...

Küveytdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 21 Yanvar 2019 09:45 (UTC +04:00)
20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə Azərbaycanın Küveytdəki səfirliyində bu ölkədə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizin, həmçinin Küveyt vətəndaşlarının iştirakı ilə anım mərasimi keçirilib.
Küveytdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə Azərbaycanın Küveytdəki səfirliyində bu ölkədə yaşayan, işləyən və təhsil alan həmvətənlərimizin, həmçinin Küveyt vətəndaşlarının iştirakı ilə anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə səfir Elxan Qəhrəman çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnikanın Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox rayonuna yeridildiyini, dinc əhalinin xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə divan tutulduğunu, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə silahsız insanın, o cümlədən yaşlılar, qadınlar və uşaqların qətlə yetirildiyini, yaralandığını, itkin düşdüyünü diqqətə çatdırıb. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunların təkcə paytaxtda 130-dan artıq mülki şəxsi amansızcasına öldürdüyü, 600-dən çox adamın yaralandığı, ölçüyəgəlməz dağıntılar törədildiyi barədə məlumat verib. Sovet imperiyasının bu cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək verdiyini, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımları baş verdiyini, torpaqlarımızın 20 faizinin zəbt edildiyini, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhalinin zorla qovulduğunu, bir milyondan çox soydaşımızın öz doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

Faciənin ertəsi günü ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etməsi, Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması xüsusi vurğulanıb. Eyni zamanda, hazırda Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşıldığı, onların ailələrinə xüsusi diqqət və qayğı göstərildiyi diqqətə çatdırılıb.

Tədbirdə 20 Yanvar, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bununla yanaşı, səfirliyin foyesində 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostend təşkil olunub, faciə haqqında film nümayiş etdirilib. Eyni zamanda, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanatları, habelə səfirliyin məlumatı Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.

Bununla yanaşı, bu ölkənin “Əl-Nahar” qəzetinin 18 yanvar, “Dasmannews” elektron qəzetinin 17 yanvar, eyni zamanda “Kuwait Press” elektron qəzeti, “Əl-Vasat”, “Əl-Cəridə” və “Əl-Qabas” qəzetlərinin 20 yanvar tarixli buraxılışlarında “Azərbaycanın Küveytdəki Səfirliyi tərəfindən 20 yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsi anıldı” və “Azərbaycan səfirliyi sovet təcavüzü nəticəsində həlak olmuş şəhidlərin xatirəsini andı” başlıqları altında səfir Elxan Qəhrəmanın məqalələri dərc edilib. Məqalələrdə 1990-cı ilin yanvar ayının 20-də keçmiş Sovet ordusunun əsgərləri və qüvvələri tərəfindən doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış Azərbaycan xalqına qarşı insanlıq əleyhinə qatı cinayətin törədildiyi, bu faciə ilə beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu, Bakı şəhərində xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər nəticəsində 137 nəfərin qətlə yetirildiyi, 700 nəfərdən çox insanın yaralandığı, 200 mənzilin dağıdılaraq yandırıldığı, 800-dən çox insanın qanunsuz həbs edildiyi qeyd olunub. Bildirilir ki, 20 Yanvar hadisələri zamanı şəhid olanların xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Yazılarda, həmçinin 1988-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistanın tərkibinə daxil edilməsi istiqamətində ciddi cəhdlər göstərdikləri vurğulanıb.

Bundan başqa, məqalələrdə erməni təcavüzünü pisləyən və erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən BMT və İƏT tərəfindən bir sıra qətnamələrin qəbul edildiyi bildirilərək, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması üçün ölkəmizin ədalətli mövqeyini və davamlı səylərini dəstəkləməyə çağırıldığı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti