor Atlasının hazırlanması və digər məsələlərlə bağlı müvafiq birgə razılığa gəliblər.

Səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi, Qazaxıstanın Vətəndaşlar Fondu və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Daha sonra Şuraya üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Türkiyə Prezidentinin köməkçisi Fuat Oktayla görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti