Bakı. Elçin Mehdiyev - Trend:
Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov "Virtual müxalifət" adlı məqalə yazıb.
Trend məqaləni təqdim edir:
"Azərbaycanda son vaxtlar yeni müxalifət növünün formalaşması heç kimə sirr deyil. Qısa şəkildə onu "virtual müxalifət" adlandırmaq olar. Müxalifətin bu növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur. Qədimdən mövcud olan "virtual" sözü o şeyi ifadə edir ki, fiziki olaraq mövcud deyil və yalnız kompüter şəraitində, fantaziyalarda görünür.
"Virtual" sözü kimi Əli Kərimlinin müxalifətçiliyi də qədimdir, 30-dan çox yaşı var. Real müxalifətçiliyin bir fayda vermədiyini anladıqdan sonra virtual müxalifətçiliyə keçib.
Virtual müxalifət özlüyündə siyasi prosesin ciddi iştirakçısı deyil. Belə olanda sual yarana bilər ki, bəs niyə ona diqqət ayırmalı oluruq. Bax bunun səbəbi var. Əvvəla, bir neçə personalı çıxmaqla, virtual müxalifətin “nümayəndələri” kimi özünü təqdim edənlər əslində pərdə arxasındadır və buna görə də kimliyi bəlli deyil. Sosial şəbəkələrdə özünü Azərbaycan müxalifətçisi kimi təqdim edib “canfəşanlıq” göstərənlər tamamilə mümkündür ki, azərbaycanlı və Azərbaycan vətəndaşı olmasın. Sosial şəbəkələrin yaratdığı anonimlik şəraiti bunu tamamilə mümkün edir. Son vaxtlar ölkədə siyasi proseslərə xarici müdaxilələr barədə aparılan diskussiyalar müəyyən dərəcədə həm də bu deyilənlərlə əlaqədardır.
İkincisi, siyasi proses vətəndaşın şəxsi iştirakını nəzərdə tutur, çünki söhbət konkret insanın iradəsinin ifadə olunmasından gedir. Yenə də həmin anonimlik, uydurma adlardan istifadə edilməsi belə bir şərtin reallaşmasını qeyri-mümkün edir. Fikir bildirən kimdir, etiraz edən kimdir, çağırış edən kimdir - bilinmir. Məlum deyil heç belə bir insan varmı, yaxud bir nəfər müxalif qondarma adlarla neçə nəfər kimi özünü təqdim edir. Demokratiyanın fundamental tələblərindən olan “bir nəfər, bir səs” prinsipi sosial şəbəkələrdə beləcə ayaqlar altına atılır və nəticədə haqqında söhbət etdiyimiz "virtual" müxalifət yaranır.
Üçüncüsü, "virtual" müxalifət siyasi prosesin çirkabla, mənəviyyatsızlıqla doldurulmasına, mənəvi dəyərlərin tapdalanmasına unikal imkan yaradır. Sosial şəbəkələrdə müxalifətin təmsilçilərinin davranışı artıq nəinki hamıya bəllidir, hətta çox ciddi ictimai narazılıq yaratmağa başlayıb. Görünən odur ki, cəmiyyətdə nə qədər ciddi mədəniyyət qıtlığından, mənəvi çatışmazlıqdan əziyyət çəkən, adi tərbiyəsi olmayan varsa, hamısı virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib və mahiyyət etibarilə hakimiyyət iddiasında olan Əli Kərimlinin “kölgə hökumətini” təşkil edirlər. Təsəvvür edirsinizmi, kim daha pis tərbiyəsizlik edirsə, daha ağır söyüşlər söyürsə, o, gələcək "virtual" hakimiyyətdə daha yüksək vəzifələrə iddia edə biləcək. Lazımi təhsili, əxlaqı, mənəvi keyfiyyətləri olmayanlar, ancaq söyüş söyməyi, insanı təhqir etməyi bacaranlar və hakimiyyət iddiaçıları... Xatırlayırsınızsa, biz bu yolu bir dəfə keçmişik. 1992-1993-cü illərdə. Onda da bu yolla hakimiyyətə gələnlərin ən “parlaq” nümayəndələrindən biri məhz Əli Kərimli idi. Fərq bundadır ki, əvvəllər o, söyüş söyənlər komandasının sıravi üzvü idi, indi isə komandanın başında durur, tapşırıqlar verir.
Dördüncüsü, söyüş və təhqirlər "virtual" müxalifətin təkcə əxlaq məsələsi deyil. Söyüş söyməyi bacarmaq üçün əxlaqi keyfiyyətlərin çatışmazlığı mütləq şərtdir. Bununla belə, unudulmamalıdır ki, "virtual" müxalifətin söyüş və təhqirləri düşünülmüş taktukadır. Onlar anlayır ki, rəqabət apardıqları Yeni Azərbaycan Partiyasının yüksək tərbiyəsi, əxlaqı, mədəniyyəti ilə seçilən üzvlərinə qarşı intellektual yarışda qalib gəlmək imkanına malik deyillər. Ona görə də "virtual" müxalifətin ifasında siyasi-intellektual diskussiyaların yerini söyüş və təhqirlər tutur. Yəqin bir də ona ümid edirlər ki, mənəvi terror vasitəsilə Yeni Azərbaycan Partiyasının ləyaqətli insanlarını, gəncləri, oğlan və qızları çirkindirib mübarizə meydanında tək qalacaqlar. Ancaq başa düşə bilmirlər ki, bu mənəviyyat, bu əxlaqla, bu cür mübarizə forması ilə tamam tək qalıblar. Cəmiyyət onlardan üz döndərib.
Azərbaycan cəmiyyəti əxlaqi keyfiyyətləri yerində olmayan mənəvi terrorçuların və qaragüruhun hərəkətlərinə layiqli cavab verməyin yolunu yaxşı bilir. Belə olmasaydı, nə keçən əsrin 90-cı illərinin total böhranından, dövlətin iflasından xilas olmaq, nə də ölkəni qısa müddətdə bu qədər inkişaf etdirmək, müasirləşdirmək və gücləndirmək olardı".