...

Ekspert: Seçici passivliyi Ermənistanda parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməyəcəyini aydın şəkildə göstərir

Siyasət Materials 9 Dekabr 2018 13:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Seçici passivliyi Ermənistanda növbədənkənar parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməyəcəyini aydın şəkildə göstərir. Bunu Trend-ə "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, Ermənistanda 9 dekabr parlament seçkilərinin azad, ədalətli və şəffaf qiymətləndirilməsinə imkan verməyən ciddi nüanslar səsvermənin ilk saatlarından özünü qabarıq şəkildə göstərməyə başlayıb: "Faktlar o qədər aşkardır ki, hətta indiki Ermənistan hakimiyyətinin ən təəssübkeş tərəfdarları da bəraətverici və ya əsaslandırıcı əks arqumentlər tapmaqda çətinlik çəkirlər. İlk saatlardan seçici passivliyi var, halbuki ənənəvi olaraq postsovet ölkələrdə seçicilər əsasən səhər saatlarında səsverməyə gəlir. Səsvermə anında seçicinin iradəsinə təsir göstərmək və yönəltmək faktları da qeydə alınıb. Rəqib düşərgə təmsilçilərinə psixoloji, hətta fiziki təzyiq xarakterli hərəkətlər müşahidə olunur. İlk faktlar hətta Ermənistan cəmiyyətinin özündə də seçkinin taleyinin artıq həll olunduğu və nəticələrin demokratik olmayacağı barədə real təsəvvür yaradıb. Ən parlaq qeyri-demokratik təzahür odur ki, bu seçki də Ermənistan cəmiyyətinin ümumiyyətlə seçki prosesinə itirilmiş inamını bərpa edə bilməyəcək".

Ekspert bildirib ki, qeyri-rəsmi xəbərlər Ermənistandakı bəzi beynəlxalq seçki müşahidəçilərinin də dərin məyusluq keçirdiklərini ifadə edir:

"Əslində şeçkidən əvvəlki aylarda baş vermiş bəzi proseslər səsvermənin məhz elə bu cür olacağını öncədən göstərirdi. Tək bir faktı qeyd etmək olar ki, Paşinyan hakimiyyəti Venesiya Komissiyasının xeyli dərəcədə demokratik seçki keçirməyə imkan verən yeni Seçki Məcəlləsini nümayişkaranə şəkildə rədd etmişdi. Elə o zaman belə bir rəy var idi ki, Paşinyanın demokratik seçki keçirmək istəyi olsaydı, bu məcəlləni rədd etməzdi. Bəs Ermənistanda ik saatlardan başlayaraq özünü göstərən qeyri-demokratik seçki əlamətləri nəyin nəticələridir? Əvvəla, Ermənistanda illərdir aparılan siyasətin nəticəsi olaraq gənc nəslin böyük hissəsi ölkəni tərk etdiyi üçün səsvermə subyektləri əsasən yaşlı adamlardan ibarətdir ki, onlar da səsverməyə o qədər həvəsli deyillər. İkincisi, Koçaryan və Sarkisyan hakimiyyətləri cəmiyyətin seçki prosesinə inamını o qədər öldürüb ki, onu asanlıqla bərpa etmək olmaz. Üçüncüsü, Paşinyan son 7 ayda xalqa verdiyi vədlərin heç birinə əməl edə bilmədiyi üçün xalq seçkinin nəyisə dəyişəcəyinə ümidli deyil. Dördüncüsü, seçkidən əvvəl əsas rəqiblərin həbs və digər repressiya üsulları ilə sıradan çıxarılması cəmiyyətdə məyusluq yaradan amillərdən birinə çevrildi və seçkinin bərabər rəqabət şəraitində keçməsinə imkan verə biləcək bütün şəraitləri öncədən məhv etdi. Beşincisi, Ermənistan cəmiyyəti ölkənin regional təcriddən çıxması üçün Paşinyanın çox şey edəcəyini və ilk növbədə Azərbaycanla daha konstruktiv Qarabağ siyasəti aparacağını gözləsə də, nəticədə bunu görə bilmədi. Nəhayət, son həftələrdə Azərbaycan diplomatiyasının Paşinyanın siyasi gedişlərini heçə endirən gedişlərinin də Ermənistan cəmiyyətinə ciddi təsirləri var".

A.Quliyev əlavə edib ki, bütün bu faktorlar Ermənistanda seçkinin nəticələrinə çox ciddi təsir göstərəcək: "Seçici passivliyi isə seçkinin azad, ədalətli və şəffaf keçirilməyəcəyini aydın şəkildə göstərir. Paşinyanın "demokratik seçki" oyunu ilə Ermənistanın təcavüzkar və işğalçı ölkə kimi zədələnmiş imicini bərpa etmək səyləri tam iflasa uğrayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti